Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-754/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlunun cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlu cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçıya 51 (əlli bir) ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli əlavə razılığa əsasən kreditin illik faiz dərəcəsi 20 faizdən 13,40 faizədək endirilmiş və kredit müqaviləsinin müddəti xx.xx.2019cu il tarixədək uzadılmışdır. Bu günədək kredit müqaviləsi üzrə Cavabdeh ASC-nə 12.358,45 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaçıya qarşı Laçın Rayon Məhkəməsində iddia qaldıraraq ondan 16141,54 ABŞ dolları əsas borc, 3755,41 ABŞ dolları faiz borcu, 1356,22 ABŞ dolları cərimə olmaqla, cəmi 21253,17 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmiş və məhkəmə iddianı qismən təmin edərək iddiaçıdan cavabdehin xeyrinə 16141,54 ABŞ dolları əsas borc, 3755,41 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 20196,95 ABŞ dolları, məbləğində pulun tutulmasını qət etmişdir. İddiaçının kredit müqaviləsi üzrə götürdüyü (25000 ABŞ dolları) kreditdən 12.358,22 ABŞ dollarını ödəməyinə baxmayaraq, göründüyü kimi ondan tələb olunan əsas borc 16141,54 ABŞ dolları təşkil edir. Bu da o anlama gəlir ki, banka daxil (12.358,45 ABŞ dolları) olan vəsait hesabına əsas borc deyil, cərimə və faiz borcu silinmişdir. Bu isə birbaşa qanunvericiliyin tələblərini pozur. Belə ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qanunvericilkdə borcun faizlər ilə verilməsinin şərtləndirildiyi hallarda, faizlərin müvafiq surətdə bir ilin sonunda ödənilməsi, borcun bir il başa çatanadək qaytarılması və faizlərin borcun qaytarılması ilə bir vaxtda ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, kredit müqaviləsində daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləğinin silinməsi göstərilmişdir. Göstərilənlərə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarından görünür ki, "Cavabdeh" ASC ilə Öztürk (Musayev) Səlim Qəhrəman oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Öztürk (Musayev) Səlim Qəhrəman oğluna illik 20% olmaqla, 51 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı kredit müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlu kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlunun cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Öztürk (Musayev) Səlim Qəhrəman oğlunun cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-754/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-754/2021
23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver