Məhkəmə qərarları › İş №2(006)-211/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-211/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-211/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pulun tutulması, tələb üzrə tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılmaları» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pulun tutulması, tələb üzrə tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılmaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli İPK01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 11.468 ABŞ dolları 54 sent əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 27.02.2018-ci il tarixə 5.157 ABŞ dolları 56 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 884 ABŞ dolları 80 sent faiz olmaqla, cəmi 17.510 ABŞ dolları 90 sent pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi; tutmanın LPO İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış 27 fevral 2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 863 saylı reyestr kitabının 80314 saylı vərəqində qeydiyyata alınmış, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi; mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsi bağlanaraq borc alana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 21.800 ABŞ dolları məbləğində kredit verilmişdir. 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə bağlanmış 27 fevral 2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 863 nömrəli reyestr kitabının 80314 nömrəli vərəqində qeydiyyata alınmış, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeydiyyatdadırlar. 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsi üzrə hazırda cavabdehin banka olan əsas borcu 11.468 ABŞ dolları 54 sent; kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 27.02.2018-ci il tarixə 5.157 ABŞ dolları 56 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 884 ABŞ dolları 80 sent faiz olmaqla, cəmi 17.510 ABŞ dolları 90 sent təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən kredit üzrə faizlər krediti borcalana verildiyi gündən hesablanır və həmin vəsait kreditora tam ödənildiyi günə qədər hesablanır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə ipotekasaxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Məlumat üçün əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Beləliklə, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərlə birlikdə ipoteka qoyulmuş əmlaka, həmin əmlak kifayət etmədikdə, cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21.800 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli 2348 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27 fevral 2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 27 fevral 2018-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 14.804 ABŞ dolları 18 sent: Əsas borc üzrə 11.946 ABŞ dolları 90 sent; Faiz üzrə 2.857 ABŞ dolları 28 sent. 12 sentyabr 2019-cu il tarixə (iddia tarixinə (c.i.v - 10)) 12.888 ABŞ dolları 50 sent: Əsas borc üzrə 11.415 ABŞ dolları 44 sent; Faiz üzrə 553 ABŞ dolları 45 sent; Faiz (illik 5 %-lə) borcu üzrə 919 ABŞ dolları 61 sent. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 LPO İddiaçı ASCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 27.02.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilini banka ipotekaya qoymuşdur. Müqaviləsinin 3.2-ci bəndinə əsasən həmin mənzil 80.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. «xxxx» MMC-nin 02.10.2020-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən 44a nömrəli 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilinin hazırda bazar qiyməti 120.000 (yüz iyirmi min) manat təşkil edir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. «xxxx» MMC-nin 01 mart 2021-ci il tarixli Ç-040 saylı məktubundan görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı 02 sentyabr 2020-ci il tarixli 1297/20/ATRB saylı hesabat məhkəməyə təqdim olunmuşdur. Həmin hesabatda, lazımi araşdırmalar və hesablamalar aparılaraq, mənzilin bazar qiyməti müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli 2(006)-1292/2020 saylı qərardadın icrası ilə bağlı bildirilmişdir ki, ipoteka predmeti olan mənzilin hazırda likvid qiyməti 110.000 (yüz on min) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, LPO İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan LPO İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli İPK01 saylı kredit müqaviləsinə əsasən 11.415 ABŞ dolları 44 sent əsas borc, 553 ABŞ dolları 45 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 919 ABŞ dolları 61 sent faiz olmaqla, cəmi 12.888 ABŞ dolları 50 sent ödəniş anı Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli; tələb üzrə tutma Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005-də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 məxsus olan 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 110.000 (yüz on min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO İddiaçı ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASCyə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılmalı, həmin əmlak boşaldılmalı; qiymətləndirmə xərci olan 250 manat Cavabdeh1 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməli, ekspertiza xərci olan 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddia tələbi mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində əsassızdır. Hazırda bankın mənzili hərracda əldə edəcək mülkiyyətçiyə məxsus olan tələbləri irəli sürməyə subyektiv hüququ mövcud deyil. Bank ipotekasaxlayan olmaqla, mülkiyyətçi deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli İPK01 saylı kredit müqaviləsinə əsasən 11.415 ABŞ dolları 44 sent əsas borc, 553 ABŞ dolları 45 sent faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 919 ABŞ dolları 61 sent faiz olmaqla, cəmi 12.888 ABŞ dolları 50 sent ödəniş anı Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi məhəllə 3005də istifadədə olan 0,83178 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 məxsus olan 44a nömrəli evin 79,3 m2 ümumi sahəsi, 50,5 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 76 saylı mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 110.000 (yüz on min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılsın. Həmin əmlak boşaldılsın. Qiymətləndirmə xərci olan 250 manat Cavabdeh1 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Ekspertiza xərci olan 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar