Məhkəmə qərarları › İş №2(007)-382/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-382/2021

19.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-382/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə qeydiyyatdan çıxarılma və vərəsəlik hüquqlarından məhrum edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildə qeydiyyatdan çıxarılma və vərəsəlik hüquqlarından məhrum edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh ona məxsus olan və ünvan 1 ünvanı üzrə yerləşən mənzildə qeydiyyatdan çıxarılmasını, qızı Cavabdeh ona və X2 vərəsə olmaq hüququndan, o cümlədən, onların hər birilərinin qoya biləcəyi mirasda məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bu İddia ərizəsi ilə o, qızı Kamalova (qızlığında Məmmədova) Lalə İmran qızının onun mənzilindən qeydiyyatdan çıxarılması, habelə onun vərəsəlik hüquqlarından, o cümlədən mirasda məcburi pay hüququndan məhrum edilməsi barədə qərar çıxarılmasım xahiş edir. O, yuxarıda göstərilmiş Baki şəhəri, ünvan 2 ünvanı üzrə yerləşən mənzildə əri X5 ilə birlikdə yaşayır. Onlar həmin ünvanda qeydiyyatdadırlar (şəxsiyyət vəsiqələrimizin surəti və 2 No.li forma əlavə olunur). Onun qızı Cavabdeh (xx.xx.1979-cu il təvəllüdlü) onlar yaşadıqları və qeydiyyatda olduqları həmin mənzildə qeydiyyatdadır (Şəxsiyyət vəsiqəsinin surəti və qeydiyyat barədə ASAN 1-dən arayış əlavə olunur), lakin faktiki olaraq əri ilə birlikdə ünvan 3 ünvanı üzrə yerləşən mənzildə yaşayır. Onun əri X11 (13 fevral 1978-ci il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır. Qızı Cavabdeh və əri X12 28.11.2013-cü il tarixdə ailə qurmuşlar (nikah haqqında şəhadətnamənin sutəri əlavə olunur) və həmin tarixdən sonra yuxarıda göstərilən faktiki yaşayış ünvanı üzrə yaşayırlar. Onların izdivacından keçmiş 7 ildən yuxarı olan müddət ərzində daim həmin ünvanda yaşamışlar və yaşamaqda davam edirlər. Qızı ailə qurduqdan sonra onlar, yəni o və əri dəfələrlə qızından xahiş etmişlər ki, cavabdeh onların ünvanından qeydiyyatdan çıxıb faktiki yaşayış ünvanı üzrə qeydiyyata düşsün. Bu xahişlə onlar cavabdehin ərinə də müraciət etmişlər. Lakin onların xahişləri də dəfələrlə həm qızı, həm də onun əri X11 tərəfindən rədd edilmişdir. Son iki il ərzində onların xahişləri qızıları və kürəkənləri tərəfindən kobud şəkildə rədd edilmişdir. Ona qarşı kobudluq göstərilməsində qızı xüsusilə fərqlənmişdir. Ondan qeydiyyatdan çıxmaq xahiş edildikdə cavabdeh onlara nalayiq sözlər ünvanlamış, söyüş söymüş və onları əri tərəfindən onlara qarşı fiziki zorakılıq göstəriləcəyi ilə hədələmişdir. O, son vaxtlar daim onlarla kinayə və ucadan qışqıraraq danışmış, onları dinləməmiş, isterika çıxarmış, onları cavabdehə qarşı pis münasibətdə təqsirləndirmiş, habelə, dəfələrlə təhqir etmiş və hədəqorxu gəlmişdir. Qızlarının bu hərəkətləri onlara valideyn olaraq çox pis təsir edir. Onlar anlayırlar ki, onlarla qızlarının bu cür pis rəftarı kürəkənləri X6 təsirinin nəticəsidir, lakin bunu qızlarına anlada bilmirlər. Baxmayaraq ki, ona dəfələrlə bildirmişlər ki, onun rəftarı onlara ağır təsir edir və onların xəstələnməkləri və əsəbi sarsıntı səbəbilə ölüm ilə nəticələnə bilər, qızılarının onların sözlərini nəzərə almayaraq daim onlarla əmlak üstə mübahisələr etmiş və münaqişələr yaratmışdır. Artıq bır ilə yaxındır ki, onlar qızları ilə əlaqə qura bilmirlər, onunla hər hansı təmas imkanından məhrum olmuşlar. Nə qızı, nə də kürəkəni onlarla, yəni onlarla və əri X5 ilə heç bir təmasa girmirlər, onların telefon zənglərinə cavab vermirlər, ev telefonuna zəng etdikdə qızı telefonu götürmür. Qızının və ərinin danışıq və ifadələrindən dəfərlərlə onlar (o və əri) anlamışlar ki, cavabdeh onların yaşadıqları mənzili onlardan sonra ələ keçirmək niyyətindədir, buna görə də, onlara, xüsusilə də ona mənzil üzərində istədikləri kimi sərəncam vermək imkanı vermək istəmirlər. Onlar cavabdeh tərəfin son dövrlərdəki üzdəniraq davranışını (onlarla kobud rəftarlarını, qızılarının onlara hədə-qorxu gəlməsini) onların məhz bu niyyəti ilə izah edə bilərlər. Başqa bir izah tapmırlar. Yuxarıdakı səbəblərə görə, o, ərinin razılığı ilə mənzil və digər əmlakları üzərində qanunla nəzərdə tutulmuş qaydada sərbəst şəkildə sərəncam vermək hüquqlarının təmin edilməsi məqsədi ilə qızı Cavabdeh yaşadıqları mənzildən qeydiyyatdan çıxarılması və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilməsi üçün bu iddia ərizəsi ilə məhkəməyə müracit edirlər. Onun keçmiş ailə üzvü olan qızı Cavabdeh 2013-cü ildə X12 ilə nikah kəsdirdikdən sonra onun mülkiyyəti olan mənzildən çıxmış və yeni ailə üzvü olan ərinin mənzilində yaşamağa başlamışdır. Onların aralarında cavabdehin onların mənzildən istifadə hüququnun saxlanması barədə heç bir razılaşma olmamışdır, buna görə də, onlar cavabdehin istifadə hüququna rəsmi qaydada xitam verilməsi üçün ona dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq qızı ona məxsus mənzildən onun istifadə hüququnun xitamının rəsmilşdirilməsindən imtina etmişdir. Baxmayaraq ki, onun istifadə hüququ qanunvericilikdə nəzərdə tutulan qaydada Daşmmaz Əmlakın Dövlət reyestrində qeydə alınmamışdır (həmin maddəyə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşmmaz əmlakın dövlət reyestrində qeydə alınsın), cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqla onun mənzil üzərində istədiyi kimi sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırır və o, mənzil üzərində sərəncam vermək üçün onun razılığını almalı olur. Yuxaıda göstərildiyi kimi, qızının onun mənzilindən istifadə hüququnun xitamının onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması vasitəsilə rəsmilşdirilməsi onun üçün zərurətə çevrilmişdir. Aralarında yaranmış gərginlik və onun cavabdehlə ünsiyyət etmək imkanlarının məhdudluğunu nəzərə alaraq, o, mülkiyyətçi qismində mənzilin üzərində sərəncam vermək üçün ondan asılılığımı aradan götürmək məcburiyyətindədir. Hazırda onların əmlakları, ona məxsus mənzil də daxil olmaqla, nəvələrinə bağışlamaq və ya vəsiyyət etmək barədə düşünürlər. O və əri öz əmlaklarını, ona məxsus mənzil də daxil olmaqla, tam halda bölünməmiş vəziyyətdə, hər hansı bir şəxsin, o cümlədən, qızı Cavabdeh, hər hansı hüquqlarından, o cümlədən, qanun üzrə vərəsəlik hüququndan azad vəziyyətdə vəsiyyət etmək və ya bağışlamaq niyyətindədirlər, belə ki, onların vəsiyyətləri yaxud bağışlamaq haqqında iradə ifadələri hər hansı bir qanun üzrə vərəslik hüququ əsasmda mübahisələndirilə bilməsin. Bununla əlaqədar olaraq o, ərinin razılığı ilə, qızları Cavabdeh vərəsəlik hüquqlarından, o cümlədən, mirasdan məcburi pay almaq hüququndan məhrum etmək istəyir. Bildirir ki, onun əri, X5, bu iddia ərizəsində ifadə olunmuş tələblər və hallarla tam razıdır, onları təsdiq edir və dəstəkləyir. Qeyd etmək yerinə düşərmiş ki, onların onun və ərinin, bu iddia ərizsində ifadə edilmiş xahişləri ilə məhkəməyə müraciət etmək qərarları əsaslı düşüncə və götür-qoydan sonra qəbul edilmişdir və onlar, o və əri, inanırlar ki, onların bu tələbləri ədalətlidir və qızına qarşı ədadlətsizlik təşkil etmir, belə ki, qızının və ərinin indi yaşadıqları mənzildən savayı daha iki mənzilləri var. Mənzillərdən biri qızına məxsusdur və ünvan 5 ünvanı üzrə yerləşir, ikincisi ünvan 6 ünvanı üzrə yerləşir və kürəkəni X8 məxsusdur. Onların ikisinin 3 mənzilləri olduğu bir halda, onların da mənzillərinə göz dikmələri və ələ keçirmək istəmələri onların həm təəccüblərinə, həm də hiddətlərinə səbəb olur. Ona görə də, onlar əmlaklarını hər hansı qəsd imkanından sığortalamaq və əmlaklarını üzərində öz iradələrinə uyğun ədalətli qaydada sərəncam vermək imkanı əldə etməyə qərar vermişlər. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək qeyd etmişdir ki, onun Cavabdeh qarşı mülkiyyətimdə olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 24, Blok 2, 34 saylı mənzilindən qeydiyyatdan çıxarılması və onun və əri X2 vərəsə olmaq hüququndan, o cümlədən, onların hər birisinin qoya biləcəyi mirasda məcburi pay almaq hüququndan məhrum edilməsi barədə iddianın dəqiqləşdirilməsi zərurəti yaranmışdir. İddia ərizəsinin xahiş edirəm hissəsinin aşağıdakı kimi oxunmasını xahiş edir: Cavabdehın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 24, Blok 2, 34 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 və iddiaçının nümayəndəsi və vəkili X13 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin eidlməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, tərəflər arsında münasibətlər gərgindir. Buna görə də, iddiaçı cavabdehin qeydiyyatdan çıxarılmasını istəyir. Cavabdehin səhhətində problemlər var. Əşyaları bu gün də o evdədir. Qeyd edilənlərən əsasən iddia tələbinin rədd ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10-ağa qızı ifadə verərək göstərdi ki, iddiaçı onun qonşusudur. 43 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 24 saylı binada yaşayır. 2 il qabaq cavabdehin evində işləyirdi və yemək bişirirmiş. Cavabdeh öz evində 2 il qabaq müalicə alırmış. Cavabdeh 2 ildir ki, mübahisəli mənzilə gəlib-getmir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, iddiaçının həyat yoldaşı onun əmisi oğludur. Cavabdehlə münasibəti əvvəl yaxşı imiş, lakin sonradan pozulmuşdur. 2 ildir ki, cavabdehdən xəbər yoxdur. İddiaçının həyat yoldaşı ilə tez-tez danışıb görüşür. Cavabdehi sonuncu dəfə 3 il qabaq görmüşdür. Cavabdehin ata və anası ilə münasibəti soyuqdur. İddiaçının evində cavabdehin əşyalarının olub-olmadığını bilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya MH № 093558 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 68 №-li reyestr kitabının 13404 nömrəli vərəqində 30/17160 №-si ilə 25.07.1997-ci il tarixdə qeydiyyata alınmışdır. - 2 saylı Bakı “ASAN” xidmət mərkəsi Qeydiyyat Şöbəsi tərəfindən 28 noyabr 2013cü il tаriхdə vеrilmiş AZ-İ № 905984 saylı nikah haqqında şəhаdətnаmənin surətindən görünür ki, 28 noyabr 2013-cü il tаriхdə X11 ilə X9 аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 noyabr 2013-cü il tarixdə 96 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kamalov, arvada Kamalova soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.08.2018-ci il tarixli RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil Cavabdeh adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 932 nömrəli reyestr kitabının 86516 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - 142 saylı MKİS-in 19.06.2020-ci il tarixli 275 saylı arayışdan görünür ki, İddiaçı ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. Daimi qeydiyyatda olan digər şəxslər onun həyat yoldaşı X5 və qızı Cavabdehdır. Həmin şəxslər 1997-ci il tarixdə qeydiyyata alınmışlar. - 142 saylı MKİS-in 18.06.2020-ci il tarixli aktından görünür ki, X14 B.Nuriyev küçəsi, ev 24, mənzil 34-də 28.11.2013-cü il tarixdən yaşamır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.06.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 9 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh və X3r. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23.07.2020-ci il tarixli ***-*******-3221 saylı məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə - məhkəmənin qanun qüvvəyə minmiş hökmü əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq Cavabdeh göstərilən ünvandan qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 9 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. Hazırda mənzildə iddiçıdan başqa qızı Cavabdeh və həyat yoldaşı X5 qeydiyyatdadır. Cavabdeh mənzildən köçsə də, mübahisəli mənzildə qeydiyyatda qalmışdır, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Proses iştirakçılarını izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Eyni Məcəllənin 60-cı maddəsinin 10-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh əvvəllər valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşasa da, 2013-cü ildə ailə qurduqdan sonra daimi əsaslarla köçərək mübahisəli mənzili tərk etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf bildirmişdir ki, cavabdehə məxsus əşyalar iddiaçının mənzilindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehə məxsus əşyaların mübahisəli mənzildə olması onun həmin mənzildə daimi əsaslarla yaşaması faktı kimi qiymətləndirilməməlidir. İş materiallarından və şahid ifadələrindən aydın olur ki, cavabdeh 2013-cü il tarixdə ailə qurduqdan sonra mübahisəli mənzili tərk etmişdir. Həmçinin iş materiallarından görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil cavabdehin mülkiyyətindədir. Yəni hazırda cavabdehin qeydiyyata düşə biləcəyi başqa bir mənzil vardır. Belə ki, cavabdeh 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 10 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 10 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver