Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1622/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı icarə müqaviləsinin ləğv edilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov küçəsi, ev 13, 19 saylı mənzilə dair Bakı şəhəri 1 saylı Notariat ofisində bağlanmış 3M-166 N-li İcarə müqaviləsinə xitam verilməsi, mənzilin məcburi qaydada cavabdehlərin hesabına boşaldılması və cavabdehlərdən 30000 manat məbləğində ödənilməmiş icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 26 mart 1997-ci il tarixində rəsmi olaraq nikaha daxil olmuşdur. Nikahları Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli müvafiq qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov küçəsi, ev 13, 19 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Onlar nikahda olan zaman keçmiş həyat yoldaşı Cavabdeh2 etibarnamə əsasında ona məxsus olan mənzili digər Cavabdeh1 icarəyə vermişdir. İcarə müddəti 1 il nəzərdə tutulmuşdur. Artıq 2 ildir ki, o, Cavabdeh2lə birgə nikah münasibətlərində deyillər və ümumilikdə birgə təsərrüfatla məşğul olmur. Eyni zamanda qeyd edilən müqavilənin bağlanması üçün verilmiş etibarnamənin müddəti də uzun müddətdir ki, bitmişdir. Ancaq buna baxmayaraq onun xəbəri olmadan icarə haqları Cavabdeh2 tərəfindən götürülmüşdür. Bu barədə digər Cavabdeh1 xəbərdarlıq edilmişdir ki, mənzil onun xüsusi mülkiyyətindədir və icarə haqları səlahiyyəti olmayan şəxsə verilməsin. Ancaq buna baxmayaraq cavabdeh onun iradına məhəl qoymamışdır. Bu azmış kimi icarə haqqı 250 manat kimi göstərilsə də, onda olan məlumata əsasən 1200 manat icarə haqqı ödənilmişdir ki, 4 il ərzində bu vəsait 60000 manat təşkil edir. Faktiki olaraq ona 60000 manat vəsait ödənilməli olduğu halda bu vəsait başqa şəxsə ödənilmişdir. Belə olan halda faktiki olaraq o, icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etsə də Cavabdeh1 faktiki öz öhdəliklərini icra etməmiş və icarə haqqını ona ödəməmişdir. Belə olan halda MM-nin tələblərinə əsasən icarə müqaviləsinə bir tərəfli qaydada xitam verilməli və icarə sahəsi ona məxsus olan əmlak məcburi qaydada cavabdehlərin hesabına boşaldılmalıdır. Eyni zamanda icarə haqlarının ödənilməməsi nəticəsində ona vurulmuş zərər də cavabdehlərdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, 2021-ci ildən etibarən Anarla müqavilə bağlamışdır. Pandemiya dövründə o çıxıb getmək istədikdə onu saxlayaraq qalıb işləməsini bildirmişdir. Ondan indiyə qədər əlavə heç bir pul almamışdır. 250 manat pul almışdır ki, bu da heç onun oturduğu evin pulunu ödəməmişdir. Əmlakın icarə haqqına görə ödəniş nəğd şəkildə aparılmışdır. İddiaçı onun keçmiş həyat yoldaşı olmuş, 5-6 ay əvvəl onunla ayrılmışlar. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, mübahisə predmeti olan əmlakla bağlı İddiaçı və Cavabdeh2 arasında ½ hissədə bölünmüşdür. Həmin əmlak birgə nikah dövründə əldə olunmuşdur. Mübahisə predmeti olan əmlak icarə müqaviləsi əsasında 250 manat icarayə verilmiş və hazırda müqavilə qüvvədədir. İcarə müqaviləsinə xitam verilməsinə etiraz edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34.7 kv.m olan xüsusi mülkiyyətin Cavabdeh1 icarəsinə verilməsinə dair bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmiş, onun bitməsinə 1 ay qalmış tərəflərin həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti 1 il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarə haqqı 250 manat təşkil edir. İş materiallarında olan DƏDRX tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətlərindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-492/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1997-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 icarə müqaviləsinin ləğvi barədə xəbərdarlıq edilmişdir. İddia tələbindən aydın olur ki, tərəflər arasında mübahisə, cavabdehin icarə haqqı borcunu ödəməməsi səbəbindən yaranmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh2 3 il müddətinə verilmiş etibarnamənin surətindən görünür ki, həmin etibarnamə həmçinin icarə haqqının alması səlahiyyətlərinin verilməsi haqqında olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin “əmlak kirayəsi” başlıqlı 33-cü fəslində yer alan 685.2-ci maddəsinə görə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinin ləğvini tələb etdiyindən, mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələbinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinin hazırkı məhkəmə iddiası çərçivəsində ləğvini istisna etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 700-cü maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, icarə haqqı borcunun ödənilməməsi səbəbindən icarə müqaviləsi məhkəmə qətnaməsi çıxarıldığı tarixdən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, qanunvericiliyin tələbinə görə müqavilənin ləğvi barədə razılaşma müqavilə ilə eyni formada bağlanmalı olduğu halda, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2-ci bəndində müqavilənin ləğv edilməsinin tərəflərin 1 ay qabaqdan təklif irəli sürülməsi həyata keçirilməsi qeyd edilsə də, icarəçiyə xx.xx.2024-cü il tarixdə müqavilənin 1 ay sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edildikdən sonra iddiaçı onun ləğvi üçün məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, xəbərdarlıq edildikdən sonra icarəçi müqavilənin ləğvinə dair razılığını yaxud imtinasını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.3-cü maddəsinə əsasən əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia təmin edilməklə icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərdən 30 000 manat məbləğinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə ddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 icarə müqaviləsi bağlanılan zaman nikahda olmuş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-492/2024 saylı qətnaməsi ilə pozulmuşdur. İcarə haqqı iddiaçının əri olaraq, eyni zamanda da icarə haqqını almaq səlahiyyəti verilmiş etibarnamə əsasında Cavabdeh2 tərəfindən alınmışdır. Bu hal digər Cavabdeh1 tərəfindən də təkzib edilməmiş, mülkiyyətçinin iddiaçı olmasını bilsə də icarə haqqının onun ərinə verilməsini etiraf etmişdir. Lakin, icarə haqqının müqavilədə 250 manat göstərilməsinə baxmayaraq 1200 manat verilməsini hər iki cavabdeh etiraf etməmiş, iddiaçı tərəfindən buna dair mötəbər sübutlar təqdim edilməməklə, gətirdiyi dəlillər yalnız şəxsi mülahizələrdən ibarət olmuşdur. Odur ki, tutulmalı olan icarə haqqı müqavilədə göstərilən məbləğdə-250 manatdan hesablanmalıdır. Məhkəmə icarə haqqının tutulmalı olan şəxs məsələsinə gəldikdə Cavabdeh2 tərəfindən icarəçinin icarə haqqını gecikdirmədiyini vaxtlı-vaxtında ödədiyini qeyd etməsini, İddiaçı ilə Cavabdeh2 arasında nikahın pozulmasını, onların birgə təsərrüfat aparmadıqlarını nəzərə alaraq, məbləğin Cavabdeh2 tutulmalı olması qənaətinə gəlir. Məhkəmə icarə haqqının tutulması müddətinə münasibətdə qeyd edir ki, həmin müddətin başlanğıcı tərəflərin ümumi birgə təsərrüfatın aparılmamasına dəlalət edən münasibətlərin pozulması məqamından hesablanmalı, yəni iddiaçının qarşı tərəfə mediasiya tətbiqi barədə təklifdən hesablanmalıdır. Belə ki, ilk öncə iddiaçının keçmiş ərinə icarə haqqını almaq səlahiyyəti verilən etibarnamənin xx.xx.2021-ci il tarixdə qüvvədən düşməsini əsas gətirərək pulların Cavabdeh2 tərəfindən mənimsənilməsini qeyd etsə də həmin dövrdə onlar birgə nikahda olmaqla birgə təsərrüfatı paylaşmışlar. Eyni zamanda iddiaçı artıq 2 ildir ki, Cavabdeh2lə birgə nikah münasibətlərində olmamaqla ümumilikdə birgə təsərrüfatla məşğul olmamalarını qeyd etsə də buna dair həmin müddətdə onların birgə yaxud ayrı yaşamaları iş materialları ilə müəyyən edilməməklə tələbin əsası kimi çıxış edə bilməz. İş materiallarından isə müəyyən edilir ki, İddiaçı nikahın pozulması tələbi ilə mediasiyanın tətbiqi barədə xx.xx.2023-cü il tarixdə qarşı tərəfə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir, Cavabdeh2 isə bu müddətdə icarə haqqını almağa davam etmişdir. Buna əsaslanaraq məhkəmə hesab edir ki, icarə haqqı xx.xx.2023 həmin tarixdən hesablanmaqla Cavabdeh2 tutulmalıdır. Məhkəmə icarə haqqının hansı həcmdə tutulmasına münasibətdə qeyd edir ki, icarə predmeti olan daşınmaz əmlakın birgə nikah dövründə əldə edildiyini, xx.xx.2023-cü il qədər daşınmaz əmlaka dair birgə təsərrüfatın aparıldığını, əmlaka dair tərəflərin ½ pay hüququnun olmasını nəzərə alaraq, iddiaçı münasibətlərin pozulması məqamından icarə müqaviləsi üzrə müəyyən edilmiş məbləğin yarısını tələb etmək hüququ vardır. Buna əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinək (19 ay) 4750 manat məbləğində hesablanmış icarə haqqının yarısının əvəzi olaraq cəmi 2375 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın “mənzilin məcburi qaydada cavabdehlərin hesabına boşaldılması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 34.7 kv/m olan xüsusi mülkiyyətdən çıxarılmaqla həmin mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinək icarə haqqının yarısının əvəzi olaraq cəmi 2375 manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 34.7 kv/m mənzildən çıxarılmaqla həmin mənzil boşaldılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1622/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1622/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver