Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6262/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-də 06.02.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22.03.2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X19 tərəfindən idarə olunan «Mercedes Benz C220» markalı ** CM *** dövlət qeydiyyat nişanlı və X9 tərəfindən idarə olunan «Hyundai Sonata» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmiş, bundan başqa X19 hadisə nəticəsində yüngül xəsarət almışdır. Binəqədi rayonu RPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 5750 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. «Ravon Nexia» markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsus olduğundan, avtomobil etibarnamə olmadan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC və Cavabdeh2 5750 manat manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xyerinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-yə məxsusdur. İşin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 06.02.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşını 1 (bir) il müddətinə sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin arayışına əsasən «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC-nin mülkiyyətindədir. İş materiallarında olan müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən tərtib olunmuş 28.04.2021-ci il tarixli qüsur aktın təsdiq olunmuş surətindən görünür ki, X14 məxsus «Mercedks Benz C220 CDİ» markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7663 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan «Baku Auto» avtoservis tərəfindən tərtib olunmuş 30.04.2021-ci il tarixli qüsur aktın təsdiq olunmuş surətindən görünür ki, «Hyundai» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4940 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı aktların təsdiq olunmuş surətlərindən görünür ki, 22.03.2021-ci il tarixdə Cavabdeh2 Cavabdeh1 MMC-yə məxsus olmuş və sığortalanmış «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X14 məxsus «Mercedes Benz C220» markalı, ** CM *** dövlət qeydiyyat nişanlı və X8 məxsus «Hyundai Sonata» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktlardan görünür ki, 22.03.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X14 məxsus «Mercedes Benz C220» markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 3.040,15 manat, X4 dəymiş zərərin məbləği 750 manat, X8 məxsus «Hyundai Sonata» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 1.959,85 manat təşkil etmişdir. İşin materiallarında olan 24.05.2021-ci il tarixli, 84619 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X13 hesabına 3040,15 manat icbari zərər ödənişi köçürülmüşdür. İşin materiallarında olan 25.05.2021-ci il tarixli, 84768 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X7 hesabına 1959,85 manat icbari zərər ödənişi köçürülmüşdür. İşin materiallarında olan 03.06.2021-ci il tarixli, 86008 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X13 hesabına 750 manat icbari zərər ödənişi köçürülmüşdür. İş materiallarında olan Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin 27.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, 22.03.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Pirşağı-Fatmayı yolunun hərəkət hissəsində Cavabdeh1 MMC-yə məxsus Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi «Ravon Nexia R3» markalı, **-PN- *** dölət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində həmin avtomobillə eyni istiqamətdə qarşısında olan X20kna məxsus olmaqla idarə etdiyi «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılması və nəticədə «Mercedes Benz» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin qarşı hərəkət istisqamətinə keçməsi ilə Novxanı-Pirşağı yolu ilə hərəkətdə olan X7 idarə etdiyi «Hyundai Sonata» markalı **-BC-***dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinə dəyməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mercedes Benz» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X19 və «Ravon Nexia R3» markalı,**-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X5 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, «Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və həmin avtomobildə sərnişin olan azyaşlılar X16 və X6 zərər vurmayan bədən xəsarətləri almışdırlar. Belə olan halda «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 X19 və X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Cavabdeh2, azyaşlılar X16 və X2 zərər vurmayan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisələri törətməsi faktı üzrə əməlində cinayət tərkibli xüsusatların olmadığı müəyyən edilmişdir. Bununla belə «Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi avtomobillə ara məsafəsinin saxlanılması qaydalarını pozaraq Cavabdeh2 X19 və X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Cavabdeh2, azyaşlılar X16 və X3 zərər vurmayan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.1-ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqəli RPİ-nin DYPŞ-yə göndərilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan və "xxxx" ASC tərəfindən sığortalanmış «Ravon Nexia R3» markalı, **- PN-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X14 məxsus olan “Mercedes Benz C220” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı və X8 məxsus «Hyundai Sonata» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, X19 hadisə nəticəsində yüngül xəsarət almışdır. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən Bayram Əliyevə və Günay Vəliyevaya dəymiş zərər ödənilərək sığorta ödənişləri həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktlarına əsasən ödədiyi cəmi 5750 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması kimi müəyyən edilmişdir. Həmin Qanunun 14.2.5-ci bəndinə əsasən yüngül xəsarət almasına görə isə dəyən ziyanın miqdarı 15 faiz müəyyən edilmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 yüksək təhlükə mənbəyi olan «Ravon Nexia R3» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Məhkəmə qeyd edir ki, digər cavabdeh olan Cavabdeh1 MMC-nin hazırki tələb üzrə cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il tarixli 4 nömrəli bülletendən görünür ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. …Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalarqanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletməimkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti 23 Ali Məhkəmənin bülleteni 2020 iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. … Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir Məhkəmə Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətməsini, avtomaşının digər Cavabdeh1 ASC-nin sahibliyindən Cavabdeh2 hüquqa zidd götürülməsi ilə bağlı sübutların olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, zərərin əvəzi yalnız Cavabdeh2 tutulmalıdır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 subroqasiya hüququ əsasında 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 5780,4 (beş min yeddi yüz səksən manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 subroqasiya hüququ əsasında 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 5780,40 (beş min yeddi yüz səksən manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-ya ödənilsin. İddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6262/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6262/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver