Məhkəmə qərarları › İş №2(007)-2137/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2137/2021

02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2137/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 21.03.2021ci ildə Bakı Şəhərində vəfat etmiş 01.05.1973-cü il təvəllüdlü mərhu qardaşı X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi hal-hazırda Bakı şəh., Nizami ray, Naxçıvanski 6., m 90-da qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin mənzildə yaşıyırlar. Mərhum qardaşı 01.05.1973-cü il təvəllüdlü X2 da həmin ünvanda onunla birgə yaşayırdı. Mərhum qardaşı 01.05.1973-cü il təvəllüdlü X2 ağ ciyər xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Mərhu qardaşı X2 21.03.2021-ci ildə yaşadıqları ünvanda vəfat etmişdir. Həmin dəqiqə növbətçi həkimi çağırdılar və həkim gələnəcən mərhum qardaşı X2 artıq keçinmişdi. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış verdi. O, Ərizəçi hal-hazırda ünvan 1-da qeydiyyatda olduğu üçün həmin ölüm haqqında arayışı Bakı Şəhər Nizami Rayonu Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızı verməmiş və imtina etmişlər. Mərhum qardaşım 01.05.1973-cü il təvəllüdlü X2 da ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirdi ki, İlham onun oğludur. Vəfat etdiyi gün onunla evdə tək olmuşlar. Novruz bayramında, yəni 21.03.2021ci il səhər tezdən İlham əl-üzünü yuduqdan sonra yatağına uzanmış, özünü pis hiss etməsini bildirmişdir. Etibar evə gələndə keçinmişdir. Pandemiyaya görə yas verməmişlər. Evə gəlib-gedən olurmuş. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 14 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Vət.X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - BŞT və TTYS-nın 6 saylı bölməsi tərəfindən verilmiş 21 mart 2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X1 21 mart 2021-ci il tarixində vəfat etməsi aşkar edilmişdir. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikasının 06 may 2021-ci il tarixli məktubundan görünür ki, 01 iyun 1973-cü il təvəllüdlü mərhum X2 26 saylı poliklinikaya heç vaxt müraciət etməmiş, ambulator kartası olmamışdır. Bu səbəbdən mərhumun ölüm səbəbi məlum olmadığı üçün onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli 160 nömrəli arayışdan görünür ki, X2 22 mart 2021-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X2 21 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi qardaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı Şəhər Nizami Rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı X1 21 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 may 1973-cü il təvəllüdlü X1 21 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar