Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1874/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 175 ( yüz yetmiş beş ) manat cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdə rəsmi nikah bağlamışlar. Rəsmi nikahdan 2 əkiz, övladları - xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4, oğlu anadan olmuşdur. O, cavabdehlə nikaha daxil olduğu gündən Bakı şəhəri, Binəqdi rayonu, Biləcəri qəsəbəsində yerləşən qeydiyyatsız fərdi yaşayış evdinə qaynatası, qaynanası, 3 qaynı və ailələri ilə birlikdə yaşamışdır. Cavabdehlə ailə qurduqları ilk günlərdən münasibətləri yaxşı olmamışdır. Ümumiyyətlə cavabdeh ailəyə qarşı həmişə laqeyd olmuşdur. Onu heç bir vaxt saymamış, onunla hesablaşmamışdır. Bu səbəbdən də aralarında həmişə narazılıqlar, söz-söhbət yaranmışdır. Artıq cavabdehlə birgə yaşamağın qeyri mümkünlüyü qənaətinə gələrək o, cavabdehdən ayrı olaraq valideynlərinin yaşadığı mənzilə qayıtmışdır. Hal-hazırda iki azyaşlı uşaqlar onun himayəsindədirlər. Lakin cavabdeh nəinki uşaqları anadan olandan sonra hətta birgə yaşadıqları müddət ərzində belə heç bir vaxt bir ailə başçısı olaraq ailənin problemləri, uşaqların minimum belə ehtiyaclarını təmin elmək barədə düşünməmiş, uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Baxmayaraq ki, bu onun bir ata və valideyn kimi borcu və vəzifəsidir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 160911 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 15 mart 2014-cü il tarixdə nikahlarını qeyd etdirmişdir. - AZ-İV 281426 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV 281425 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh və X3 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində olmalqa cəmi 350 müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 29 mart 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 mart 2021ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 mart 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1874/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1874/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver