Məhkəmə qərarları › İş №2(006)-3775/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3775/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3775/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Qarabağ Müharibəsinin İİ qrup əlili xx.xx.1972-ci il təvvəlüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək yaralanmışdır. Hal-hazırda Qarabağ Müharibəsinin İİ qrup əlilidir. “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” AR Qanunun bəzi müddəalarının şərh olunmasına dair, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Pleniumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstiutusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, Qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.Azərbaycan Respublikası Konstiutusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilməsi bildirilmiş və “Döyüşərək Əlil olmuş vətandaşa sığorta ödənişinin ödənilməsi” məsələsi həllini tapmışdır. Lakin bütün bunlara baxmayaraq qanunla hərbi xidmət zamanı İİ qrup əlil olan keçmiş hərbi qulluqçu kimi ona verilməli olan 6600 manat sığorta pulu ödənilməmişdir. Dəfələrlə bu barədə olunan müraciətlərin heç birinin nəticəsi olmamışdır. Axırıncı dəfə olunan yazılı müraciətə verilən cavabda göstərilmişdir ki, bu barədə Konstiutusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə olunmuşdur ki, həmin kateqoriyadan olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsinin qaydasını və şərtlərini müəyyən etsin, həmin şərtlər müəyyən edildikdən sonra pul ödəniləcəkdir. Halbuki, Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” AR Qanunun bəzi müddəalarının şərh olunmasına dair Pleniumunun Qərarında göstərilmişdir ki, həmin Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, Qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. İddiaçıya isə qanunda nəzərdə tutulmuş müddət ötürülməklə əlillik təyin etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olmuş, xx xxxxxx 1994-cü il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən xx xxxxxx 1994-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Ağsu rayon Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx xxxxxx 1994-cü qərarın surətindən görünür ki, İddiaçı ağciyəri zədələnməklə döş qəfəsinin sağ yarısından və sol bud sümüyündən güllə yarası almışdır. Xəsarət Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 nömrəli Ağsu rayon Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-685471 saylı arayışının surətindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı ikinci qrup əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi kimi “Azərbaycan Respublikasını müdafiə edərkən yaralanmışdır” göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş 272 №-li, xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı noyabr 1993-cü il tarixdən aprel 1994-cü il tarixə qədər Füzuli rayonu, X5 kəndi uğrunda gedən döyüşlərdə yaralanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx xxxx 2020-ci il tarixli, 07-07-228 saylı məktubun surətindən görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.Bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəməhesabedirki, iddiaərizəsitəminolunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar