Məhkəmə qərarları › İş №2(006)-847/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-847/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-847/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X6, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehin xxxx Təhsil Kompleksi MMC-nə qarşı “ödənilmiş təhsil haqqının bir hissəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xxxx Təhsil Kompleksi MMC-dən 1.900 (min doqquz yüz) manat təhsil haqqı, ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X9 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, övladı X3 H.Əliyev adına Müasir Təhsil Kompleksində məktəbəqədər hazırlıq üzrə təhsil alması üçün cavabdeh H.Əliyev adına Müasir Təhsil Kompleksi X2 ilə aramızda məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi barədə xx xxx 2019-cu il tarixli, 446 saylı müqavilə (bundan sonra müqavilə) imzalanmışdır. Müqavilənin 2.4-cü bəndi ilə müəyyənləşdirilmiş qaydada cavabdehə 2019-2020-ci il tədris ili üçün 9500 (doqquz min beş yüz) manat məbləğində təhsil haqqı ödənilmişdir. X5 xx xxxx 2020cı il tarixinədək H.Əliyev adına Müasir Təhsil Kompleksində məktəbəqədər hazırlıq üzrə təhsil almış, lakin ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədris prosesi dayandırılmış və nəticədə 2020-ci ilin mart-iyun ayları ərzində 72 (yetmiş iki) saat tədris prosesi həyata keçirilməmişdir. Müqavilənin 1-ci bəndinə əsasən cavabdeh məktəbəqədər təhsil xidmətlərini göstərməyi, uşağa müasir təhsil metodikalarından istifadə etməklə ıkı dıllı Azərbaycan-İngilis və Rus-İngilis bölməsində tərbiyə-təlim verməyi, uşağı gündə 4 dəfə uyğun qıda ilə təmin etməyi, müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaratmağı incəsənətin müxtəlif növlərinə cəlb etməyi, həmçinin Müqavilənin 4-cü bəndi ilə müəyyən edilmiş vəzifələri və öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. Lakin 2020-cı il mart-iyun ayları ərzində müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Müqavilənin 2.1-ci bəndi ilə müəyyən olunan xidmət haqqı müqavilənin 1-ci bəndində göstərilən xidmətlər və onunla bağlı kompleks xidmətlər üçün nəzərdə tutulmuşdur. Müqavilənin 1-ci bəndi ilə müəyyən olunmuş xidmətlər və onunla bağlı kompleks xidmətlər 72 gün müddətində icra olunmadığına görə tərəfimdən ödənilmiş 9500 (doqquz min beş yüz) manat məbləğinin 3800 (üç min səkkiz yüz) manat təşkil edən məbləği cavabdeh tərəfindən geri qaytarılmalıdır. Cavabdeh tərəfindən elektron poçt vasitəsilə göndərilmiş məktubda tədris prosesinin onlayn (distant təhsil) formada həyata keçirildiyi və 2020-ci ilin mart-ıyun ayları ərzində 72-tədris günü üçün ödənilmiş təhsil haqqı məbləğinin 25% həcminin güzəşt ediləcəyi bildirilmişdir. Cavabdehə ödənilmiş ümumi təhsil haqqının 72 tədris günü üzrə olan hissəsinin, yəni 3800 (üç min səkkiz yüz) manatın geri ödəməsi ilə bağlı xx xxxxxxxx 2020 ci il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh tələb olunan məbləğin geri qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Sonda iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Nazirlər Kabinetinin sərəncamına əsasən ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır. Lakin, Azərbaycan Respublikası “Təhsil haqqında” Qanunun 13.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında təhsilalma formalarından biri distant (məsafədən) olduğunu və bu formada təhsilalmada heç bir məhdudiyyətin qoyulmamasını nəzərə alaraq, MTK həm məktəbəqədər, həm təhsil xidmətlərinin distant (məsafədən) təşkil olunması üçün “Microsoft” və “SeeSaw” proqram təminatı platformalar üzərindən təşkil edilməsi həm maddi, həm texniki tədbirləri həyat keçirmiş və qeyri iş günü hesabın Novruz bayramından sonrakı ilk iş günü 27 mart tarixində məktəbəqədər İ xidmətlərini alan şagirdlərin bütün valideynlərinə, iddiaçı daxil olmaqla, elektron poçt vasitəsi ilə, o cümlədən müəllimin valideynə telefon zəngi və ilin indən, yəni 2019-cu ilin sentyabr ayından daim valideyn, uşaq və müəllimdən istifadə edilən və Kompleksdəki tədris və təlim-tərbiyə prosesinin hissəsi olan SeeSaw proqram təminatı vasitəsi ilə təhsilin distant təşkil olunması, xüsusən də məktəbəqədər təhsilin ən vacib pilləsi edilən iddiaçının övladının aid olduğu məktəbə hazırlıq qrupunun dərslərdə davamiyyətinin əhəmiyyətli olması və həftə içi 5 gün olmaqla müvafiq saatlarda təhsilin təşkilini, o cümlədən valideynlərdən bu xidmətin göstərilməsi sahəsində dəstək olmalarının xahiş edilməsi və hər hansı sual və ya təklif olduğu də müəllimlərə müraciət edilməsini əks etdirirdi. Müqavilə üzrə öhdəliklərin qeyd olunan tərzdə icra edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2- ci maddəsində öz əksini tapmışdır, yəni öhdəlikləri icra edərkən tərəflər yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və əmrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd olunmalıdır ki, beh müqavilədə göstərilən öhdəliklərini vicdanla icra etməsi üçün onun asılı olmayan məhdudiyyətlərin yaranmasına baxmayaraq, xüsusi karantin dövründə mahiyyəti etibarı ilə müqavilənin əsas predmeti hesab edilən məktəbəqədar təhsil xidmətinin göstərilməsi üçün bütün mümkün olan tədbirləri keçirmişdir, yəni distant (məsafədən) təhsil üzrə proqramının və dərs cədvəlinin hazırlanması, müvafiq proqram təminatı platformaları ilə qoşulmaq üçün hər bir valideyni şəxsi hesab və kodla təmin edilməsi, hər gün dərslərin təşkil olunması və ev tapşırıqlarının göndərilməsini təmin etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mart, aprel, may, iyun aylarında təhsil distant (məsafədən) keçirilməsi ilə əlaqədar olaraq müqavilənin 1–ci maddəsində sadalanan bəzi xidmətlər, onların içində - yeməkxana, klub xidməti, dəftərxana ləvazimatı ilə təminat və təhlükəsizlik xidmətinin göstərilməməsi Kompleksin diqqətinindən yayılmamışdır. Həmin aylara görə Kompleksin rəhbərliyi tərəfindən xidmət haqqına 25% güzəşt tətbiq olunmuşdur və bu barədə hər valideynə, o cümlədən iddiaçıya xx.xx.2020-ci il tarixində elektron poçt və digər vasitələrlə rəsmi məlumat verilmişdi. Ümumilikdə, xidmət haqqının güzəşt məbləği, yəni iddiaçıya qaytarılan hissəsi ümumi ödənilmiş 9500 (doqquz min beş yüz) manatın 4 aya görə hesablanan 3800 (üç min səkkiz yüz) manat üzrə 25% güzəşt olaraq 950 (doqquz yüz əlli) manat təşkil etmişdir. Eyni zamanda, iddiaçı öz iddia ərizəsində AR Nazirlər Kabinetinin xx xxxxxx 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 2-ci və 3-cü maddələrinə istinad edir, lakin aydın və əsaslı heç bir səbəb və sübut göstərmədən məktəbə hazırlıq dərslərinin onlayn (distant) formasında yerinə yetirməsinin qeyri-mümkün olduğunu iddia edir. Belə ki, həmin Qaydaların 2-ci maddəsinə görə məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etmək, məktəbə hazırlığın vəzifələri isə uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Kompleksdə qeyd olunan Qaydaların 4.2-ci və 4.3-cü maddələrinə əsasən iddiaçının övladı təhsil alan məktəbə hazırlıq qrupunda karantin dövründə həftə ərzində 15 məşğələ (Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi, Fiziki mədəniyyət və sosial-psixoloji hazırlıq üzrə) hər bir məşğələ müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilməklə məktəbəqədər təhsil xidmətləri təşkil olunmuş və həyata keçirilmişdi və göstərilən xidmət məktəbə hazırlığın təşkili üçün qoyulan tələblərin heç biri ilə ziddiyyət yaratmamış, əksinə həmin tələblərin yerinə yetirilməsinə yönəlmişdir. Həmçinin, Məktəbə hazırlığın təşkili Qaydalarının 1.6-cı maddəsində deyilir ki, əsasən beşyaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər və Qaydaların heç bir müddəasında məktəbə hazırlığın distant məsafədən) təşkilinin qeyri-mümkün olduğu haqqında qeyd öz əksini tapmamışdı. Beləliklə, iddiaçının məktəbə hazırlıq dərslərinin keçirilməmiş olduğunun və onlayn (distant) formasında yerinə yetirməsinin qeyri-mümkün olduğunun iddia edilməsini əsassız hesab edir. Eyni zamanda bildirir ki, 4 aya görə hesablanan 3800 (üç min səkkiz yüz) manat üzrə 50% güzəşt həmçinin oluna bilər. Məhkəmə iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası İddiaçıdur. İş materiallarında olan İddiaçı ilə Heydər Əliyev adına MTK MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “məktəbəqədər təhsil xidmətlərini göstərilməsi barədə” Müqavilənin 1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən MTK məktəbəqədər təhsil xidmətlərini göstərməyi, uşağa müasir təhsil metodikalarından istifadə etməklə iki dilli olan Azərbaycan-ingilis, rus-ingilis bölməsində tərbiyə-təlim verməyi, onu gigiyenik tələblərə uyğun qida ilə təmin etməyi, onun istirahətini təşkil etməyi, müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaratmağı, incəsənətin müxtəlif növlərinə cəlb etməyi və MTK-da olduğu müddətdə onun təhlükəsizliyini təmin etməyi, valideyn isə MTK-nın göstərdiyi məktəbəqədər təhsil xidmətlərinin haqqını vaxtlı-vaxtında ödəməyi və bu müqavilədə nəzərdə tutulan digər vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən MTK-nın bu müqavilənin 1-ci maddəsində göstərilən təhsil və onunla bağlı kompleks xidmətlərinin qiyməti tədris ili üçün 10.000 manat təşkil edir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən valideyn göstərilən xidmətlərin haqqını bank vasaitəsilə bütün təhsil ili üçün qabaqcadan tam şəkildə və ya əlavədə təqdim olunmuş cədvələ uyğun olaraq həyata keçirməlidir. Bu müqavilənin 2.1-ci bəndində göstərilən xidmət haqqı xx xxxxxx 2019-cu il tarixinədək tam şəkildə ödənildikdə ödənişin 5%-i miqdarında endirim tətbiq olunur. Həmin Müqavilənin 8-ci bəndinə əsasən tərəflərdən heç biri hazırki müqavilə üzrə öz öhdəliklərini onların iradəsindən asılı olmayan müharibə, iğtişaş, epidemiya, epizootiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər, qəzalar, dövlət hakimiyyəti orqanlarının qərarı kimi qarşısıalınmaz qüvvələr nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə həmin müddətdə məsuliyyət daşımır.8.2. Əgər dəfedilməz qüvvələr şəraiti ardıcıl olaraq 3 ay davam edirsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqaviləyə bir tərəfin digər tərəfə bildiriş, göndərilməsi yolu ilə xitam verilə bilər. İş materiallarına əlavə edilmiş “məktəbəqədər təhsil xidmətlərini göstərilməsi barədə” Müqaviləyə əlavənin Xidmət Haqqının ödənilməsi cədvəlindən görünür ki, qeydiyyat ödənişi 1000 manat təşkil edir. Son ödəniş müddəti xx.xx.2019-cu ildir. Müqavilənin 2.1-ci bəndində göstərilən xidmət haqqı xx.xx.2019-cu il tarixinədək tam şəkildə ödənildikdə ödənişin 5%-i miqdarında endirim tətbiq olunur. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfində MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx xxx 2019-cu ıl tarixli, 446 saylı müqaviləyə (bundan sonra müqavilə) əsasən oğlu X1 Təhsil Kompleksində (bundan sonra MT'K) məktəbəqədər hazırlıq üzrə təhsil almışdır. Bildiyiniz kimi 2019-2020-ci il tədris ilinin müddəti 180 gun nəzərdə tutulsada, ölkə ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar tədris prosesi dayandırılmış. Nəticədə 2020-ci il mart-iyun ayları (72 gün) ərzində tədris prosesi həyata keçirilməmişdir. Qeyd edilən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq 2019-2020ci il tədris ili üçün 9.500 manat məbləğində təhsil haqqı tərəfindən qabaqcadan tam olaraq ödənmişdir. Lakin məlum səbəblərdən dolayı MTK müqavilənin 3.1-ci bəndi üzrə tərbiyətəlim prosesini tam olaraq icra edə bilməmişdir. Belə ki, şagirdlər həm təhsil, həm də yeməkxana, klub xidməti, dəftərxana ləvazimatları ilə tam olaraq təmin edilməmişdir. Tərəfinizdən elektron qaydada valideynlərə ünvanlanmış məktubda mart-iyun ayları ərzində 72 tədris günü üzrə ödənilmiş təhsil haqqı məbləğinin 25 % həcmində endirimin tətbiq olunacağı bildirilmişdir. Tətbiq etdiyiniz endirim bir valideyn kimi mənim maraqlarımı təmin etmir. Tərəfindən ödənilmiş məbləğ Müqavilənin 1-ci bəndində qeyd edilən təhsil və onunla bağlı kompleks tədbirlərin qiymətini təşkil edir. Müqavilə üzrə uşağa Azərbaycan- İngilis, Rus-ingilis bölməsində tərbiyə-təlim vermək, onu gündə 4 dəfə gigiyenik tələblərə uyğun qıda ilə təmin etmək, onun istirahətini təmin etmək, idman və icəsənət növləri ilə məşğul olmasına şərait yaratmaq, dərnəklərdə iştirak, ekskursiyaların təşkili, psixoloji xidmətlərin göstərilməsi və s xidmətlər MTK tərəfindən 72 gun müddətində yerinə yetirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərəfimdən ödənilmiş ümumi təhsil haqqının 72 tədris günü olan hissəsinin, yəni 3800 (üç min səkkiz yüz) manat pul məbləğini geri ödəməyinizi Sizdən xahiş edirəm. İş materiallarına əlavə edilmiş cavabdeh “xxxx” Təhsil Kompleksi MMC-nin 200 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, maliyyə şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə sizin ərizənizə cavab verilmişdir. Sizin tərəfdən yenidən xx.xx.2020ci il tarixdə ünvanlanmış ərizəyə cavab olaraq bildirmək istəyirik ki, ərizənizə rəhbərlik tərəfindən yenidən baxılmış və əlavə endirimin verilməsi ilə bağlı heç bir güzəştin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Endirimin hesablanması ilə bağlı daha ətraflı məlumat aşağıda qeyd olunmuşdur. Təhsil haqqı 10.000 manat, 5% birdəfəlik ödəniş endirimi – 500 manat, Covid-19 endirimi – 950 manatdır. İş materiallarına əlavə edilmiş cavabdeh “xxxx” Təhsil Kompleksi MMC-nin elektron məktubundan görünür ki, ölkə ərazisində koronovirus infeksiyasını Covid-19 yayılmasının qarşısını almaq məqsədilə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar MTK-da tədris prosesi onlayn (distant təhsi) formada həyata keçirilmiş və hal-hazırda bu iş uğurla davam etdirilir. 2019-2020-ci akademik il üzrə şagirdlərə sentyabr-iyun ayları ərzində 180 gün dərs keçirilməsi planlaşdırılmışdır. Mart-iyun ayları üzrə bu 72gün təşkil edir. Yaranmış vəziyyət ilə bağlı olaraq mart ayından etibarən şagirdlərə yeməkxana, klub xidməti və dəftərxana lə\vazimatları ilə təminat tam dayandırılmış və bu kompleksin diqqətindən yayınmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, rəhbərlik hər bir valideynin marağını qoruyaraq təhsil haqqı üzrə endirim tətbiq edilməsi qərarını qəbul etmişdir. Endirim məbləği mart-iyun ayları ərzində 72 həftə günü üzrə valideynin ödədiyi təhsil haqqı məbləğinin 25% həcmində nəzərdə tutulur. Təhsil haqqı üzrə endirim aşağıdakı kimi tətbiq olunacaqdır. 2019-2020-ci tədris ili üzrə hesablanmış təhsil haqqını bütövlükdə ödəmiş valideynlər üçün nəğd şəkildə qaytarmaq və ya növbəti ilin təhsil haqqından çıxmaqla, 2019-2020-ci tədris ili üzrə hesablanmış təhsil haqqından borcu olan valideynlər üçün borc məbləğindən endirim məbləğini çıxmaqla endirimin tətbiqi ilə bağlı tam məlumat almaq üçün maliyyə şöbəsinə müraciət etməyiniz xahiş olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş məktəbə hazırlığının təşkili qaydasılarının 2.1-ci bəndinə görə məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesinin təşkil etməkdir, həmçinin həmin qaydalarının 2.2-ci bəndinə görə məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Azərbaycan Respublikası MM-nin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh xxxx Təhsil Kompleksi MMC-dən 1.900 (min doqquz yüz) manat təhsil haqqı, ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xxxx Təhsil Kompleksi MMC-dən 1.900 (min doqquz yüz) manat təhsil haqqı, ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Nülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar