Məhkəmə qərarları › İş №2(006)-439/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-439/2025

24.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Vərəsəlik hüququ üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-439/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X6, Bakı şəhəri 51 saylı Notariat Kontoru, 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin xüsusi notariusu və DƏDRK-nın Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X6, Bakı şəhəri 51 saylı Notariat Kontoru, 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin xüsusi notariusu və DƏDRK-nın Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyun 2015ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, 01 sentyabr 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Seriya RX ******* saylı çıxarışın, Cavabdeh2 mənzilə mülkiyyət hüququnun qeydə alınması barədə dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi, mənzilin miras əmlak kimi bölgüsü aparılaraq 1/3 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçının anası X7 30 iyul 1930-cu il tarixdə doğulmuş, 22 iyun 2018-ci il tarixdə Bakı şəhərində beyin ödəmi, böyrək çatışmazlığı və digər xəstəliklərdən 87 yaşında vəfat etmişdir. Anasının xüsusi mülkiyyətində ünvan 1 ünvanında 29 kv.metr ümumi sahəsi olan bir otaqlı mənzili olmuşdur. Anasının vəfatından sonra mənzilə miras əmlak kimi vərəsəlik şəhadətnaməsi almaq üçün mirası qəbul etməklə maraqlandıqda mənzilin qardaşı, hazırkı iş üzrə Cavabdeh1 tərəfindən bağışlama müqaviləsinə əsasən öz mülkiyyətinə keçirdiyini və başqa şəxsə satdığını öyrənmişdir. Ona görə də, vəkil vasitəsilə sorğu verdikdə müəyyən edildi ki, Cavabdeh1 anasına məxsus olan qeyd edilən mənzili 09 iyun 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən öz mülkiyyətinə keçirib. Müqavilə 1 saylı Bakı “ASAN xidmət" mərkəzinin xüsusi notariusu X2 tərfindən 40-783 reyestr nömrəsi ilə təsdiq edilib. Mənzilə mülkiyyət hüququna dair DƏDRX-nin Bakı Ərazi İdarəsindən Seriya RX ******* saylı çıxarış alınıb. Cavabdeh1 mənzili anasının vəfatından sonra, yəni 01 sentyabr 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən digər cavabdeh, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 60 min manata satıb. Müqavilə Bakı şəhəri 51 saylı Notariat Kontorunun notariusu Üzeyir Kərimov tərəfindən 4Ə-910 reyestr nömrəsi ilə təsdiq edilib. Anasıyla Cavabdeh1 arasında 09 iyun 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi" bağlanarkən anası 85 yaşında qoca və xəstə olub. Bağışlama müqaviləsinin mahiyyətini lazımınca dərk etmək imkanında olmayıb. Qardaşının onun qoca və xəstə olmasından istifadə edib, aldadıb. Nəticədə onu gələcəkdə miras əmlak payından mahrum edib. Hazırda, o, onunla bu barədə, ümumiyyətlə, danışmaq, məsələni razılıqla həll etmək istəmir. Cavabdehin etirazı: Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Zeynalov (Məmmədov) Tamerlan Arif oğlunun ona və digər şəxslərə qarşı iddiasını etiraf etmir. Onunla anası X7 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 111 saylı evin 7 saylı mənzilinin bağışlaması haqqında 9 iyun 2015-ci il tarixli müqavilə Azərbaycan Respublikasının qanunvericilyinə tam uyğundur. Həmin müqavilə bağlandığı zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Anasını heç kim aldatmamışdır. İddiaçının buna dair əks fikiri onun ixtirasıdır. Anası özü müstəqil şəklində qərar almışdır ki, mənzilini ona bağışlasın. Anası öz hərəkətlərini tam olaraq dərk edirdi və bunu notariusa da bildirmişdir. İddiaçının ona və digər şəxslərə qarşı iddia tələblərinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Həmin iddia tələbləri qanunsuz və əsassız olduğuna görə tamamilə təmin olunmamalıdır. Onu da bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cı maddəsi ilə müəyyən olunmuş 2 illik müddəti keçmişdir. Onunla anası arasında bağlanmış yuxarıdakı müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olduğuna və iddiaçının ona və digər şəxlərə qarşı iddiasının təmin olunması üçün heç bir hüquqi əsas olmadığına baxmayaraq əlavə olaraq onu da qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddətlər də keçmişdir. Odur ki, məhkəmədən iddiaçi Zeynalov (Məmmədov) Tamerlan Arif oğlunun iddiasının rədd olunmasını xahiş etmişdir. Digər Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 6 il bundan əvvəl 2018-ci ildə qanuni şəkildə, Notariat Kontorundan keçməklə Cavabdeh1 məxsus bir otaqlı mənzili alqı-satqı yolu ilə almışdır. Alqı-satqı prosesi Notariat Kontorunda yoxlanılmış və hər hansı problem olmadığı üçün alqı-satqı həyata keçirilmişdir. İddiaçı, ümumiyyətlə, tanımır. Həmin evi iki il bundan əvvəl başqa bir şəxsə satmışdır. Halhazırda onun həmin evlə heç bir əlaqəsi yoxdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, 3 qardaşdırlar. Anası 2015-ci ildə mübahisəli mənzili ona bağışlamış, 2018-ci ildə isə vəfat etmişdir. Notariusda da müqaviləni təsdiq etmişdir. Anası mübahisəli mənzildə tək yaşamışdır. İddiaçı qısa müddət anasının yanında qalmışdır. Mənzili anasının adına özü almışdır, ona görə anası ona bağışlamışdır. Mənzili satdığı Cavabdeh2 də artıq başqa şəxsə satmışdır. Digər cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, Bakı şəhəri 51 saylı Notariat Kontoru, 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin xüsusi notariusu və DƏDRK-nin Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X9 ifadəsində bildirmişdir ki, İddiaçı ilə dostur. Dəfələrlə iddiaçının anasının evinə gedəndə anası demişdir ki, Cavabdeh1la o biri qardaşını yerbəyer etmişdir, bu ev də Tamerlanındır. İddiaçı Amerikaya gedib-gələndən sonra məlum olmuşdur ki, Cavabdeh1 həmin evi satmışdır. Hər zaman anasına Tamerlan baxmışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Xətai Rayon Qeydiyat Şöbəsinin AZ-İ seriyalı 040571 saylı ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı soyadı «Zeynalov»dan «Məmmədova» dəyişdirilmişdir. Azərbaycan Republikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyatı haqqında RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzilinin mülkiyyətçisi X7 olmuşdur. 1 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda təsdiq olunmuş xx.xx.2015-ci il tarixli 4Ə-783 reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X7 mülkiyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 115821 nömrəli çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzilinə dair Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş AN-İ seriyalı 072968 saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzilini Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzilini X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Maddə 390.1. Fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Mülki Prosessual Məcəllə: Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindəki 111 saylı evin, 7 saylı mənzili İddiaçı anası mərhum X4 mülkiyyətində olmuşdur. X7 mülkiyətində olan mənzili sağlığında Cavabdeh1 xx.xx.2015-ci il tarixdə bağışlamışdır. Cavabdeh1 mübahisəli mənzili mülkiyyətinə keçirdikdən sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh2, sonuncu isə xx.xx.2022-ci il tarixdə X1. Hazırda İddiaçı mərhum anası ilə qardaşı - Cavabdeh1 arasındakı bağışlama müqaviləsinin cavabdehin, anasının qoca və xəstə olmasından istifadə edərək, aldadılması yolu ilə bağlandığını bildirib, müqavilənin etibarsızlığı tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3- təhdid edilmə (hədələnmə) Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. O da nəzərə alınmalıdır ki, bu halları sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, mərhum anası müqavilə bağlanarkən 85 yaşında qoca və xəstə olmuş, müqavilənin mahiyyətini lazımınca dərk etmək imkanında olmamış, qardaşı bundan istifadə edərək anasını aldatmış və bunun nəticəsində əmlakın bağışlanmasına nail olaraq iddiaçını miras payından məhrum etmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Zəhra Zeynalova sağlığında özünə məxsus olan mənzili Cavabdeh1 xx.xx.2015-ci il tarixdə, yəni vəfatından 3 il əvvəl bağışlamışdır. Göründüyü kimi, Zəhra Zeynalova öz iradəsindən çıxış edərək hələ sağ ikən özünə məxsus əmlakı özgəninkiləşdirmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin bağlanması zamanı aldatmanın olması ilə əlaqədar ümumi məlumatlar bildirsə də, konkret olaraq həmin halları təsdiqləyən mötəbər sübutları təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında bağışlama müqaviləsinin qanunda nəzərdə tutulmuş qaydalara riayət edilərək bağlanılması müəyyən edilmişdir. İddiaçı həmçinin həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağlandığı vaxtdan 9 ildən sonra irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə iddianın daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Seriya RX ******* saylı çıxarışın, Cavabdeh2 mənzilə mülkiyyət hüququnun qeydə alınması barədə dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi, mənzilin miras əmlak kimi bölgüsü aparılaraq 1/3 hissəsinə payının müəyyən edilməsi ilə bağlı hissələrinə münasibətdə qeyd edir ki, bu tələblər bağışlama müqaviləsinin etibarsızlığı tələbi ilə bağlıdır və məhkəmə həmin tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Beləliklə, məhkəmə, bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, müqavilə bağlandıqdan 9 il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X6, Bakı şəhəri 51 saylı Notariat Kontoru, 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin xüsusi notariusu və DƏDRK-nın Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı 09 iyun 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, 01 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Seriya RX ******* saylı çıxarışın, Cavabdeh2 mənzilə mülkiyyət hüququnun qeydə alınması barədə dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi, mənzilin miras əmlak kimi bölgüsü aparılaraq 1/3 hissəsinə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver