Məhkəmə qərarları › İş №2(006)-3616/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3616/2021

14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3616/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə (direktor Mehmood Nasir) qarşı «əmək müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin (direktor Mehmood Nasir) onun adına rəsmiləşdirdiyi 01.11.2019-cu il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və əmək müqaviləsinin yaratdığı hüquqi nəticələrin (əmək müqaviləsi üzrə aparılmış qeydiyyatın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı vəsatəti təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ikinci cavabdeh, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində özünə də məlum olmayan səbəblərdən Cavabdeh1 MMC iddiaçını öz şirkətinə 01.11.2019-cu il tarixli əmək müqaviləsi əsasında müddətsiz olaraq «menecer» vəzifəsinə təyin etmiş və bununla bağlı aidiyyatı üzrə qurumda qeydiyyat aparılmışdır. İddiaçı 2021-ci ilin fevral ayında işə düzələrkən onun nəzərinə sözügedən cavabdeh orqanda menecer vəzifəsi üzrə əmək müqaviləsinin olması və bununla bağlı işdən azad etmənin olmadığı üçün işə götürməyin mümkün olmadığı çatdırılmışdır. Göründüyü kimi, sözügedən əmək müqaviləsi formal xarakter daşıyır və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Həmin əmək müqaviləsi bağlandığı təqdirdə yalan və uydurma əqddir. Onun etibarsız sayılması və ləğv edilməsi mütləq və zəruridir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 MMC-nin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı adına aidiyyatı sistemə 01 noyabr 2019-cu il tarixdə daxil edilmiş xxxxxxx000200 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi vardır (aktiv əmək müqaviləsi vardır). Bildiriş məlumatlarında əmək müqaviləsinin İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlandığı, MMC-nin baş direktorunun Cavabdeh2 olduğu, sonuncunun müvəqqəti yaşama icazəsi ilə ölkəmizdə olduğu, iddiaçının müddətsiz olaraq MMC-yə aylıq 255 manat əmək haqqı ilə menecer vəzifəsinə qəbul edilməsi qeyd olunur. Cavabdeh1 MMC kommersiya qurumu kimi 16.07.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 Pakistan İslam Respublikasının vətəndaşı olmaqla, sonuncu dəfə etibarlılıq müddəti 07.02.2020-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanda qeydiyyata alınmışdır. Cavabdeh2 İAMAS məlumat bazısındakı qeydlərə görə 01.07.2019-cu il tarixdə Ölkəmizə gəlmiş, 04.11.2019-cu il tarixdə Ölkəni tərk etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı onunla əmək müqaviləsi bağlanmasından xəbərsiz olduğunu bildirir və qeyd edir ki, hazırda real olaraq işə düzəlmək və əmək müqaviləsi bağlamaq istəsə də, bunu həyata keçirə bilmir, çünki adına aktiv əmək müqaviləsi var. Müqavilənin ləğv edilməsi üçün müraciət ediləsi şəxs Azərbaycan Respublikasında olmamaqla, onunla heç bir əlaqəsi, tanışlığı yoxdur. İşin faktiki hallarından göründüyü kimi, əmək müqaviləsi formal olaraq bağlanmışdır, iddiaçının iradəsinin ziddinə bağlanmışdır, real əmək müqaviləsi deyildir, əmək müqaviləsini bağlayan cavabdeh tərəfin iddiaçını işə götürmək, ona əmək haqqı vermək, əmək haqqından müvafiq tutulmalar apararaq vergi və digər orqanlara ödəmək, iddiaçının Konstitusiyada və Əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək fəaliyyəti ilə bağlı hüquqlarını təmin etmək kimi niyyəti olmamışdır. Əmək müqaviləsi özü-özlüyündə etibarsızdır. Hazırda, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində xitam verilməmişdir. Bu isə iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır, iddiaçı real olaraq digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşin faktiki hallarından göründüyü kimi, əmək müqaviləsi iddiaçının iradəsinin ziddinə, bundan xəbəri olmadan bağlanmış, əqdlərin bağlanmasına dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir və mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işə götürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC (direktor Mehmood Nasir) arasında bağlanmış 01.11.2019-cu il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi etibarsız hesab edilərək ləğv edilməli, qeyd olunan əmək müqaviləsinin yaratdığı hüquqi nəticələr (əmək müqaviləsi üzrə aparılmış qeydiyyat) ləğv edilməli və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC (direktor Mehmood Nasir) arasında bağlanmış 01.11.2019-cu il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi etibarsız hesab edilərək ləğv edilsin. Qeyd olunan əmək müqaviləsinin yaratdığı hüquqi nəticələr (əmək müqaviləsi üzrə aparılmış qeydiyyat) ləğv edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar