Məhkəmə qərarları › İş №2(006)-3759/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3759/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3759/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilməsi, 15 iyun 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28.04.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub, iddiaçı Əliverdiyeva (Qocayeva) Kəmalə Şükür qızının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 12 avqust 2005-ci il tarixdə rəsmi nikahla İddiaçı ilə ailə qurmuşdur və birgə nikahlarından 15 iyun 2006-ci il təvəllüdlü qızı X2 anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3498/2013 saylı 12 dekabr 2013-cü il tarixli qətnaməsi ilə 12 dekabr 2013-cü il tarixdən başlayaraq 15 iyun 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər, saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsin məhkəmədsən xahiş etdi. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3498/2013 saylı 12 dekabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, 12 dekabr 2013-cü il tarixdən başlayaraq 15 iyun 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 15.07.2006-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 15 iyun 2006-cı il təvəllüdlü X1 valideynləridir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 15 iyun 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin məhkəmə qətnaməsinə əsasən hər ay ödədiyi aliment uşağın saxlanılması üçün yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, Nəsimi rayon Məhkəməsinin 12.12.2013-cü il tarixli 2(006)-3498/2013 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq, 15 iyun 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28.04.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub, iddiaçı Əliverdiyeva (Qocayeva) Kəmalə Şükür qızının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Nəsimi rayon Məhkəməsinin 12.12.2013-cü il tarixli 2(006)-3498/2013 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq, 15 iyun 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28.04.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub, iddiaçı Əliverdiyeva (Qocayeva) Kəmalə Şükür qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar