Məhkəmə qərarları › İş №2(007)-2684/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2684/2021

04.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2684/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Ərizəçi Neftçala rayonunda anadan olmasına baxmayaraq son dəfə aldığı şəxsiyyət vəsiqəsində onun səhvən Salyan rayonunda doğulmasının qeyd eilməsini göstərməklə həmin səhvin aradan qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Göründüyü kimi şəxsə məxsus sənədlərdə(hazırkı halda şəxsiyyət vəsiqəsində) onun barəsində olan məlumatların inzibati orqan tərəfindən səhv yazılması ilə bağlı mübahisələr hüquqi əhəmiyyətli faktların qanunvericiliklə müəyyən olunan siyahısında yer almamışdır. Belə olan halda hazırkı ərizəyə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması qaydasında baxıla bilməz. Bundan başqa,ərizəçi qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən ərizə geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki,hazırkı tələblə bağlı sənədi vermiş orqana müraciət etməli,imtina aldıqda isə dövlət rüsumu ödəməklə həmin orqana qarşı, Bakı İnzibati Məhkəməsində məcburetmə iddiası qaldırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki,hazırkı tələblə bağlı sənədi vermiş orqana müraciət etmək,imtina aldıqda isə dövlət rüsumu ödəməklə həmin orqana qarşı, Bakı İnzibati Məhkəməsində məcburetmə iddiası qaldırmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar