Məhkəmə qərarları › İş №2(007)-1221/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1221/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1221/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Serafettin Öztürkün iştirakları ilə, İddiaçı cavabdeh Serafettin Öztürkə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Serafettin Öztürkə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Serafettin Öztürklə aralarında bağlanmış 27 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə xitam verilməklə, həmin müqavilə əsasında cavabdehin ona qaytarmalı olduğu 5000 (beş min) manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 1000 (bir min) manat məbləğində pulun, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 200 (iki yüz) manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 (on səkkiz) manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 83 (səksən üç) manatın, ümumilikdə 6301 (altı min üç yüz bir) manat məbləğində pulun cavabdeh Serafettin Ozturkdən tutularaq İddiaçı oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Serafettin Öztürklə aralarında bağlanmış 27 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin ona qaytarmalı olduğu 5000 (beş min) manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 1000 (bir min) manat məbləğində pulun, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 200 (iki yüz) manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 (on səkkiz) manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 83 (səksən üç) manatın, ümumilikdə 6301 (altı min üç yüz bir) manat məbləğində pulun cavabdeh Serafettin Ozturkdən tutularaq İddiaçı oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Serafettin Öztürklə iddiaçı arasında 27 oktyabr 2022-ci il tarixli Kredit Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən o, cavabdeh S. Öztürkə 8580 manat məbləğində pul borc vermiş, cavabdeh isə həmin borc pulu xx.xx.2023-cü il tarixinədək (12 həftə müddətində, hər həftə 715 manat olmaqla) ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü həmin öhdəliyi yerinə yetirməyərək, qaytarmalı olduğu borc məbləğini ona tam olaraq qaytarmamışdır. Tərəfindən cavabdeh S.Öztürkə müraciətlər edərək, borc kimi verdiyi məbləğin ona qaytarılması xahiş edilsə də bugünədək ona ödəməli olduğu məbləğ tam ödənilməmişdir. Cavabdehin hazırda iddiaçıya ödəməli olduğu məbləğ 5000 (beş min) manat təşkil edir. Yuxanda göstərilənlər müqavilə şərtlərinin cavabdeh Serafettin Öztürk tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına dəlalət edir. Tərəfindən 08 fevral 2023-cü il tarixli pretenziya ilə cavabdeh Serafettin Öztürkə müraciət edilərək, aralarında bağlanmış 27 oktyabr 2022-ci il tarixli Kredit Müqaviləsinə xitam verilməklə, ona qaytarmalı olduğu 5000 (beş min) manat məbləğində pulun bütünlüklə 5 (beş) gün ərzində ona ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh Serafettin Öztürk tərəfindən müraciətinə cavab verilməmişdir. Beləliklə də, qeyd olunanlardan da göründüyü kimi cavabdeh Serafettin Öztürk müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Serafettin Öztürklə aralarında bağlanmış 27 oktyabr 2022-ci il tarixli Kredit Müqaviləsinə xitam verilməklə, cavabdeh ona qaytarmalı olduğu 5000 (beş min) manatı bütünlüklə ona qaytarmalı, həmçinin vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi hüquqlarının müdafiəsi üçün cavabdehə etdiyi müraciətlər, hazırda isə məcburən məhkəməyə müraciət etməyi və s. hallar onu mənəvi alçaltmış, özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır, həmçinin onun güclü narahatlıq hissi keçirməyinə səbəb olmuşdur. Odur ki, ona həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri simvolik olaraq 1000 (bir min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Serafettin Öztürk bildirdi ki, iddianı qismən qəbul edir. İddiaçıdan borc pul almayıb, Mir Rauf işlədiyi şirkətdən mal alıb satıb. Həmin malı şirkətdən almışdır. İddiaçı şirkətdə mühasibdir. Əməkdaşlıq edəndə 60000 manat pul ödəmişdir onlara. Lakin onlar vergini ödəmədilər. Bundan sona arada olan münasibətlər pozuldu. Notariusa ehtiyac olmadığını desə də xarici vətəndaş olduğu üçün etibar etməyib müqavilə bağlayıblar. Hazırda iddiaçının işlədiyi şirkətə 4770 manat borcu vardır. Vergi pulunu özləri ödəməli idilər ödəmədikləri üçün 1300 manat borc yaranıb. Həmin borc da ödənmədikcə gündən-günə artır. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Serafettin Öztürk arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli “kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı 8580 manat məbləğində pulu Serafettin Öztürkə vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” 8580 manat məbləğində pulu xx.xx.2023-cü tarixinədək (12 həftə müddətində, hər həftə 715 manat olmaqla) “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. - 24 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı notariat hərəkətləri üçün 18 manat məbləğində pul ödəmişdir. - 01 mart 2023-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən və 03 mart 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüququ yardım üçün Vəkil 200 manat məbləğində pul ödəmişdir. - İddiaçı Serafettin Öztürkə ünvanlandığı 08 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Serafettin Öztürk 4880 manat məbləğində pul vəsaitini 5 gün müddətində ödəməsi təklif olunmuşdur, ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - 06 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Serafettin Öztürkə 8580 manat məbləğində borc pul vermişdir. Serafettin Öztürk borc pulu 12 həftə müddətində, hər həftə 715 manat olmaqla xx.xx.2023-cü tarixinədək qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edir və İddiaçı olan 4770 manat borcunun olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Cavabdeh Serafettin Öztürk məhkəmə iclasında İddiaçı yox onun işlədiyi şirkətə mal aldığı üçün borcu olduğunu bildirsə də borcunun şirkətə olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Borcunun olduğuna görə notariusda müqavilə bağladıqlarını etiraf etmişdir. Həmçinin borcunun çox olduğunu lakin ödəniş etdiyini bildirdi. Göründüyü kimi cavadeh dolayısı ilə iddia tələbini borc hissəsində qəbul edir. Beləliklə, müəyyən olundu ki, cavabdeh Serafettin Öztürk İddiaçı ilə bağladığı xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Serafettin Öztürk öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu müqavilənin şərtini pozaraq borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ödəniş etdikdən sonra 5000 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin “cavabdeh Serafettin Öztürkdən alınaraq vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 1000 (bir min) manat məbləğində pulun İddiaçı ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ona dəymiş mənəvi ziyanın nədən ibarət olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə aparılmış araşdırma cavabdeh Serafettin Öztürkün İddiaçı mənəvi ziyan vurulmasına gətirib çıxaran hər hansı qanunsuz hərəkətin və ya hərəkətsizliyin yol verilməsi müəyyən olunmamışdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi ziyanın ona dəyməsi barədə məhkəməyə sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Serafettin Öztürkdən alınaraq vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 1000 (bir min) manat məbləğində pulun İddiaçı ödənilməsi” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi “hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 200 (iki yüz) manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 (on səkkiz) manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 83 (səksən üç) manatın cavabdehdən alınaraq İddiaçı ödənilməsi” hissəsində iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı qismən etiraf etməsini də nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Serafettin Öztürkdən 5000 manat məbləğində pul, 200 manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilmiş xərc, 18 manat etibarnamə üçün ödənilmiş rüsum və ödənilmiş 83 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Serafettin Öztürkdən 5000 manat məbləğində pul, 200 manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilmiş xərc, 18 manat etibarnamə üçün ödənilmiş rüsum və ödənilmiş 83 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar