Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3496/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 10.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********58099 olan “İPhone Xs Max” markalı telefon üçün 1590 manat ödənilməmiş hissə, 159 manat cərimə, ümumilikdə 1749 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1779 manat, Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 10.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********58099 olan iPhone Xs Max markalı telefon almış və nəticədə 1749 (min yeddi yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2996 manat (iki min doqquz yüz doxsan altı) (yəni 9 ay x 244 manat + 800 manat ilkin ödəniş), İMEİ Kodu **********58099 olan İPhone Xs Max markalı telefon üçün ümumilikdə 1749 (min yeddi yüz qırx doqquz) olmaqla ondan 1590 (min beş yüz doxsan) manat ödənilməmiş hissə, 512 (beş yüz on iki) manat cərimə pulu (210 gün x 2.44 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 159 (yüz əlli doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1406 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş 28.04.2021-ci il tarixində cavabdehə çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 10.06.2019-cu il tarixdə ümumilikdə dəyəri 2996 manat təşkil edən “İPhone Xs Max” markalı telefonun hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair 00715388 nömrəli müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış 10.06.2019-cu il tarixli əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 159 manat təşkil edir. 10.06.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00715388 nömrəli müqaviləyə əsasən “İPhone Xs Max” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 06.12.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair müqaviləsiə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 05.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu müqavilə üzrə cavabdehə 1590 manat əsas borc, 159 manat cərimə borcu, cəmi 1749 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 10.06.2019-cu il tarixli müqavilə üzrə 159 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yaranmış əsas borc üzrə 1590 manat, cərimə borcu üzrə 159 manat, ümumilikdə 1749 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1590 manat, cərimə borcu üzrə 159 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3496/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3496/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver