Məhkəmə qərarları › İş №2(007)-3893/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3893/2021

08.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3893/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdin oğlunun katibliyi, İddiaçı Tyumarxan oğlunun, Cavabdeh X3 iştirakı ilə, İddiaçı Tyumarxan oğlunun cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Tyumarxan oğlu cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Tyumarxan oğlu iddia tələbi onunla əsaslandırdı ki, cavabdeh X7 ilə 17 yanvar 2006-cı il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 05 iyun 2007-ci il təvəllüdlü X8 və 05 iyun 2007-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5934/2015 saylı 30 dekabr 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulub və birgə nikahlarından hər iki u.ağın onun yanında qalmaları qət olunub. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3098/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 onun xeyrinə 05 iyun 2007-ci il təvəllüdlü X5 və X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 10.07.2018-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulması qət edilib.Cavabdeh X7 uşaqların təhsil və tibbi xərcləri ilə maraqlanmır. Övladlarının xərcləri yeterincə artmışdır.X1 doğulduğu andan etibarən allergiyalardan əziyyət çəkir. O, mütəmadi olaraq övladının sağlamlığı və onun bu xəstəlikdən əziyyət çəkməməsi üçün onun müalicələrini davam etdirir. Lakin cavabdeh bunlarla maraqlanmır. Övladlarının sağlamlıq və hazırlıq xərcləri Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3098/2018 saylı. 10.08.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentdən xeyli artıqdır. Bu səbəbdən də,hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3098/20İ8 saylı, 10.08.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3098/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılması uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 175 manat,cəmi 350 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X7 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, heç bir yerdə işləmir. Yeni ailə qurmuşdur və yeni ailəsindən 1 körpə övladı vardır.O, özü həyat yoldaşının hesabına dolanır. Heç ona təyin olunan alimenti ödəyə bilmir, qaldı ki, artırmanı ödəsin. Xahiş edir ki iddia təmin olunmasın. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3098/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 05 iyun 2007-ci il təvəllüdlü X5 və 05 iyun 2007-ci il təvəllüdlü X6 ataları İddiaçı Tyumarxan oğlunun himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 10.07.2018-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin İddiaçı Tyumarxan oğlunun xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Məhkəmə uşaqların saxlanması üçün hal-hazırda cavabdehdən tutulan aliment məbləğinin uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan xeyli az olduğunu nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılmalıdır. Eyni zamanda məhkəmə cavabdehin heç bir yerdə işləməməsini,yeni ailə qurmasını,daha bir azyaşlı övladının olmasını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki,iddia qismən təmin olmaqla aliment hər uşağa görə 160 manat həddinədək artırılmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3098/2018 saylı, 10.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından doğulmuş 05 iyun 2007-ci il təvəllüdlü X5 və 05 iyun 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 hər uşağa görə ayda 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı Tyumarxan oğlunun xeyrinə tutulsun Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar