Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2275/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı "alimentin artırılması" tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahlarından 21 noyabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(007)-1901/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş "uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 90 manat sabit pul məbləğində aliment”in tutulması qayda və formasını dəyişərək, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(007)-1901/2018 saylı qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış və Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 30 aprel 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 400 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahlarından 21 noyabr 2011-ci il tarixdə doğulmuş X6 yanımda saxlanılmış, Cavabdeh1 27 mart 2018-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 90 manat sabit pul məbləğində alimentin xeyrimə tutulması qət edilmişdir. Hazırda həmin aliment məbləğinin tutulması qayda və formasının dəyişdirilməsini və tutulmalı olan məbləğin artırılmasını istəyir. Belə ki, məhkəmə cavabdehin hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 90 manat sabit pul məbləğində alimentin tutulması barədə qənaətə gələrkən, bu qənaətini onunla əsaslandırmışdır ki, "Məhkəmə alimentin hansı qaydada və məbləğdə tutulmasını müəyyən edərkən qeyd edir ki, Cavabdeh1 rəsmi olaraq işləyir və onun aylıq vəzifə maaşı 249,0 manatdır. Aliment ödənilməsi barədə razılıq olmadıqda hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Cavabdehin 249 manat əmək haqqı alması, onun həmin əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulmalı olması, 2018-ci ildə uşaqlar üçün yaşayış minimumunun 154 manat məbləğində müəyyən edilməsi nəzərə alındıqda, məhkəmə hesab edir ki, cavabdehin əmək haqqından tutulması mümkün olan dörddə bir hissə (249/4 = 62,25) uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu məbləği ilə uyğunluq təşkil etmir, həmin məbləğ uşağın əvvəlki təminatının səviyyəsinin təmin edilməsi baxımından onun maddi təminatının ödənilməsi üçün yetərli deyildir, uşağın mənafeyinə ziddir. Ona görə məhkəmə hesab edir ki, aliment nər ay ödənilməli olan sabit pul məbləğində, həm də qazancın və gəlirlərin dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir”. Lakin nəzərə alınmalıdır ki, cavabdeh həmin qaydada aliment ödənişini stabil həyata keçirmir, əmək haqqından tutulmalar tam həyata keçirilmir, sabit məbləği isə vaxtlıvaxtında ödəmir, bir sözlə, alimentin həmin qaydada tutularaq ödənilməsi çətinlik yaradır, uşağın mənafelərinə ziddiyyət təşkil edir. Bundan başqa məlumdur ki, hər il uşaqlar üçün yaşayış minimumu dəyişdirilərək artırılır, qətnamənin qəbul edilməsindən isə artıq 2 il 7 aydan artıq vaxt keçir. Buna baxmayaraq cavabdeh könüllü surətdə aliment məbləğini artırmır. Cavabdeh nəinki aliment məbləğini artırmır, hətta, o, qətnamə ilə müəyyən olunmuş məbləği də ödəməkdən yuxarıda qeyd etdiyi qaydada yayınmağa cəhd edir. Göründüyü kimi bütün qanunvericilik aktları uşaqların maddi cəhətdən təmin edilməsinin həyata keçirilməsinə yönəlmişdir, hansı ki, o da bu prinsipdən irəli gələrək məhkəməyə müraciət edir. Bununla, uşağın maddi cəhətdən təminat səviyyəsi az da olsa, təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun bütün qərarlarında, o cümlədən qanunvericilikdə birmənalı vurğulanır ki, “Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz". Ona görə hesab edir ki, alimentin dəyişdirilməsi və miqdarının müəyyən edilməsi zamanı Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş “Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz” müddəası qətnamə qəbul edən məhkəmə tərəfindən diqqətdə saxlanılmalı, qızının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Bununla bağlı özünün müstəqil əldə etmək imkanının məhdudluğunu nəzərə alaraq, məhkəmədən Cavabdeh1 Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(007)-1901/2018 saylı qətnaməsi əsasında 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayı daxil olmaqla ödədiyi alimentin məbləğinə dair hesabdan çıxarış və digər məlumatlar Bakı şəhəri Qaradağ rayon icra şöbəsindən və onun iş yeri üzrə ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-dən tələb olunması barədə vəsatət verməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizənin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh1 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 90,0 manat aliment alır. Cavabdeh həmin məbləği hər ay ödəmir və aliment borcu da var. Qətnamə ilə tutulan alimentin miqdarının dəyişdirilməsini və 175 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbinə etiraz edir. Hazırda işlədiyi yerdə 420 manat əmək haqqı alır və iddiaçıya qətnamə üzrə təxminən 195-200 manat aliment ödəyir. Həmçinin məhkəmə qətnaməsinə əsasən başqa nikahından doğulmuş iki uşağı üçün də hər ay 200 manat aliment ödəyir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2738/2012 saylı 30 iyul 2012-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh1 11 iyun 2012-ci il tarixdən başlayaraq 11 iyul 2006-cı il təvəllüdlü X4 və 01 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər biri üçün ayrılıqda hər. ay 100 (yüz) manat, ümumilikdə isə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1901/2018 saylı 10.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 30 aprel 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 400 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 21 noyabr 2011-ci il tarixdə doğulmuş X6 anası İddiaçı yanında qalması, Cavabdeh1 27 mart 2018-ci il tarixdən başlayaraq, 21 noyabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 90,0 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, Cavabdeh1 “xxxx” ASC-də 6-cı dərəcəli təmirçi-çilingər peşəsində işləyir və aylıq əmək haqqı məbləği 249 manat təşkil edir. - Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 05 yanvar 2012-ci il tarixdə verilmiş AZ-İİ № 807667 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 noyabr 2011-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05 yanvar 2012-ci tarixdə 04 № ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası İddiaçıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikahından 21 noyabr 2011-ci-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)-1901/2018 saylı 10.08.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 30 aprel 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 400 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 21 noyabr 2011-ci il tarixdə doğulmuş X6 anası İddiaçı yanında qalması, Cavabdeh1 27 mart 2018-ci il tarixdən başlayaraq, 21 noyabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 90,0 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, 21 noyabr 2011-ci-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırda iddiaçı Cavabdeh1 onun hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 90,0 manat sabit pul məbləğində aliment alsa da, alimentin məğləğinin dəyişdirilməsini və sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, iddia tələbini, uşağın mənafeyini, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək iddia tələbinə uyğun olaraq 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)-1901/2018 saylı 10.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh1 21 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Cavabdeh1 20 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)-1901/2018 saylı 10.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh1 21 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh1 20 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-2275/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2275/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver