Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2579/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini cəlb etməklə Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini cəlb etməklə Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4,6 sot torpaq sahəsi üzərində ümumi sahəsi 536,40 kv.m. olan fərdi yaşayış evi vardır və həmin fərdi yaşayış evinə iddiaçı 28.08.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış əldə etmişdir. İddiaçı uzun müddət öz ailəsi ilə həmin evdə yaşamış, hazırda da həmin evdə qeydiyyatdadır və artıq 02.11.2015-ci il tarixdən isə yoldaşı X3 adına «ŞƏMS» Körpələr Evi-Uşaq Bağçanı təsis edərək həmin fərdi yaşayış evində həmçinin adı çəkilən bağçada fəaliyyət göstərməyə başlamışdır. Həmin bağçanın rəhbərliyini iddiaçı özü həyata keçirirdi. Göründüyü kimi, iddiaçı zəruri ehtiyaclarını ödəmək və ailəsini təmin etmək üçün öz ailəsi ilə birlikdə özü üçün iddiaçının qanuni əsaslarla xüsusi mülkiyyətində olan fərdi yaşayış evində balaca bir qazanc yeri yaranmışdır. Qeyd olunan bağça qanunvericiliyin tələblərinə tam uyğun olaraq vergi orqanlarında uçota alınmış və lisenziya tələb olunan fəaliyyətlə məşğul olduğu üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müddətsiz olaraq məktəbəqədər təhsil müəssisələri fəaliyyəti üzrə lisenziya əldə etmişdir. Uşaq bağçasında hazırda təxminən 20 nəfər işçi çalışır. Bir sözlə qanunların tələblərini rəhbər tutaraq iddiaçı həmin fərdi yaşayış evində həm yaşayırdı, həm d əki uşaq bağçası kimi normal şəkildə fəaliyyət göstərirdi. Bir müddət əvvəl iddiaçının xüsusi mülkiyyəti olan bağçanın yanında Cavabdeh MTK çox mərtəbəli yaşayış binaları inşa etməyə başladı. Daha sonra Cavabdeh MTK tərəfindən iddiaçıya qarşı təzyiqlər başladı. MTK adından hər dəfə Bəxtiyar adlı şəxs iddiaçıya müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evini onlara satmalı olduğunu, satmadığı təqdirdə isə onu qanunsuz olaraq xüsusi mülkiyyəti olan evindən çıxardacağını və əmlakın əlindən alacağını bildirdi. İddiaçı MTK-nın təklifindən imtina edərək Bəxtiyar adlı nümayəndəsinə evini satmayacağını qeyd etdi. Eyni zamanda, MTK-nın Bəxtiyar adlı nümayəndəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin də onların inşa etdikləri MTK-nın layihəsinə daxil edildiyini və iddiaçının da evinin gec-tez söküləcəyini bildirmişdir. Daha sonra, Cavabdeh MTK məktubla iddiaçıya müraciət edərək guya AR Fövqəladə Hallar Nazirliyinin aktına əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin istismar müddətinin keçdiyini, mövcud tikinti qaydalarına, şəhərin ümumi görünüşünə və mövcud şəhərsalma tələblərinə cavab vermədiyindən tam qəzalı vəziyyətdə olduğunu bildirmiş, iddiaçının guya yaşayış şəraitini yaxşılaşdırılması məqsədi ilə tikiləcək yaşayış binasından onun yaşayış sahəsinə əlavə 20% nisbətinə qədər təmirli mənzilin verilməsi, həmçinin tikinti müddəti üçün yaşamaq üçün kirayə pulunun verilməsinin nəzərdə tutulduğunu göstərmiş və müqavilə bağlanması üçün MTK-nın ofisinə gəlməyini xahiş etmişdir. «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» AR Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarında göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi 5 il müddətində aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Lakin sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, «Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 2016-cı il 22 yanvar tarixli 8 nömrəli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında» AR Nazirlər Kabinetinin 17.12.2019-cu il 482 nömrəli Qərarla yuxarıda qeyd olunan Qərar ləğv edilmişdir. Sözügedən Qərarlardan görünür ki, bu Qərarların əhatə dairəsinə yalnız şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binaları və yararsız vəziyyətdə olan digər binalar, obyektlər aid edilir ki, hazırda isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi nə XİX əsrin sonları və ötən əsrin əvvəllərində deyil, XXİ əsrin əvvəllərində tikilmiş, nə yararsız vəziyyətdə deyil, nə də ki, yaşayış binası deyil, fərdi yşayış evidir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi təxminən 13 il əvvəl tikilmiş və hətta həmin evlə bağlı mülkiyyət hüququnu iddiaçı daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan 28.08.2019-cu il tarixdə keçirərək çıxarış almışdır. Digər tərəfdən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evin AR Fövqəladə Hallar Nazirliyi tərəfindən baxış keçirilmədiyi halda hansı qaydada iddiaçının fərdi yaşayış evinin yararsız vəziyyətdə olduğunun müəyyən edilməsi belə şübhə altındıdar. Cavabdeh MTK 2021-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 3-4 radələriində özlərini oğru kimi apararaq tikintidə istifadə etdikləri ekskavatorla iddiaçının fərdi yaşayış evinin ətrafında olan daş hasarının tikintiyə yaxın olan hissəsini qəsdən qanunsuz olaraq sökmüşdür. İddiaçı bundan xəbər tutduqda həmin yerə gedərək MTK-nın nümayəndəsi Bəxtiyar adlı şəxsdən bu nə özbaşınalıq etdiklərini soruşduqda, sonuncu ona bildirdi ki, guya bilərəkdən olmamış, ekskavator işləyərkən səhvən toxunmuşdur. Lakin iddiaçı təhlükəsizlik kameraların qeydə alındığı video-görüntülərə baxış keçirdikdə isə həmin daş hasarının qəsdən və bilərəkdən Cavabdeh MTK-ya məxsus ekskavator tərəfindən uçurduğunu gördü. Hətta videogörüntülərdən aydın görsənir ki, hasarı qəsdən uçurduqdan, yəni iddiaçının qanunsuz olaraq daşınmaz əmlakına ziyan vurduqdan sonra MTK-nın işçisi uçurulmuş hasarın üstünə çıxaraq hasarın küncündə olan kameranı çıxartmağa çalışırdı. Baş verən qanunsuzluqla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə, icra hakimiyyət orqanına, Fövqəladə Hallar Nazirliyinə, prokurorluq orqanlarına şikayət və ərizələr versə də, bu günədək heç bir qanunmüvafiq tədbirlər görülməyib. Yalnız Nəsimi rayon Prokurorluğunda hazırda müəyyən araşdırmalar aparılır. Göründüyü kimi, Cavabdeh MTK qanunsuz olaraq və qəsdən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına ziyan vurmuşdur ki, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, heç kəs mülkiyyətindən məhrum edilə bilməz və hətta qanunsuz tikilmiş bina və qurğular da yalnız məhkəmə qərarı əsasında sökülə bilər. Hazırki halda isə iddiaçıya məxsus olan fərdi yaşayış evi tam qanuni əsaslarla tikilmiş, lakin buna baxmayaraq iddiaçının razılığı alınmadan və məhkəmə qərarı olmadan iddiaçıya məxsus həmin fərdi yaşayış evinin daş hasarı qanunsuz olaraq sökülmüşdür. Bununla bağlı, iddiaçı ziyanın qiymətləndirilməsi ilə bağlı müvafiq mütəxəssisə müraciət etmiş və mütəxəssis tərəfindən təqdim edilən 16.02.2021-ci il tarixli rəyə əsasən vurulmuş zhiyan 4400,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının daşınmaz əmlakına vurulmuş 4400 manat məbləğində ziyan cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Hazırki işdə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 74 (54) ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması, Cavabdeh MTK tərəfindən evin daş hasarının qanunsuz şəkildə və bilərəkdən sökülməsi, bunun nəticəsində iddiaçının maddi zərərə düşməsi, qeyd olunan hasarın sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün 4400,0 manat məbləğində vəsaitin tələb olunması, MTK-nın qanunsuz söküntü aparmasını özündə əks etdirən video və foto görüntülər, mülkiyyətə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, habelə 16.02.2021-ci il tarixli mütəxəssis rəyi ilə təsdiq olunur. Cavabdeh MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin mənəvi ziyan dəymişdir ona görə ki, o mənəvi sarsıntı və iztirab keçirmişdir. Belə ki, iddiaçı ona məxsus olduğu fərdi yaşayış evində həmçinin bağça kimi fəaliyyət göstərir və pandemiya şəraiti ilə bağlı dayandırılmış uşaq bağçaların fəaliyyəti 15.02.2021-ci il tarixdən açılacağını nəzərə alaraq MTK tərəfindən yol verdiyi qanunsuz hərəkətləri nəticəsində fərdi yaşayış evinin daş hasarların yenidən tikilməsi və yaranmış qüsurların aradan qaldırılmasına müəyyən vaxt tələb edildiyi üçün 15.02.2021-ci il tarixə fərdi yaşayış evini uşaq bağçası üçün aça bilmədiyi üçün iddiaçı çox məyus olmuş və belə çıxılmaz hala düşməsi iddiaçı tərəfindən açığr mənəvi sarsıntı və iztirab keçirilməsinə səbəb olmuşdur. Hazırki işdə "xxxx" MTK-nın səlahiyyəti olmadığı halda qanunsuz şəkildə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin daş hasarının sökməsi, sonuncunun bu hərəkətlərin dayandırılması və düşdüyü məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara, o cümlədən məhkəməyə müvafiq etmək məcburiyyətində qalması, vurulmuş zərərin uzun müddət ərzində aradan qaldırılmaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. İddiaçının fərdi yaşayış evinin daş hasarının sökülməsi nəticəsində yaşadığı çətinliklər nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdeh MTK-dan iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tutulmalıdır. İddiaçıya dəymiş ziyanın əvəzini belə ödəmədən əlavə olaraq fərdi yaşayış evinin önündə qanunsuz olaraq cavabdeh MTK iddiaçının daşınmaz əmlakının yola baxan hissəsini dik taxta hasarlarla örtmüş və qanunsuz hərəkətlərin qarşısı almaq istədikdə isə iddiaçıya təzyiqlər göstərəcəklərini bildirmişdir. İddiaçı mülkiyyətində olan evin qarşısını nə üçün hasarla örtüklərini soruşduqda, ona tikinti qanunlarına görə tikinti ərazisi hasarlanmalı olduğu cavabını verdilər. Ən maraqlısı odur ki, necə olur ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakın hasarlarını cavabdeh MTK tərəfindən uçurmasına baxmayaraq yenə də qanunsuz hərəkətlərinin həyata keçirilməsini davam edirlər və hətta əmlakının qanunsuz olaraq yola çıxış tərəfini hasarla örtürlər. Bu qədər özbaşınalıq olarmı. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh MTK-nın bu cür qanunsuz hərəkətləri nəinki iddiaçının mülkiyyət hüququnu pozulmasına səbəb olur, həmçinin uşaq bağçasının xarici görünüşünün və reklam xarakterli şəkillərinin qarşısını almaqla onun fəaliyyətinə ciddi xələl gətirir. Çünki MTK-nın iddiaçının fərdi yaşayış evinin qarşısının örtməsi uşaq bağçasının söküləcəyi təsəffürünü yaradır və nəticə etibarı ilə uşaq bağçasının müştərisi olan bir çox valideynlər həmin bağçasın fəaliyyətinin dayandırmasını zədd edərək başqa bağçalara üz tutur ki, bununla da iddiaçı müştəri itkisinə məruz qalır və nəticədə ona külli miqdarda ziyan dəyir. Qeyd olunanlardan aydın olur ki, cavabdeh MTK nəinki iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlakına ziyan vurmuş, eyni zamanda sonuncunun konstitusion hüququ olan mülkiyyət hüququnun həyata keçirilməsini qanunsuz olaraq məhdudlaşdırmışdır ki, bunun da nəticəsi olaraq iddiaçıya vurulmuş ziyanın daha da artmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 4400 manat məbləğində maddi zərərin (kompensasiyanın), 5000 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mübahisələndirilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin məhkəmə izahat verərək bildirmişdir ki, hazırda cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka hər hansı müdaxilə artıq yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı özü qeyd etmişdir ki, əmlakına zərər vurulması ilə bağlı Nəsimi rayon Prokurorluğuna müraciət etmiş və hazırda araşdırmalar aparılır. Nəsimi rayon Prokurorluğu tərəfindən iddiaçının şikayəti ilə bağlı Cavabdeh MTKnın səlahiyyətli nümayəndəsinin izahatı alınmış və araşdırma nəticəsində hasarın X16 tərəfindən sökülməsi müəyyən edilmiş, bu barədə göstərişi isə Bəxtiyar Cəfərovun özbaşına verilməsi, MTK-nın vəzifəli şəxslərdən heç kimin Bəxtiyar Cəfərova göstəriş verilmədiyi müəyyən olunmuşdur. Nəsimi rayon Prokurorluğunun 19.03.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə X2 barəsində AR İXM-nin 232- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilməsi qərar verilmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-1037/2021 saylı, 08.05.2021-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində - 3.532 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan da müəyyən olunur ki, Cavabdeh MTK-da nəzarətçi vəzifəsində işləyən X2 göstərişi əsasında usta X4 İbrahimovaya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 54 ünvanında yerləşən «Şəms» uşaq bağçası-körpələr evinin hasarının bir hissəsini ekskavatorla dağıtmış, bundan sonra M.Əliyev 27.01.2021-ci il tarixdə, saat 13.30 radələrində ünvan 2 ünvanda olan hasarı sökərkən İddiaçı məxsus hasarın bir hissəsini yenidən dağıtmış və videomüşahidə kmmerasını yararsız hala salaraq sonuncuya ümumilikdə 3.432 manat məbləğində ziyan vurmaqla özgənin əmlakı qəsdən məhv edib zədələmişdir. İddiaçı iddia ərizəsində də hasarın sökülməsi ilə bağlı Bəxtiyar adlı şəxsi göstərmişdir. X5 ilə Cavabdeh MTK arasında bağlanmış 13 saylı əmək müqaviləsinə əsasən Bəxtiyar Cəfərovun əmək funksiyalarına – pilot layihədə sökülməsi nəzərdə tutulan obyektlərin sahibləri ilə danışıqların aparılması, sahədə, istehsalatda tapşırıqların yerinə yetirilməsi, əmək məhsuldarlığının artırılması, işə vaxtında gəlmək, nizam intizama nəzarət etmək, cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi daxildir. Nəsimi rayon Prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hasar usta X16 tərəfindən sökülmüşdür. X16 Cavabdeh MTK-da işləmir və heç bir əmək münasibətləri yoxdur. M.Əliyev usta kimi sahibkar X8 işçisidir. X16 mübahisəli hasarı AZ 90 E 796 dövlət qeydiyyat nişanlı JSB JS220S markalı ekskavator ilə sökmüşdür. Həmin ekskavatorun mülkiyyətçisi X10r, o, qohumu X11 istifadə məqsədi ilə həmin ekskavatoru vermiş və ekskavatorun faktiki sahibi X12r. H.Səfərov söküntü işlərinin aparılması üçün ekskavatoru öz işçisi usta X13 vermişdir. Hesab edirlər ki, iddiaçıya dəymiş zərər görə məsuliyyəti Mülki Məcəooənin 1108.1-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin sahibi, yəni ekskavatorun mülkiyyətçisi X17 və ekskavatorun icarəçisi X18 daşımalıdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd olunması barədə qətnamə qəbül edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.08.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvan: ev 74 (Yeni qaydalarla: AZ1007, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********* qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 5 ünvan: ünvan 6.m., yaşayış sahəsi 315,1 kv.m., köməkçi sahəsi 119 kv.m. olan 16 otaqdan ibarətdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 31.08.2016-cı il tarixli, 091492 nömrəli lisenziyanın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində,ev 54 ünvanında yerləşən «Şəms» körpələr eviuşaq bağçasına (VÖEN **********) lisenziya verilmişdir. İş materiallarında olan İddiaçı sifarişi əsasında "xxxx" MMC-nin 11.02.2021-ci il tarixli dəymiş zərərin müəyyənləşdirilməsi barədə hesabatından görünür ki, İddiaçı məxsus ünvan 8 ünvan: ev 74 (Yeni qaydalarla: AZ1007, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (faktiki olaraq «Şəms» uşaq bağçası) dəymiş zərərin məbləği 4400 manat müəyyən edilmişdir. İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 22.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına əsasən «pilot layihə» çərçivəsində İddiaçı da sakini olduğu Nəsimi rayonu, Abbas Səhhət, Xan Şuşinski, Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən yaşayış evinin yerləşdiyi ərazidə yeni hündürmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Belə ki, bu barədə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı, həmçinin Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş digər aidiyyatı orqanların rəsmi icazələri mövcuddur. Həmçinin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq aktına əsasən İddiaçı yaşadığı Nəsibbəy Yusifbəyli küçəsi, 54 saylı yaşayış evi həmin ərazidə yerləşən digər yaşayış evləri kimi istismar müddəti keçmiş, mövcud tikinti norma və qaydalara, şəhərin ümumi görünüşünə və mövcud şəhərsalma tələblərinə cavab verməyərək tam qəzalı vəziyyətdədir. Şirkət tərəfindən mövcud normativ aktlara, o cümlədən Nazirlər Kabinetinin yuxarıda göstərilən 86 saylı sərəncamına əsasən İddiaçı yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə həmin ərazidə tikiləcək yaşayış binasının İ.brahimovaya yaşayış evinin tikili sahəsinə əlavə 20% nisbətinə qədər təmirli mənzilin verilməsi, həmçinin tikinti müddəti ərzində ona yaşamaq üçün kirayə pulunun verilməsi nəzərdə tutulmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq şirkətlə müqavilə bağlanılması üçün tikinti işlərini həyata keçirən Cavabdeh MTK-nın yerləşdiyi ofisə qısa müddət ərzində gəlməsi xahiş olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən Cavabdeh MTK-yə, surəti ünvan 9 ünvanlanmış 04.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, Baakı şəhəri, ünvan 10 ünvanda yaşayan vətəndaş Şahin Qasımzadənin MTK tərəfindən aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması barədə Agentliyə 25.01.2021-ci il tarixli müraciəti mütəxəssisləri tərəfindən araşdırılmış və müraciətdə göstərilən faktlar təsdiqini tapmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 21.10.2016-cı il tarixli 196 nömrəli sərəncamının tələblərinə uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmyaraq, MTK tərəfindən ərazidə olan yaşayış binalarının sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan tikinti işlərinə başlanmışdır ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamının 2.2 bəndinin tələblərini qısa müddətə yerinə yetirilməsi MTK-ya tapşırılır. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlərin tətbiq edilməsi həyata keçiriləcəkdir. İş üzrə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 196 saylı, 21.10.2016-cı il tarixli sərəncamın surətindən görünür ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25.02.2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq Cavabdeh MTK Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 12.10.2016-cı il tarixli, 05/05-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmişdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış 25.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində Cavabdeh MTK tərəfindən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binaları üçün "xxxx" MMC tərəfindən hazırlanmış memarlıqplanlaşdırma bölməsinə münasibət bildirilməsi barədə 15.11 2019-cu il tarixli, 1/2223 nömrəli müraciətinə Azəraycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirirlər ki, sözügedən ərazi üçün təqdim olunmuş şəhərsalma əsaslandırılması layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 08.11.2019-cu il tarixli, 02/07-6456 nömrəli məktubu ilə razılaşdırılmışdır. Bununla əlaqədar olaraq təqdim edilmiş memarlıq-planlaşdırma bölməsinə dair irad və təklifləri yoxdur. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun baş konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-İnşaat Şöbəsinin konstruksiya sektorunun mühəndisi Ana Vahid tərəfindən tərtib olunmuş ünvan 12 ünvanlarında yerləşən, istismar müddətli keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında 19.06.2017-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin 10.11.2016-cı il tarixli, 34/10256 nömrəli tapşırığına əsasən ünvan 13 ünvanlarında yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirmişdir. Baxış keçirən ərazi 2 ədəd 2 mərtəbəli, 13 ədəd 1 mərtəbəli yaşayış evindən ibarətdir. Ərazidə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam və mərtəbəarası örtükləri ağac konstruksiyasından inşa edilmişdir. Yaşayış evlərinin əsas və köməkçi yükdaşıyan divarlarında keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması,tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. İş üzrə Nəsimi rayon prokurorluğunun 19.03.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən göirünür ki, 20.01.2021-ci il tarixdə gecə saat 03 radələrində Cavabdeh MTK-da nəzarətçi vəzifəsində işləyən X2 göstərişi Cavabdeh MTK-da usta vəzifəsində işləyən X1 İradə Novruz qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli 54 ünvanında yerləşən «Şəms» uşaq bağçası körpələr evinin hasarının bir hissəsini ekskavatorla dağıtmış, bundan başqa Mehman Əliyev 27.01.2021-ci il tarixdə saat 13.30 radələrində Bakı şəhəri Nəsimi rayonu, A.Səhhət 51 ünvandakı hasarı sökərkən İddiaçı məxsus hasarın bir hissəsini yenidən dağıtmış və videomüşahidə kamerasını yararsız hala salaraq İddiaçı ümumilikdə «divarın hörülməsi və aralarında daşın tökülməsi 246 manat, maşır daşı 443 manat, daş qırıntıları 32 manat, sement 72 manat, qum 50 manat, divarın suvanması və elektrik xətlərinin çəkilməsi 300 manat, taxta məhəccərin quraşdırılması 150 manat, əlavə və nəqliyyat xərcləri 50 manat, süni ot örtüyü orta istismar-intensiv parametrlərinə uyğun olaraq 210 manat, palma ağacları 200 manat, təbii qazon 49 manat, təbii qızılgül kolları 20 manat, «Nexusccn» markalı videomüşahidə kamerası 40 manat, divara rəsmlərin çəkilməsi üçün 1200 manat və uşaq yelləncəyinin təmiri üçün 100 manat» olmaqla 3532 manat məbləğində ziyan vurulmuşdur. Törədilmiş əməl nəticəsində İddiaçı ümumilikdə 3532 manat ziyan vurulduğundan, X5 və X9 əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə də cinayət təqibinin başlanması rədd edilməlidir. Lakin, AR İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduğu, yəni 5000 manatdan aşağı məbləğ olduqda həmin maddə ilə inzibati məsuliyyət yarandığından, eləcə də Mehman Əliyevin hasarın sökülməsi barədə göstəriş Bəxtiyar Cəfərov tərəfindən verildiyindən, sonuncu barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsini baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilməlidir. Göstərilənləri nəzərə alaraq material üzrə cinayət işinin başlanması rədd edilməsi, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsini baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. İş üzrə Nəsimi rayon Məhkəməsinin 3(006)-1037/2021 saylı, 08.05.2021-ci il tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində – 3.532 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 54 ünvanında aparılmış söküntü və tikinti işləri ilə əlaqədar İddiaçı mülkiyyətində olan əmlaka 4400 manat məbləğində ziyan dəymişdir. Hazırda iddiaçı cavabdehdən maddi və mənəvi ziyanın əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə ziyanı cavabdeh şirkət tərəfindən deyil, ekskovatorun sürücüsü tərəfindən edildiyini qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, ekskovatorun sürücüsü X16 olmuş və 19 mart 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarındakı izahatında bildirmişdir ki, o qeyd olunan hasarı X2 göstərişi əsasında sökmüşdür. X5 isə cavabdehin işçisi olaraq nəzarətçi vəzifəsində çalışmışdır. Qeyd olunan qərarda Bəxtiyar Cəfərovda izahat verərək göstərişi özünün verdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunan hallardan və məhkəmə iclasında baxış keçirilmiş video diskdən aydın olur ki, iddiaçının mülkiyyətində olan (texniki pasporta və mülkiyyəti təsdiq edən akta əsasən) hasarı cavabdehin işçisinin gəstərişi əsasında gecə saatlarında sökülmüşdür. 19 mart 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda mübahisələndirilməmişdir. Məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçı tərəfindən müstəqil qiymətləndirmənin nəticəsi olaraq , həmdə 19 mart 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında prokurorluq orqanı tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi müəyyən edilmişdir. Hər iki rəylərdə iddiaçının iddia etdiyi məbləğə uyğun qiymət müəyyən edildiyindən, yenidən prosessual qənaət prinsipini nəzərə almaqla qiymətləndirmənin keçirilməsinə zərurət qalmamışdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə mütəxəssis rəylərini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi 4400 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində təmin edilməli və cavabdehdən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 54 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi,ev 74) saylı fərdi yaşayış evinin hasarın sökülərək məhv edilməsinə görə 4400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mülkiyyət hüquqlarına bir başa gecə saatlarında müdaxilə olduğundan 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə iddianın digər tələb hissəsi olan cavabdehə mülkiyyət hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı sonuncu məhkəmə iclasında hal-hazırda belə bir müdaxilənin davam etməməsini qeyd etdiyindən prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırlma aparılmadan iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 54 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi,ev 74) saylı fərdi yaşayış evinin hasarın sökülərək məhv edilməsinə görə 4400 (dörd min dörd yüz) manat, vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4930 (dörd min doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 54 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi,ev 74) saylı fərdi yaşayış evinin hasarın sökülərək məhv edilməsinə görə 4400 (dörd min dörd yüz) manat, vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4930 (dörd min doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2579/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2579/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver