Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-961/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Sideif-zadə İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun təmin olunması, bu mümkün olmadıqda isə mənzilə olan istifadə hüququnun itirilməsi zamanı ona ödənilməyən kompensasiyanın verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sideif-zadə İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun təmin olunması, bu mümkün olmadıqda isə mənzilə olan istifadə hüququnun itirilməsi zamanı ona ödənilməyən kompensasiyanın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu Sideif-zadə Babək Marif oğlu ilə iddiaçı arasındakı nikah – xx.xx.2008-ci il tarixdə Səadət Sarayı Bakı Nikah Evi tərəfindən verilən AZ-İ № 435291 saylı nikah şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Əvvəllər ilə münasibətləri yaxşı olsa da, sonradan cavabdeh B.M.Sideif-zadə ilə iddiaçının arasındakı münasibət pozulmuşdur. Nəticədə, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-4254/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmaqla aliment kəsilmişdir. Lakin, cavabdehin oğlu tərəfindən alimen ona ödənilmir. İddiaçının faktiki olaraq qeydiyyatda olduğu ünvan 1-dən iddiaçını məhkəmə qərarı əsasında mənzildən çıxarmışdır. İddiaçı mənzildən çıxarılsa da, ona mənzilə olan istifadə hüququnun itirilməsi zamanı hər hansı bir kompensasiya ödənilməmişdir. İddiaçı hələ də kirayələrdə qalır və pul ödəyir. Odur ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdehə məxsus mənzilə istifadə hüququmun itirilməsi nəticəsində maddi vəziyyəti və diqqətəlayiq digər halları yaşayış sahəsi ilə təmin olunmasına imkan vermədiyindən ünvan 1 ünvanında yerləşən mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun təmin olunması, bu mümkün olmadığı halda isə həmin mənzilə olan istifadə hüququnun itirilməsi zamanı ona ödənilməyən bazar qiyməti ilə olan müvafiq kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Sideif-zadə İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Sideif-zadə Sürəya Əbdül qızı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi ünvanlayaraq işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sideif-zadə Sürəya Əbdül qızı iddia tələbinə dair etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur və cavabdehin həmin mənzildə yaşamamışdır. İddiaçı onun oğlu ilə nikahda olduğu (iddiaçı 2008-ci il tarixdə nikaha daxil olmuşdur) dövrdə bir müddət ünvan 2 mənzil 9 ünvanında yaşamışdır. Həmçinin iddiaçının həmin mənzildə heç zaman istifadə hüququ da olmamışdır. İddiaçı sözügedən ünvanda sadəcə qeydiyyatda olmuşdur ki, o da məhkəmənin müvafiq qətnaməsi ilə qeydiyyatdan çıxarılmışdır. Hazırda iddiaçı ona məxsus mənzildə qeydiyyatda belə deyildir. Hazırki iş üzrə cavabdeh Sideif-zadə Sürəya Əbdül qızı cavabdeh Sideif-zadə İddiaçı qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 15 saylı evin 54 saylı mənzildən “istifadə hüququna xitam verilməsi” tələbi ilə hazırki iş üzrə iddiaçı Sideif-zadə İddiaçı ilə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 15 saylı evin 54 saylı mənzilə köçürülməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Nəsimi rayon Məhkəməsi xx.xx.2018-ci il tarixdə 2(006)-4904/2018 saylı qətnamə çıxarmışdır. Daha sonra həmin qətnamədən verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməyərək rədd edilmişdir. Nəsimi rayon Məhkəməsi xx.xx.2018-ci il tarixdə 2(006)-4904/2018 saylı qətnaməsinin məzmunundan da göründüyü kimi hazırki iş üzrə iddiaçı Sideif-zadə İddiaçı həmin mənzildə istifadə hüququ olmamışdır (həmçinin münasibətlərin Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimləndiyini və 228.2-ci maddəsinə istinadən istifadə hüququ üçün əsasların olmadığı bildirilmişdir) və istifadə hüququnun olmadığı üçün Bakı apellyasiya Məhkəməsi qeydiyyatdan çıxmaq üçün əsas saymışdır. Odur ki, hazırda iddiaçı həmin mənzildə hazırda pasport qeydiyyatında belə yoxdur. Bundan başqa, eyni hal üzrə mübahisəyə 2018-ci il tarixdə Nəsimi rayon məhkəməsində baxıldığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-4904/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Sideif-zadə Sürəya Əbdül qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Sideif-zadə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Sideif-zadə İddiaçı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4795/2019 saylı qətnaməsinin surətindən görünür ki, Sideif-zadə İddiaçı və Sideifzadə Sürəya Əbdül qızının apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, qətnamə Sideif-zadə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 15 saylı evin 54 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6677/2019 saylı qərarın surətindən görünür ki, Sideif-zadə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın surətindən görünür ki, Sideif-zadə Sürəya Əbdül qızı, Sideifzadə Azər Marif oğlu və Sideif-zadə Babək Marif oğlu Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 4943/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Sideif-zadə İddiaçı və Sideif-zadə Babək Marif oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 11/15, 9 saylı mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-131/2019 saylı qətnaməsinin surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi Sideif-zadə İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4593/2019 saylı qərarın surətindən görünür ki, cavabdeh Sideif-zadə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-131/2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-4943/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə tam şəkildə icra olunması ilə əlaqədar icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləsinin surətindən görünür ki, Sideif-zadə İddiaçı aylıq 450 manat ödənilməklə Bakı şəhəri, S.Orucov küçəsində yerləşən 8A saylı evin 36 saylı mənzili icarəyə götürmüşdür. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında iddiaçının mübahisəli mənzildən çıxarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamələr mövcuddur. AR Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının müəyyən olunmadığından iddia bu hissədə rədd olunmalı, həmçinin qanunvericilikdə isə yalnız istifadə hüququna olan şəxsə kompensasiya verilməsi nəzərdə tutulduğundan və birinci tələb rədd olunduğundan ikinci tələb də əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, Sideif-zadə İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun təmin olunması, bu mümkün olmadıqda isə mənzilə olan istifadə hüququnun itirilməsi zamanı kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Sideif-zadə İddiaçı cavabdeh Sideif-zadə Sürəya Əbdül qızına qarşı «yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun təmin olunması, bu mümkün olmadıqda isə mənzilə olan istifadə hüququnun itirilməsi zamanı ona ödənilməyən kompensasiyanın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-961/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-961/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver