Məhkəmə qərarları › İş №2(006)-3840/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3840/2023

17.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3840/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, cərimənin və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, cərimənin və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin işdən azad olunması barədə əmrinin ləğv edilməsi, onun sürücü vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının və ona uyğun gecikdirilmiş hər günə görə cərimənin, həmçinin 2.000 manat məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən o, həmin dövrdən cavabdeh təşkilatda Nəqliyyat və Logistika Mərkəzində sürücü vəzifəsində çalışmışdır. Çalışdığı uzun müddətdən sonra cavabdehin təzyiqləri altında işdən öz xahişi ilə çıxmasına dair xx.xx.2023-cü il tarixli ərizə yazmışdır, lakin həmin ərizədə onun tərəfindən heç bir tarix qeyd edilməmişdir. Daha sonra cavabdehə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələr ünvanlanaraq, ərizənin nəzərə alınmaması xahiş edilmiş və işə davam elmək niyyəti olduğu bildirilmişdir. Buna baxmayaraq, cavabdeh ərizələrini nəzərə almamış və xx.xx.2023-cü il tarixli ərizəsində müddət göstərilmədiyindən, qanunvericiliklə nəzərdə tutulmuş bir ay müddət gözlənilmədən əmək münasibətlərinə xitam verilmişdir. Həmin təklif məktubu əsasında daha sonra onun tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və 18 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş mediator tərəfindən xx.xx.2023-cü il tarixli MSB 18-01080 saylı «ilkin mediasiya sessiyasında iştirak edilməməsi» barədə arayış verilmişdir. Mübahisə məhkəmədən kənar qaydada həll edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona marşruta çıxmağa icazə vermirdilər və bildirmişlər ki, özü ərizə ilə işdən çıxmasa, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarılacaq. Ona işdən çıxması üçün dispetçer təzyiq edirdi. Ərizəni özü yazmışdır, amma ərizəyə tarix qoymamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında iddianı qəbul etməməsini göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 15 dekabr 2020-ci il tarixli K/20-05782 saylı əmrdən görünür ki, İddiaçı həmin tarixdən "xxxx" ASC-nin Avtonəqliyyat Xidmətində QAZ-33023 markalı ** JA *** dövlət qeydiyyat nişanlı xüsusi qaldırıcıya sürücü vəzifəsinə təyin olunmuşdur. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 455 manat müəyyən edilmişdir. Əmrin verilməsinə əsas şəxsi ərizəsi və əmək müqaviləsi göstərilmişdir. - İddiaçı "xxxx" ASC-nin sədrinə 16 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, onu 16 iyun 2023-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. -16 iyun 2023-cü il tarixli K/23-02531 saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün bütün göstərişlər verilmişdir (son haqqhesabın ödənilməsi ilə bağlı). İddiaçı 25 iyun 2023-cü il tarixdə və 03 iyul 2023-cü il tarixdə cavabdehə verdiyi ərizələrdən görünür ki, o işə davam etmək istəyində olduğunu bildirmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MSB18-01080 saylı arayışdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 55 manat mediasiya xərcini ödəmişdir. Beləliklə işin araşdırılmış hallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin 15 dekabr 2020-ci il tarixli K/20-05782 saylı əmri ilə həmin tarixdən Avtonəqliyyat Xidmətində QAZ- 33023 markalı ** JA *** dövlət qeydiyyat nişanlı xüsusi qaldırıcıya sürücü vəzifəsinə təyin olunmuş, "xxxx" ASC-nin sədrinə 16 iyun 2023-cü il tarixli ərizə ilə müraciət edərək, onun 16 iyun 2023-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, işəgötürən iddiaçının işdən öz xahişi ilə azad edilməsinə etiraz etməmiş və 16 iyun 2023-cü il tarixli K/23-02531 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. İddiaçı sonradan – 25 iyun 2023-cü il tarixdə və 03 iyul 2023-cü il tarixdə ərizələrlə cavabdehə müraciət edərək, işə davam etmək istəyində olduğunu bildirmiş, daha sonra isə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd olaraq xitam verilməsini mübahisələndirərək işdən çıxma barədə ərizəni özü yazsa da, dispetçerin təzyiqi altında yazmasını, bunu ərizəyə tarix qoymaması ilə əsaslandırmışdır. İddiaçının tələbinin maddi əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 4,5 və 7-ci bəndləri təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hisəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsi bağlandıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. - Göstərilən maddənin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. - Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. - Həmin maddənin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İş materiallarında olan İddiaçı "xxxx" ASC-nin sədrinə ünvanladığı onun 16 iyun 2023-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etməsinə dair ərizəsindən aydın görünür ki, o bu ərizəsində 16 iyun 2023-cü il tarixini qeyd etmişdir. Həmin tarixli əmrlə də, ərizəsi nəzərə alınaraq əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilmişdir. İş materiallarından görünür ki, iddiaçı 25 iyun 2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, yüksək təzyiqlərə və tənqidlərə məruz qalaraq işdən çıxmaq barəsində ərizə yazmağa məcbur olmuşdur. Ailə vəziyyətinin, indiyə qədər nöqsansız çalışmasının nəzərə alınmasını xahiş etmişdir. Lakin iddiaçı qeyd edilən ərizəsində «Bir daha təkrarlanmayacağını söz verib üzr istəyirəm» göstərsə də, bu ifadəsini açıqlamamışdir. 03 iyul 2023-cü il tarixli ərizəsində qısa olaraq əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (işdən azad edilməsi barədə ərizəni təzyiq altında yazmağa məcbur olunması, ərizədə onun tərəfindən heç bir tarix qeyd edilməməsi və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işəgötürən iddiaçını işdən azad edərkən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermişdir. Yəni, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun konkret tarix göstərilmiş ərizəsinə istinad etmiş, qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmişdir. Bir sözlə, əmr verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, cərimənin və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 55 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, cərimənin və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 55 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar