Məhkəmə qərarları › İş №2(007)-3963/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3963/2021

14.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3963/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Zəngilər kəndində doğulmuşdur. Məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasından Bakı şəhərinə gəlmişlər, doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasının Masis rayonunun Zəngilər kəndində qalmışdır. Doğum haqqında şəhadətnamə Ermənistan Respublikasının Masis rayonunda verildiyinə görə təkrarını əldə edə bilmir. Doğum akt qeydi Ermənistan Respublikasının Masis rayonunun Zəngilər kəndində qaldığına görə doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin 08 sentyabr 2021-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsi ona doğum akt qeydinin bərpa edilməsindən imtina etmişlər və doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Doğum haqqında şəhadətnaməsi olmadığına görə şəxsiyyət vəsiqəsi ala bilmir. Şəxsiyyət vəsiqəsi də olmadığına görə xəstəliklə əlaqədar peyvənd (vaksin) vurdura bilmir. O da məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpa edilərək, onun xx xxxxxx 1956-cı ildə Ermənistan Respublikasının Masis rayonunun Zəngilər kəndində doğulmağının qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin ata qrafasında X1, ana qrafasında X7 və milliyyəti azərbaycanlı qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili X9 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. O, Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində doğulmuşdur, ərizəçi isə 1956-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində doğulmuşdur, 1988-ci ildə məcburi köçkün düşərkən sənədləri Ermənistan Respublikasında qalmışdır. Atasının adı Asfəndiyar, anasının adı Bahardır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Ərizəçi qaynıdır və onlar bir kənddə yəni, Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində böyümüşlər, 1988-ci ildə məcburi köçkün düşərkən sənədləri Ermənistan Respublikasında qalmışdır, ərizəçinin atası Asfəndiyar dayını və anası Bahar xalanı tanıyır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - НЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1956cı ildə Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində doğulmuşdur; - İİİ-СЛ seriyalı, 277321 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1956-cı ildə Ermənistan SSR, Masis rayonu, Zəngilər kəndində doğulmuş Ərizəçi ilə 25 aprel 1965-ci ildə Ermənistan SSR, Masis rayonu, Daştavan kəndində doğulmuş X8 23 sentyabr 1986-cı il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir; - MH seriyalı, 044652 saylı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 tam payda X2 xüsusi mülkiyyətindədir; - Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 26 saylı Mənzil Kommunal İstismar Sahəsinin 07 sentyabr 2021-ci il tarixli, 107 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır; - Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin 08 sentyabr 2021-ci il tarixli, 05Q/2286/76 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında mümkün edilir. Qanunvericiliyə müvafiq olaraq doğum haqqında akt qeydinin bərpasına dair zəruri sənədlər olmadığına görə xahiş imkan xaricindədir, məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində doğulmuşdur, məlum hadisələrlə bağlı o, ailə üzvləri ilə birlikdə 1988-ci ildə Ermənistan Respublikası ərazisindən məcburi köçürülmüşdür, hazırda Bakı şəhəri, Nizami rayonunun ərazisində yaşayır. Hazırda ərizəçinin doğumunu təsdiq edən ilkin sənədlər Ermənistan tərəfində qaldığından, doğum haqqında akt qeydini bərpa etmək, bu sənədlərin əldə edilməsi qeyrimümkün olmuşdur. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonunun Zəngilər kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxxxxx 1956-cı il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonunun Zəngilər kəndi, atası X1, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçinin qaçqınlıq statusu olduğundan ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonunun Zəngilər kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxxxx 1956-cı il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonunun Zəngilər kəndi, atası X1, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver