Məhkəmə qərarları › İş №2(006)-576/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-576/2021

06.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-576/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Muradov Asim Kərim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 ilə X8 xx xxxxxxx 1981-ci ildə Fizuli rayonunda nikaha daxil olmuşlar. Bu nikahdan Ərizəçi və xx xxxx 1982-ci ildə X3 dünyaya gəlmişdir. X3 2000-ci ildən Şizofreniya paramid forma, qüsur əlamətləri ilə Ruhi əsəb Dispanserində qeydiyyatdadır. Artıq 20 ildir ki, müxtəlif müalicə vasitələrindən istifadə etsələr də onun müalicəsi mümkün deyil. Qardaşı onun himayəsindədir və onun qayğısına o qalır. Qardaşı öz hərəkətlərinin hüquqi nəticələrini dərk etmir. Qardaşının hərəkətlərinin hüquqi nəticələrini dərk etməməsi nəticəsində banklarda, digər dövlət qurumlarında onun əlilliklə bağlı hər hansı hərəkətləri yerinə yetirməsi mümkün deyildir. Digər tərəfdən öz əmlakı barəsində sərəncam verməklə bağlı hüquqi proseduraları həyata keçirmək imkanına malik deyildir.Bu da onların mülkiyyət hüquqlarının həyata keçirilməsini imkansız edir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Fizuli rayon Cuvarlı kənd soveti tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 464280 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Fizuli rayon Cuvarlı kənd soveti tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 342894 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1982-ci ildə anadan olmuş, atası X13, anası X6r. Fizuli rayon Cuvarlı kənd soveti tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş 474888 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə anadan olmuş, atası X13, anası X6r. Bakı şəhəri Nəsimi RİH Nəsimi rayon MKTB 33 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ağayev X10 rayon köçkünü kimi X3 ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, H.B.Əliyev küçəsi, 34 saylı evin 54 saylı mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, 371 saylı rəyindən görünür ki, X5 şizofreniya paranoid forma qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlaruzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, 2 saylı X2 və müalicə olunması, 20 saylı Şəhər Poliklinikasının psxiatrik kabinetində müşahidədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, eşitmə hallüsinasiyaları haqqında məlumat verməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 “Şizofreniya paranoid forma qüsur əlamətləri ilə” xroniki psixi xəstəliyindən əziyyət çəkir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olundu ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3cü, 318.2-ci və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar