Məhkəmə qərarları › İş №2(007)-2455/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2455/2022

12.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2455/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi X1 kаtibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin naturada bölünməsi, istifadəyə maneələrin qadağan olunması, evə köçürülmə, cavabdehlərin çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin naturada bölünməsi, istifadəyə maneələrin qadağan olunması, evə köçürülmə, cavabdehlərin çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin naturada bölünməsinə, fərdi yaşayış evindən istifadəyə maneələrin qadağan olunması, fərdi yaşayış evinə köçürülmə, mülkiyyətindən cavabdehlərə məxsus əmlakların cavabdehlərin hesabına çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmədiyini, bu səbəbdən iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdir və 6/8 hissəsi İddiaçı 1/16 hissəsi Cavabdeh1 və 1/16 hissəsi Cavabdeh2 məxsusdur. Məhkəmə iclasında iddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin ona məxsus olmasını bildirərək cavabdehlərin evdən çıxmalarını tələb etdi. Daha sonra cavabdehlərin mülkiyyətində olan hər birinin 1/16 hissəsinin isə cəmi 20 m2 bir otaqdan ibarət olmasını bildirdi və cavabdehlərin payını ala biləcəyini təklif etdi. Göründüyü kimi mübahisəli mənzil paylı mülkiyyətdir və iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, mübahisəli evə paylar müəyyən olunaraq yalnız ideal bölgü olmuşdur. Payların real bölgüsü olmamışdır və iddiaçı məhkəməyə müraciət etmədən öncə cavabdehlərə payların real bölgüdə ayrılmasının şərtləri barədə təklif verməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müraciət etmək imkanı itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya müvafiq müraciət edildikdən sonra ümumi qaydada həmin tələb ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 4.1-ci maddəsinə əsasən bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Həmin qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. Bundan başqa məhkəmə iddiaçıya qeyd olunan nöqsanı aradan qaldırmaq üçün vaxt verərək məhkəmə iclasını təxirə salmışdır. Lakin iddiaçı yenə də cavabdehlərə yazılı təklif verməmiş və məhkəmə iclasının davam etdirilərək yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə evin bölünməsinə dair təklif irəli sürdükdən sonra tərəflər arasında razılıq əldə olunmadığı halda iddiaçının yenidən məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən, iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydada cavabdehlərə müraciət etməmiş və o, məhkəmədən kənar müraciət etmək hüququnu itirməmişdir. Bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalı və ilk növbədə iddiaçının müvafiq təkliflə cavabdehlərə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin naturada bölünməsi, istifadəyə maneələrin qadağan olunması, evə köçürülmə, cavabdehlərin çıxarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas olmuş hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver