Məhkəmə qərarları › İş №2(006)-2065/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2065/2025

16.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2065/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı "işə bərpa və sair " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə işə bərpa edilməyi, işə bərpa edilənədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirildiyi hər bir gün üçün 1% cərimənin ödənilməsi və mediasiya üçün xərcləri (60 AZN), 2900 AZN məbləğində işsiz qaldığı dövrdə aldığı borc məbləği, Sentyabr 2024-cü ildən etibarən aylıq ödədiyi 500 AZN və işə bərpa olunanadək aylıq olaraq ödəyəcəyi 500 AZN kirayə xərclərinin cəmi məbləği, Sentyabr 2024-cü ildən etibarən aylıq 270 AZN minimum yaşayış minimumu (2024), 2025 üzrə 305 AZN, 20.000 AZN məbləğində mənəvi ziyan məbləğində dəymiş ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Ali təhsillidir, Azərbaycan (Bakı) Dövlət Universitenin biologiya fakültəsinin məzunudur. 48 il əmək stajına malikdir. İlkin olaraq 3 il ASSR-nin Dövlət planlaşdırmasının nəznində olan İqdisadiyyat elmi-tədqiqat instutunda, 14 il Bakı Dövlət Universitetində və qalan 31 il Yasamal rayonu 52 saylı orta məktəbdə çalışmış və xx.xx.2024-cü il tarixədək həmin məktəbdə müəllimə və təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Bu müddətdə hər zaman nümunəvi və intizamlı olmaqla yanaşı, müxtəlif mükafat və təltiflər almışdır. Həmçinin dəfələrlə seçki komissiyalarında üzv və sədr vəzifəsində işləyib. Qeyd edir ki, 2023-cü ildə 65 yaşına çatmağı ilə əlaqədar onunla əmək müqaviləsi 1 il müddətinə uzadılmışdır. Lakin təəccüblü olsa da, növbəti il onunla əmək müqaviləsi hər hansı səbəb göstərilmədən uzadılmamışdır. Hərçənd ki, çalışdığı məktəbin bütün tədris hissə yükü onun üzərində olmuşdur. Zəruri olanda iş vaxtından artıq, istirahət və bayram günləri rəhbərliyin bütün tapşırıqlarına uyğun işləyirdi. Onun özü və uşaqları, bacı-qardaşları və onların uşaqları da bu məktəbdə oxuyublar. Prezident, Milli Məclis, bələdiyyə seçkiləri, referendum, ölkə əhalisinin siyahıya alınması və .s dövlət əhəmiyyətli layihələrdə hər zaman birbaşa aktiv iştirak etmişdir. Bütün məktəb kollektivi və şagirdlər onun işdən çıxarılmağına bu günə qədər inana bilmirlər. Çünki əvvəla o tam sağlam və əmək qabiliyyətli aktiv bir insandır, həm də onun bütün həyatı bu məktəblə bağlı olduğundan böyük hörmət və nüfuz sahibi olmuşdur. Ona görə də hər kəs bu qərarı haqsız sayır. O, illərini bu təhsil ocağına qurban vermişdir. Bu səbəblərə görə də o çox dərin psixoloji sarsıntı keçirir, bu günə qədər hər gecə ağlayır. Bəli, başa düşür ki, ömrünün sonunadək işləyə bilməz. Amma onun halında tam sağlam və təcrübəli, məktəbə təhsilə lazım olan kollektivdə və valideyn şagirdlərin böyük hörmət və rəğbətini qazanmış insanı səbəbsiz və əsassız işdən çıxarılması düzgün deyildir. Həmçinin maddi vəziyyəti ağır idi, böyük məbləğdə borcu vardır. Bakı Şəhər Təhsil İdarəsi müraciətləri də cavabsız qalmışdır. Məktəbin müdiriyyəti də bu məsələyə müəmma ilə yanaşdı. Nəticədə xx.xx.2024-cü il tarixdə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. Hərçənd ki, həmin tarixdə o məntəqə seçki komissiyasının sədri olaraq Milli Məclisə seçkilərlə məşğul idi. Cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə şikayət etmiş və X2 Xidmətin xx.xx.2024-cü il tarixli cavab məktubunda da görünür ki, şikayət araşdırılaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada şərti inzibati cərimə haqqında qərar qəbul olunmuşdur. Məktubda qeyd olunur ki, müddətsiz olsa da, əmək müqaviləsi qanunsuz olaraq ləğv olunmuşdur və habelə cavabdehdən tələb olunmuşdur ki, qanunsuz əmr ləğv olunaraq, pozuntu aradan qaldırılaraq onu işə bərpa olunmam təmin olunmalıdır. Lakin bu günədək bu tələb icra olunmamışdır. Onu da qeyd edir ki, müvafiq əmr əmək qanunvericiliyinə zidd olaraq həm də əsaslandırılmadan çıxarılmışdır. Onu da bir daha qeyd edir ki, heç bir əsaslandırma aparılmadan əmək münasibətlərində ayrı-seçkilik edilərək işdən uzaqlaşdırılmışdır. Məktəbdə başqa işçilər saxlanılsa da, belə ki, yalnız onunla əmək müqaviləsi uzadılmamışdır. Halbuki, məktəb, dövlət qarşısında xidmətləri və tam əmək qabiliyyətli olması, habelə ağır maddi vəziyyəti nəzərə alınmalı idi. Onu da qeyd edir ki, xx.xx.2024-çü il tarixli xitam əmri yuxarıdakı səbəblərdən başqa həm də ona görə qanunsuzdur ki, həmin vaxt o seçkidə idi. O uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Yaşamağa evi yoxdur, kirayələrdə qalmaq məcburiyyətindədir. Öz bacısı və başqa şəxslərdən borc götürmüşdür ki, yaşayış xərclərini və habelə banklara olan borcları ödəyə bilsin. Cavabdeh ilə onun tərəfdən birbaşa, DİM və Mediator tərəfindən dəfələrlə əlaqə yaradılsa da, qanunsuz əmrin ləğv olunması və işə bərpa olunması təmin olunmamışdır. Bir daha qeyd edir ki, o uzun müddətdir ki, 52 saylı məktəbə və təhsilə, ölkəsinə səmimi və sevgi ilə xidmət etmişdir. O həm də tanınmış xanəndə Bakir Həşimovun qızıdır. Qeyd edir ki, onun işdən çıxmağı ona çox böyük iztirab verib. Onun adı, nüfuzu ləkələnib. Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) müdir Anar Məmmədov ilə görüşməyə dəfələrlə cəhd etsə də, görüşə bilməmişdir. Mətbuatda da olan məlumata görə o bu vəzifədən azad edilib. Bəzi məlumatlara görə fəaliyyətində çoxsaylı neqativ hallarla bağlı şikayətlər olmuşdur. Daha sonra İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, həmçinin iddiada göstərilən digər tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi xx.xx.2025-ci il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 2001-ci ildən 2024-cü ilə qədər 52 nömrəli tam orta məktəbdə çalışmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı 65 yaşa çatmışdır (xx.xx.1959) və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Yəni İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixindən 25 avqust 2024-cü il tarixədək əmək məzuniyyətində olmuşdur və məzuniyyət müddəti bitdikdə onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1- 1285K/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin müddətdə İddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar məntəqə seçki komissiyasının tərkibinə cəlb edilmişdir və bu səbəbdən xx.xx.2024-cü il tarixli 3-29-59/3- 1-1285K/2024 nömrəli əmrinə dəyişiklik edilmişdir və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı şikayəti ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. İddiaçı isə mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixində göndərmişdir, məhkəməyə 10 fevral 2025-ci il tarixində müraciət etmişdir, yəni qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. a)Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - ИT № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixində 52 nömrəli məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixli Bakı şəhəri 52 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə Bakı şəhəri 52 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək uzadılması əmr edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə Bakı şəhəri 52 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. - 52 nömrəli tam orta məktəbin direktoru Qabil Nəsibova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-11-15/2-50/2024 saylı məktubdan görünür ki, direktoru Qabil Nəsibovdan Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən rəhbərlik etdiyi məktəbin əməkdaşları İddiaçı və digərlərinin əmək funksiyasının icrasından azad olunmalarına sərəncam verilməsi xahiş edilmişdir. -əmək müqaviləsi xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. - Bakı 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 24.014.2025-ci il tarixli, MŞB/6-00083 nömrəli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə 13:30-da keçirilən ilkin mediasiya sessiyasında Bakı şəhəri üzrə Təhsil İdarəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Mülki iş materiallarına İddiaçı məxsus fərmanlar, sertifikatlar və vəsiqə əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsininin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır; 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmə işin hallarına və iddia ərizəsinin dəlillərinə istinadən vurğulayır ki, İddiaçı xx.xx.2001-ci il tarixdən cavabdeh təşkilatda çalışmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı 65 yaşına çatsada onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmiş, əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri üzrə Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-1285K/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən İddiaçı müqaviləsinə xitam verilmiş, lakin həmin müddətdə iddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar məntəqə seçki komissiyasının tərkibinə cəlb edildiyindən, xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-1285K/2024 nömrəli əmrə dəyişiklik edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 6 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini, iddia edir və barəsində qəbul edilmiş əmrin ləğv edilməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə şikayət etmişdir, bu da iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasını bildiyini sübut etmişdir. İddiaçı tərəfindən mediasiya təşkilatına isə ümumiyyətlə, bu müraciətindən təxminən 3 ay sonra müraciət edilmişdir. Halbuki, iddiaçı artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əməkhaqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Bununla da İddiaçı bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərlə əsaslandırılması və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə təqdim olunmamışdır. (İddiaçı səhhətində problemlərinin olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.) Cavabdeh isə əksinə, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia tələbi “işə bərpa” hissəsində rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, əmək haqqının gecikdirildiyi hər bir gün üçün 1% cərimənin ödənilməsi, mediasiya üçün xərcləri (60 AZN), 2900 manat məbləğində işsiz qaldığı dövrdə aldığı borc məbləği, sentyabr 2024-cü ildən etibarən aylıq ödədiyi 500 manat və işə bərpa olunanadək aylıq olaraq ödəyəcəyi 500 manat kirayə xərclərinin cəmi məbləği, sentyabr 2024-cü ildən etibarən aylıq 270 manat minimum yaşayış minimumu (2024), 2025 üzrə 305 manat məbləğinin ona ödənilməsi” tələblərinin “işə bərpa” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərər ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver