Məhkəmə qərarları › İş №2(006)-4684/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4684/2025

06.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4684/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-1- 24/3-10-23372/2025 saylı əmrin etibarsız hesab edilərək ləğd edilməsi xx.xx.2025-ci il tarixindən işə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi əsasında cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti əsl cavabdeh "xxxx" QSC ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. xx.xx.1980-cı ildən xx.xx.2025-ci ilə qədər "xxxx" QSC-də işləmişdir. "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İdarəetmə və Rabitə Xidmətinin xx.xx.2025-ci il tarixli. 13-1-24/3- 10- 23372/2025 saylı əmi ilə o, ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə işdən azad edilmişdir. O, cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-1-24/3-10-23372/2025 saylı əmrlə razılaşmır. Bildirir ki, onunla “Azərbaycan Dəmir Yolları" QSC arasında xx.xx.2021-ci ikin "Əmək müqaviləsi" bağlanmışdır. Həmin əmək müqaviləsinin 2.3-cü bəndində görə müqavilə 4 il 1 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək bağlanmışdır. Cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulanlar nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci ildə xitam verilmişdir. Ona məxsus NT-1 № ******* saylı əmək kitabçasında işdən çıxma əsası kimi ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «e» bəndi göstərilmişdir. ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə görə əmək müqaviləsinə "tərəflərin əmək müqaviləsində müəyyən edildiyi hallar" nəzərdə tutulduğu halda xitam verilməlidir. Onunla cavabdeh arasında xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən tərəflər arasında əmək müqaviləsinə xx.xx.2025-ci ildə xitam verilə bilər. xx.xx.2021-ci ildə tərəflər arasında 4 il 1 gün müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən ona bildirmişlər ki, “işdə qalıb işləmək istəyirsənsə, işdən çıxma barədə ərizə yaz ver bizə, qal işlə, yoxsa səni işdən çıxaracağıq”. Həmçinin cavabdeh onu qorxudaraq bildirmişdir ki. işdənçıxma barədə ərizə yazmasa ona 6 misli işdən çıxma müavinəti verilməyəcəkdir (belə ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin “Kollektiv miiqaviləsinin 4.6-cı bəndinə əsasən öz xahişi ilə işdən çıxma işçi tarif maaşının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulub) Həmçinin cavabdehin xx.xx.2025-ci il tarixli müraciətinə münasibət bildirərək qeyd edir ki, cavabdehin onu pensiyaya çıxmağı ilə əlaqədar olaraq işdən çıxarması ƏM-nə və “Əmək pensiyaları haqqında" qanuna ziddir. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə görə qadınların yaşa görə əmək pensiyası hüququ 65 yaş müəyyən edilib. O, zərərli istehsal şəraitində işlədiyinə görə 1-ci siyahı üzrə 52 yaşı tamam olan tarixdə güzəştli əmək pensiyasındayadır. Adı çəkilən qanuna görə qadınların yaş həddi əmək pensiyası üçün 65 yaş müəyyən edilib. Yalnız 65 yaşı tamam olmuş qadınlar yaşa görə işdən çıxarıla bilər, 2027-ci ildə. Eyni zamanda bildirir ki, 64 yaşı xx.xx.2025-ci ildə tamam olub. Onunla bağlanan əmək müqaviləsinə isə xx.xx.2025-ci ildə xitam verilib. Hesab edir ki, əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edildiyinə görə “Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti tərəfindən xx.xx.2025-ci il tarixli, 13-1-24/3-10-233722025 saylı əmri etibarsız hesab edilərək ləğv olunmassı, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iddia ərizənə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh olaraq ADY-nin İnfrastruktur departamentinə qarşı iddia qaldırmışdır. Nəzərə çatdırır ki, infrastruktur departamenti ayrıca hüquqi şəxs deyildir, ayrıca VÖEN-i yoxdur. Bu səbəbdən iş üzrə cavabdeh kimi çıxış edə bilməz. Bundan əlavə bildirir ki, iddia ərizəsini qəbul etmir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin İnfrastruktur departamentinin İşarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abduləzimovun xx.xx.2025-ci il tarixli 13-1-24/3-10-23372/2025 nömrəli əmri tam qanuni və əsaslıdır. Belə ki, İddiaçı ilə "xxxx" QSC-nin İnfrastruktur departamentinin İşarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abduləzimov arasında xx.xx.2021 -ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin 9.5.4-cü yarımbəndinə əsasən işçi qanunvericiliklə müəyyən edilən qaydada yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatdıqda işəgötürən tərəfindən 2 həftə əvvəldən xəbərdarlıq edilməklə müqaviləyə xitam verə bilər. Əmək müqaviləsində qeyd olunmuş şərtlərə uyğun olaraq İddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə əmək müqaviləsinə xitam veriləcəyi barədə 2 həftə əvvəldən məlumatlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınların yaş həddi olaraq 60 yaş müəyyənləşdirilmişdir. Həmin maddənin qeyd hissəsinə əsasən qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 iyul 2024 - 30 iyun 2025 tarixləri aralığında qadınların yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 64 yaş olmuşdur. Beləliklə, İddiaçı həmin qanunun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərinə uyğun olduğu üçün İşəgötürən əmək müqaviləsinə və əmək məcəlləsinə müvafiq olaraq yaranmış hüququndan istifadə edərək iddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaçı qanunvericiliklə müəyyən edilən qaydada yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatdığı üçün işəgötürən müqavilədə nəzərdə tutulan şərtə əsaslanaraq 2 həftə əvvəldən xəbərdarlıq edərək əmək müqaviləsini ləğv etmişdir. Bu, işəgötürənin hüququdur və əvvəlcədən razılaşdırılmış şərtlərə əsaslanır. Müqavilədə göstərilən bu hal tərəflərin razılığı ilə müəyyən edildiyindən, onun tətbiqi qanunvericiliyə zidd hesab oluna bilməz. Bu səbəbdən də işəgötürənin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi X4 əlavə olaraq bildirdi ki, iddiaçının 18 fevral 2025-ci ildə 64 yaşı tamam oldu. 17 may 2025-ci ildə "xxxx" QSC ilə bir illik müqavilə imzalayıb. 30 iyun 2025-ci ildə bildiriş gəldi ki, İddiaçı 14 iyul 2025-ci ildə işdən çıxarılacaq. 14 iyul 2025ci ildə İddiaçı işə gedir və müdir Rauf Məmmədov bildirir ki, “sən yaxşı işçisən, səni işdən çıxarmıram, işinə davam et”. 23 iyul 2025-ci ildə isə çağırıb bildirdilər ki, iddiaçı bundan sonra işə gəlməsin, işdən çoxdan çıxarılmalı idi, gecikiblər. 24 iyul 2025-ci il anası işə getdi, əmrini verdilər. Ona görə 30 iyun 2025-ci ildə bildiriş gəldi ki, 01 iyul 2025-dən etibarən təqaüd yaşı 64 yaş yarım olmuşdur. 30 iyun 2025-ci ildə bildiriş gəldiyinə görə 64 yaşdan çıxara bilərdilər. Lakin heç bir bildiriş gəlmədən, heç bir xəbərdarlıq olmadan 25 iyulda işdən çıxarılması qeyri-qanunidir. Əgər yaş həddinə görə çıxarırdılarsa, iddiaçını 18 avqust 2025-ci ildə işdən çıxarmalı idilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı 17 may 2021-ci ildə "xxxx" QSC ilə bir illik müqavilə imzalayıb. 2021-ci ildən etibarən hər il bir illik müqavilə imzalanıb, sadəcə ƏMAS sisteminə 2024-cü ildən etibarən yükləndiyi üçün orada 4 illik müqavilə kimi əks olunub. 17 may 2025-ci il tarixli ƏMAS-dan çıxarılan müqavilənin 9.5.4-cü bəndində əks olunub ki, işçiyə qanunvericilikdə müəyyən edilən qaydada müəyyən edilmiş yaş həddinə çatdıqda işəgötürən tərəfindən 2 həftə əvvəldən xəbərdarlıq edilməklə müqaviləyə xitam verilə bilər. Qanunvericiliyə və Əmək Məcəlləsinə uyğun olaraq iddiaçı 2 həftə əvvəlcədən xəbərdarlıq edilib. Məlumdur ki, Əmək Pensiyaları haqqında Qanuna əsasən, 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək qadınlara məxsus yaş həddi hər il 6 ay artırılır. İddiaçı 64 yaşına çatdıqda artıq yaşa görə təqaüd haqqı qazanır. 18 fevral 2025-ci ildən etibarən işəgötürənin işçini işdən azad etmək haqqı yaranır. Tərəflər də bununla razılaşıblar. Hər şey qanunvericiliyə uyğun şəkildə edildiyinə görə hesab edir ki, burda qanunazidd əməl yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-nin İnfrastruktur Departamenti, İşarə vermə və rabitə xidməti 1 nömrəli H.Z.Tağıyev işarə vermə və rabitə sahəsi Nəzarət sınaq məntəqəsi, Sumqayıt Şəhəri H.Z.Tağıyev-çeşidləmə, Elektrik mexaniki vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-24/3-10-23372/2025 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e" bəndinə uyğun xitam verilməsi, Maliyyə departamenti İddiaçı ilə son haqq-hesabın aparılmasını, həmçinin Əmək Məcəlləsinin 144cü maddəsinin 2-ci hissəsinə əsasən işlədiyi müddətdə istifadə etmədiyi 35:56 təqvim günü (xx.xx.2024-xx.xx.2025-ci iş ili üçün 30 təqvim günü, xx.xx.2025-xx.xx.2025-ci iş ili üçün 5,56 təqvim günü) əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini təmin etməsi əmr edilmişdir. "xxxx" QSC-nin 74 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" QSC-nin İnfrastruktur departamentinin İşarəvermə və rabitə xidmətinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsi Nəzarəti ölçü cihazları sexinin rabitə cihazlarının təmiri üzrə elektrik mexaniki vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki o, - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı "xxxx" QSC-nin İnfrastruktur Departamenti, İşarə vermə və rabitə xidməti 1 nömrəli H.Z.Tağıyev işarə vermə və rabitə sahəsi Nəzarət sınaq məntəqəsi, Sumqayıt Şəhəri H.Z.Tağıyevçeşidləmə, Elektrik mexaniki vəzifəsinə işə qəbul edilmişdir. - "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-24/3-10-23372/2025 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən Azərbaycan Respublikasının Əmək i Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e" bəndinə uyğun xitam verilmişdir. xx.xx.2025-ci il tarixli mediasiya arayışına əsasən, xx.xx.2025-ci il tarixdə saat 15:00da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında "xxxx" QSC-nin nümayəndəsi iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarına istinadən vurğulayır ki, İddiaçı 1980-ci il tarixdən "xxxx" QSCdə çalışmışdır. İddiaçı xx.xx.2021-ci ildə "xxxx" QSC-nin İnfrastruktur Departamenti, İşarə vermə və rabitə xidməti 1 nömrəli H.Z.Tağıyev işarə vermə və rabitə sahəsi Nəzarət sınaq məntəqəsi, Sumqayıt Şəhəri H.Z.Tağıyev-çeşidləmə, Elektrik mexaniki vəzifəsinə keçirilmiş, "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-24/3-10-23372/2025 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e" bəndinə uyğun xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsini və işə bərpa olunmasını xahiş edir və iddiasının əsaslarını aşağıdakı hallar təşkil edir:

1. xx.xx.2021-ci il tarixində cavabdehlə arasında əmək müqaviləsi 4 il 1 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək bağlanmışdır. Cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulanlar nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci ildə xitam verilmişdir.

2. Cavabdehin onu pensiyaya çıxmağı ilə əlaqədar işdən çıxarılması Əmək Məcəlləsinə və “Əmək Pensiyaları haqqında” Qanuna ziddir. Qanuna əsasən onun əmək pensiyası hüququ 65 yaş müəyyən edilib. Yalnız 65 yaşı tamam olmuş qadınlar yaşa görə işdən çıxarıla bilər.

3. xx.xx.2025-ci il tarixdə bildiriş göndərilərək xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi bildirilsə də, əmək müqaviləsinə göstərilən tarixdə deyil, xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Həmin maddədə əmək müqaviləsinin tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara əsasən xitam verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Qeyd edilir ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Məhz bu əsaslar üzrə işçi ilə işəgötürən arasındakı hüquqi əlaqə kəsilir və əmək hüquq münasibətlərinin qüvvəsi dayandırılır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində sadalanan əsasların hamısı blanket (göndərici) xarakter daşıyır və Əmək Məcəlləsinin ayrı-ayrı maddələrində onların məzmunu ətraflı şəkildə açıqlanır. Məsələn, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası 70-ci maddədə və s. nəzərdə tutulmuşdur. Əgər əmək müqaviləsi tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara istinadən ləğv olunursa, əmrdə müqaviləyə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “e” bəndinə deyil, 75-ci maddəsinə istinad olunmalıdır. Hazırkı işdə iddiaçı, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hala – “işçinin əmək pensiyası hüququ verən yaş həddinə çatdıqda işəgötürən tərəfindən 2 təqvim həftəsi əvvəl xəbərdarlıq edilməklə əmək müqaviləsinə xitam verilə bilər” müddəasına əsasən işdən azad edilmişdir. Bu isə hüquqi tövsif baxımından Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə uyğun gəlir. Yəni, göstərilən əsasla əmək müqaviləsi xitam olunarkən yalnız 75-ci maddənin 2-ci hissəsinin “d” bəndinə istinad olunmalıdır. Maddənin məzmunundan göründüyü kimi, bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda əmək müqaviləsinə xitam veriməsinin mümkün olduğu müəyyən edilmişdir. Hazırkı işdə əmək müqaviləsindəki həmin müddəanın göstərilən maddənin tələblərinə uyğunluğu - tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməsi mübahisə edilmir. Lakin bununla belə məhkəmə hesab edir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsilə xitam verilməsinə baxmayaraq, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz. Belə ki, iddianın birinci dəlilinə - “iddiaçının cavabdeh təşkilatla xx.xx.2021-ci il tarixində əmək müqaviləsinin 4 il 1 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək bağlanması, lakin cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulanlar nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci ildə xitam verilməsi barədə” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən göstərilən məsələyə aydınlıq gətirilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsi 2021-ci ildən 1 illik müddətə bağlanmaqla hər il əvvəlki müddətə uzadılmışdır, sadəcə müqavilə 2024-cü ildən etibarən Əmək və Məşğulluq altsisteminə yükləndiyi üçün sistemdə 2021-ci ildən etibarən uzadılmış 1 illik müddətlər hesablanmaqla, nəticə etibarilə müqavilənin 4 il müddətinə bağlanması göstərilmişdir. O da qeyd olunmalıdır ki, iş materialları əsasında iddiaçının 2016-cı ildən işəgötürən "xxxx" QSC-nin İnfrastruktur Departamenti ilə əmək münasibətlərində olduğu müəyyən olunmuşdur. Bu da onu deməyə əsas verir ki, müvafiq işəgötürənlə əmək münasibətləri 5 ildən artıq davam etdiyindən, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən (Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) onlar arasında bağlanmış əmək müqaviləsi müddətsiz xarakter almışdır. Odur ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməli olması ilə bağlı dəlili əhəmiyyətsiz olmaqla, həmin dəlilin iddianın təmin edilməsi əsası kimi çıxış etməsi istisna olunur. İddia tələbinin digər dəlili –“cavabdehin iddiaçını pensiyaya çıxmağı ilə əlaqədar işdən çıxarılmasının Əmək Məcəlləsinə və “Əmək Pensiyaları haqqında” Qanuna zidd olması, qanuna əsasən onun əmək pensiyası hüququnun 65 yaş müəyyən edilməsi və iddiaçının həmin əsasla işdən çıxarılmasının yalnız 65 yaşda yolverilən olması” barədə dəlilinə münasibətdə qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınların yaş həddi olaraq 60 yaş müəyyənləşdirilmişdir. Həmin maddənin qeyd hissəsinə əsasən qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 iyul 2024 - 30 iyun 2025 tarixləri aralığında qadınların yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 64 yaş olmuşdur. Beləliklə, İddiaçı həmin qanunun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərinə uyğun olduğu, yəni, iddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin xx.xx.2025-ci il tarixində 64 yaş olduğu üçün işəgötürən əmək müqaviləsinə və Əmək Məcəlləsinə müvafiq olaraq yaranmış hüququndan istifadə edərək iddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir. “xx.xx.2025-ci il tarixdə bildiriş göndərilərək xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi bildirilsə də, əmək müqaviləsinə göstərilən tarixdə deyil, xx.xx.2025-ci il tarixdə xitam verilməsi”nin qanunsuz olması ilə bağlı iddianın dəlilinə münasibətdə qeyd edilir ki, əmək müqaviləsində işəgötürənin 2 təqvim həftəsi əvvəldən işçini xəbərdar etməklə pensiya hüququ verən yaş həddinə çatdığı halda əmək müqaviləsinə xitam vermək hüququ təsbit edilmiş, işəgötürən xx.xx.2025-ci il tarixdə işçiyə müvafiq xəbərdarlıq göndərmiş, lakin əmək müqaviləsinə bildirişdə göstərilən tarixdən 11 gün sonra xitam verilməsinin iddiaçının hər hansı hüququnu pozması müəyyən edilmir. Əksinə işçiyə əlavə günlər üçün əmək fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılaraq, göstərilmiş müddətdən artıq işlədiyi dövr üçün ona əmək haqqı ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver