Məhkəmə qərarları › İş №2(006)-3003/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3003/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3003/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Sadiq oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət dövründə xəsarət almağı ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat dövlət icbari şəxsi sığorta məbləğinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, İddiaçı Sadiq oğlunun iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə İddiaçı Sadiq oğluna hazırki iddia ərizəsi ilə bağlı izah edir ki, o, iddia ərizəsində qeyd etdiyi məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməlidir. Əgər həmin orqan onun xahişini müsbət həll etməzsə, onda bu zamanı iddiaçı həmin cavabdehə qarşı “dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edə bilər. Yəni onun müraciətinə rəsmi şəkildə imtina cavabı verildikdən sonra məhkəməyə iddia ərizəsi təqdim edilməli olduğu halda bu qaydaya iddiaçı tərəfindən hazırda əməl olunmamışdır. Məhkəmə hesab edir ki, yaranmış mübahisəyə hazırki mərhələdə məhkəmə qaydasında baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar