Məhkəmə qərarları › İş №2(006)-2748/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2748/2022

29.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2748/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı A.S.A.in cavabdeh BBB-na qarşı “girova xitam verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı A.S.A. cavabdeh BBB-na qarşı “girova xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 133AF4 nömrəli, 31 oktyabr 2006-cı il tarixli girov müqaviləsi üzrə A.S.A.in "xxxx" ASC-də PR66861 hesab nömrəsi olan 209680 ədəd adi adlı səhmlər üzərində olan girova xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsi imzalamağa hüququ olmayan həm iddiaçının nümayəndəsi Nümayəndə, həm də iddiaçının vəkili Vəkil tərəfindən imzalanmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarında olan, iddiaçı A.S.A. tərəfindən Nümayəndə verilən ƏN-İ №768124 saylı etibarnamədə etibar edilən şəxsin iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi göstərilməmişdir. Eyni zamanda, iddiaçının vəkili Vəkil isə iddiaçı tərəfindən iddia ərizəsini imzalamaq üçün səlahiyyəti rəsmiləşdirilmiş etibarnamə verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxslər tərəfindən imzalandığından, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 74.2, 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı A.S.A.in cavabdeh BBB-na qarşı “girova xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar