Məhkəmə qərarları › İş №2(007)-1675/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1675/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1675/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X7 uzun müddət xəstəlikdən əziyyət çəkmiş və bununla əlaqədar olaraq müalicələr almışdır. 26 dekabr 2020-ci il tarixində halı yenə pisləşmiş, çağırışlarına əsasən Bakı şəhəri Təcili və X3 Stansiyasının həkimləri tərifindən bacısına ilkin tibbi yardım göstərilsə də, 26 dekabr 2020-ci il tarixdə, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 7, mənzil 62 ünvanında rəhmətə getmişdir. O, bacısı X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən bacısı X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən, bacısı X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin 21 yanvar 2021-ci il tarixli, 160- 05/15 nömrəli cavab məktubunda göstərilmişdir: “X4 ölümünün qeydə alınması ilə bağlı şöbəyə ünvanladığınız 15.-1.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabin etinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatının qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq şöbəmiz tərəfindən ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilm isi üçün məhkəməyə müraciət etməyiniz məsləhət görülür”. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 38 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Lakin, Bakı şəhər Baş Səhiyyə İdarəsinin 38 nömrəli şəhər poliklinikasının 28 dekabr 2020-ci il tarixli, 254 saylı məktubu ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavab məktubunda göstərilmişdir: “Xətai rayonu, 38 №-li ŞP-sının rəhbərliyi bildirir ki, "Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yaşamış 21.06.1939-cu il təvəllüdlü X5 tərəfimizdən Ölüm haqqında sənəd (forma 106) verilə bilmir”. Odur ki, hazıki ərizə ilə mərhum bacısı X4 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət zərurəti yaranmışdır. Buna görə də, mərhum bacısı X4 26 dekabr 2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, X2 xalasıdır, 26 dekabr 2020-ci il tarixdə ürək çatışmamazlığından rəhmətə getmişdir. O, xalasının yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, X2 qonşusu olmuşdur. O, binanın birinci mərtəbəsində yaşayır, qonşusu Almaz Uzbəyova isə üçüncü mərtəbədə yaşamış və 26 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı, 05944471 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 21 iyun 1939-cu ildə ünvan 2 ünvanında qeydiyyata alınmışdır; -AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1935-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyata alınmışdır; -Bakı şəhəri Təcili və X3 Stansiyasının 7 saylı Bölməsinin 26 dekabr 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 09:19-da Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 7, mənzil 62 ünvanında X4 yanına gəldikdə, qadın cinsli meyid, həkimə qədər ölüm müəyyən edilmişdir; -Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 21 yanvar 2021-ci il tarixli, 160-05/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; -MMC şəkilli “Anbaran” müəssisəsinin 01 fevral 2021-ci il tarixli, 02/21 saylı arayışından görünür ki, 26 dekabr 2020-ci il tarixdə vəfat etmiş X4 adına hazırlanmış məzar abidəsi MMC şəkilli “Anbaran” müəssisəsi tərəfindən mərhumənin H.Z.Tağıyev adına toxuculuq fabrikinin qəbiristanlığındakı məzarı üstünə quraşdırılmışdır. Abidənin məzarüstü fotoşəkli arayışa əlavə edilmiş, abidə ilə əlaqədar 01 fevral 2021-ci il tarixdə müəssisənin kassasına 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir; -Məhkəməyə mərhum X4 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 21 iyun 1939-cu il tarixdə Bakı şəhərində doğulmuş bacısı X7 26 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi bacısının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 21 iyun 1939-cu il tarixdə Bakı şəhərində doğulmuş bacısı X4 26 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 iyun 1939-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 26 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar