Məhkəmə qərarları › İş №2(007)-2933/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2933/2025

29.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2933/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “süni maneələrin qadağan olunması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “süni maneələrin qadağan olunması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 Xaçmaz rayonu X1 Moruqoba kəndində yerləşən evdən istifadə etməsinə maneələr törətməsinin qanunsuz hesab edilməsi, süni maneələr törədilməsinə qadağa qoyulması, mənzilə köçürülməsi, 15 saylı notariat ofisində bağlanmış pay müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.

5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsində Cavabdeh2 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən də cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.

6. Cavabdehin şəxsiyyətinin müəyyən edilməsi cavabdehin hazırda sağ olubolmamasını müəyyən etmək, o cümlədən mülki işin ərazi aidiyyəti məsələsini araşdırmaq üçün zəruridir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin yönəldiyi şəxs cavabdehdir. Cavabdeh qismində məhkəmə icraatında sağ olan, prosessual fəaliyyət qabiliyyətinə malik olan şəxslər iştirak edə bilər. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların göstərilməsi zəruridir.

7. Həmçinin iddiaçı iddia ərizəsində Xaçmaz rayonunda ona aqrar islahatla pay torpağı ayrılmasını, o payın cavabdeh qismində cəlb etdiyi əmisi tərəfindən oğluna bağışlanmasını qeyd etsə də, pay müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, bu halları təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir.

8. Həmçinin mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir.

9. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

10. Yuxarıda qeyd edilənlərə baxmayaraq iddiaçı tərəfindən iş materiallarına dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir.

11. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

12. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “süni maneələrin qadağan olunması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “süni maneələrin qadağan olunması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver