Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2489/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və pul” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixli ÖM seriyalı 153718 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 33 saylı evin 15 saylı, 2 otaqlı mənzilə onun xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmiş və həmin mənzilin texniki pasportu tərtib edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 33 saylı 5 mərtəbəli, 92 məzilli yaşayış binasının söküntüsü, bu səhədə yeni yaşayış binasının tikintisi nəzərdə tutulduğundan binada yaşayan sakinlərə təmirli mənzillərin verilməsi məqsədi ilə onunla cavabdeh arasında 28 iyul 2016-cı il tarixində müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1 və 2.2.5-ci bəndlərinə əsasən, cavabdeh mənzilin faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.m təmirli mənzili 16 ay müddətinə onun mülkiyyətinə təhvil vermək barədə öhdəlik götürmüşdür. Həmçinin, müqavilənin 2.1.2-ci bəndinə əsasən cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 300.0 manat kirayə haqqı ilə təmin etməyi də öhdəsinə götürmüşdür. Qeyd edilən faktlara baxmayaraq cavabdeh bu günə qədər üzərinə götürdüyü onu mənzillə və eləcə də 300.0 manatdan kirayə pulu barədə verdiyi öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, 6 ildən artıqdır ki, cavabdeh tikinti işlərini başa çatdırmaq iqtidarında deyil və bununla cavabdeh tərəfindən mənzilin ona təhvil verilməsi təmin edilmir. Dəfələrlə cavabdehə bu barədə müraciət etsə də, təəsüflər olsun ki, qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən nəinki yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir, hətta onun yerinə yetirilməsi və icra edilməsindən müxtəlif bəhanələr ilə boyun qaçırmışdır. 2016-cı ildən o, ailəsi ilə birlikdə kirayə mənzildə yaşamaq məcburiyyətində qalaraq mülkiyyətindən, eləcə də layiqli həyat səviyyəsindən məhrum olmuşdur. Bütün bunların hamısı mənəvi sarsıntı keçirilməsi ilə nəticələnmişdir. Ona görə də hesab edir ki, cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi üçün müqavilədə nəzərdə tutulmuş mənzilin faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.m təmirli mənzili təhvil verməyi və 28 iyul 2016-cı il tarixindən bu günədək ödəmədiyi kirayə pulunu yəni 6*12*300=21.600 manat məbləğində ödəməlidir. Buna görə də, onunla cavabdeh arasında bağlanmış 28 iyul 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 (beş) mərtəbəli, 92 (doxsan iki) mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirən, həmin binada söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.metr təmirli mənzili, 28 iyul 2016-cı il tarixdən indiyədək ödənilməyən 21.600 manat məbləğində kirayə pulunun və həmçinin 155 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 iyul 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 (beş) mərtəbəli, 92 (doxsan iki) mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirən, həmin binada söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.metr təmirli mənzili, 28 iyul 2016-cı il tarixdən indiyədək ödənilməyən 21.600 manat məbləğində kirayə haqqının və 155 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 153718 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 saylı evin 2 otaqlı 15 saylı mənzili X1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1263 saylı reyestr kitabında xx.xx.2003-cü ildə 30/10351 nömrə ilə qeyd aparılmışdır. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.m təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.2-ci bəndinə əsasən, MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə hər ayın 5-də mülkiyyətçiyə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 155 manat dövlət rüsumu ödəmişdir. - 13 oktyabr 2022-ci il tarixli Aktdan görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən inşa edilən ünvan 1-də yerləşən binaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, tikintiyə giriş darvazası bağlı idi. Tikinti sahəsinə keçmək qeyri-mümkün idi. Kənardan iki hündür mərtəbəli yarımçıq tikilmiş bina görünür. İşçilər işləmir. Ofisə yaxınlaşdıqda ofisin qapısı bağlı olmuşdur. Sözügedən mənzilin tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 saylı evin 2 otaqlı 15 saylı mənzili iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1263 saylı reyestr kitabında xx.xx.2003-cü ildə 30/10351 nömrə ilə qeyd aparılmışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.m təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə hər ayın 5-də mülkiyyətçiyə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 29 noyabr 2016-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 33 saylı 5 mərtəbəli, 92 məzilli yaşayış binasının söküntüsü, bu səhədə yeni yaşayış binasının tikintisi nəzərdə tutulduğundan binada yaşayan sakinlərə təmirli mənzillərin verilməsi məqsədi ilə onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən mənzili cavabdehə təhvil versə də, cavabdeh bu məsələnin hüquqi nəticələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqavilədə razılaşdırılmış qaydada mənzilinin iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun olaraq təhvil verilməsi və cavabdehin bunun müqabilində müqavilədə qeyd edilmiş məbləği ödəmədiyi və yeni mənzillə təmin etməsi barədə öhdəliyini icra etməməsi işin mübahisəsiz halıdır, o cümlədən cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 iyul 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 nömrəli mənzili yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirən, həmin binada söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzinin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.m təmirli mənzili, 28 iyul 2016-cı il tarixdən ödənilməyən 21600 manat məbləğində kirayə haqqının və 155 manat məbləğində dövlət rüsumunun ödənilməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə vəzifə kimi qoyulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 iyul 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 nömrəli mənzili yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirən, həmin binada söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzinin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 62.5 kv.m təmirli mənzili, 28 iyul 2016-cı il tarixdən ödənilməyən 21600 manat məbləğində kirayə haqqının və 155 manat məbləğində dövlət rüsumunun ödənilməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə vəzifə qoyulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2489/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2489/2022
21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver