Məhkəmə qərarları › İş №2(007)-414/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-414/2021

01.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-414/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Məlik-zadə Dilarə Faiq qızının iştirakı ilə İddiaçı cavabdeh Məlik-zadə Dilarə Faiq qızına qarşı paylı mülkiyyətdə olan paya kompensasiya verilməklə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Məlik-zadə Dilarə Faiq qızına qarşı paylı mülkiyyətdə olan paya kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, mərhum Məlik-zadə Abbas Saleh oğlu ilə hüquqlarını müdafiə etdiyi şəxs 28 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olub. Birgə nikahdan 31 mart 2008-ci il tarixdə Məlik-zadə Leyla Abbas qızı və 16 yanvar 2013-cü il tarixdə Məlik-zadə Məryəm Abbas qızı anadan olublar. Məlik-zadə Abbas Saleh oğlu 26 iyul 2004-cü il tarixdən 04 dekabr 2019-cu il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olub. 31 may 2019-cu il tarixdən “157” saylı hərbi hissədə kapitan hərbi rütbəsində bölük komandiri vəzifəsində xidmətdə olarkən qaravul rəisi vəzifəsini yerinə yetirən zaman “ürək səbəbli qəfləti ölüm nəticəsində” vəfat edib.Tərtər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 13 dekabr 2019-cu il tarixli, AZ-İİ 047904 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən Məlik-zadə Abbas Saleh oğlunun 04 dekabr 2019-cu il tarixdə Naftalan şəhərində ürək dayanmasından qəflətən vəfat etmişdir. 16 fevral 2011-ci il tarixli, AB №560473 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobili iddiaçının mərhum əri Məlik-zadə Abbas Saleh oğlunun mülkiyyətində olub. Qanun üzrə vərəsəlik hüququ haqqında 05 iyun 2020-ci il tarixli şəhadətnaməyə əsasən, mərhum Məlik-zadə Abbas Saleh oğlunun vərəsələri arvadı İddiaçı, qızları Məlik-zadə Məryəm Saleh qızı və Məlik-zadə Leyla Abbas qızıdır, şəhadətnaməyə əsasən miras əmlak mərhum Məlik-zadə Abbas Saleh oğluna məxsus olan 2008-ci il buraxılışlı VAZ-21074 ininik markalı avtomaşından ibarətdir. Miras payın 1/4 payı açıq saxlanılıb. Həmin pay mərhum Məlik-zadə Abbas Saleh oğlunun anası Məlikzadə Dilarə Faiq qızına məxsusdur. Cavabdeh Məlik-zadə Dilarə Faiq qızının mübahisəli avtomobil üzərində payı 1/4 hissəsi təşkil edir ki, bu da ümumi payın cüzi hissəsidir. Paylı mülkiyyətdə olan avtomaşının bölünməsi mümkün deyildir. Cavabdeh Məlik-zadə Dilarə Faiq qızı mübahisə predmeti olan avtomobildən istifadə etmədiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi yoxdur. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirilməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür, mülkiyyətçinin payı cüzi olduqda, naturada ayrılması mümkün olmadıqda, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Hesab edirik ki, cavabdeh Məlik-zadə Dilarə Faiq qızının mübahisəli avtomobilin üzərində payı cüzi olduğundan cavabdehə 1/4 payına uyğun olaraq kompensasiya ödənilməklə, mərhum Məlik-zadə Abbas Saleh oğluna məxsus olan avtomobilə olan paylı mülkiyyət hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomaşından Məlik-zadə Dilarə Faiq qızının 1/4 hissədə paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Məlik-zadə Dilarə Faiq qızı iddianı qəbul etmədi və izahatında göstərdi ki,həmin avtomobil oğlundan yadigardı. O, həmin avtomobili özü almıq istəyir.İddiçıya düşən payın dəyərini ödəyib avtomobili özünə götürmək istəyir Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: AB №560473 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobili mərhum Məlik-zadə Abbas Saleh oğlunun mülkiyyətində olmuşdur. Tərtər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 13 dekabr 2019-cu il tarixli, AZ-İİ 047904 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən Məlik-zadə Abbas Saleh oğlu 04 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 05 iyun 2020-ci il tarixli şəhadətnamədən görünür ki,mərhum Məlik-zadə Abbas Saleh oğlunun vərəsələri arvadı İddiaçı, qızları Məlik-zadə Məryəm Saleh qızı və Məlik-zadə Leyla Abbas qızıdır, şəhadətnaməyə əsasən miras əmlak mərhum Məlik-zadə Abbas Saleh oğluna məxsus olan 2008-ci il buraxılışlı VAZ-21074 ininik markalı avtomaşından ibarətdir. İddiaçı, Məlik-zadə Məryəm Saleh qızının və Məlik-zadə Leyla Abbas qızının hər birinin payı ¼ hissədə müəyyən olunub.Miras payın ¼ hissəsi açıq saxlanılıb. “xxxx” MMC-nin 20 aprel 2021-ci il tarixli rəyindən görünür ki, ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobilin hazırkı likvid dəyəri 5240 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. İşin hallarından görünür ki, Məlik-zadə Abbas Saleh oğlu ilə İddiaçı 28 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olublar. Birgə nikahdan 31 mart 2008-ci il tarixdə Məlik-zadə Leyla Abbas qızı və 16 yanvar 2013-cü il tarixdə Məlik-zadə Məryəm Abbas qızı anadan olublar. Məlik-zadə Abbas Saleh oğlu 04 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Ondan ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobil miras qalmışdır. Mərhum Məlik-zadə Abbas Saleh oğlunun vərəsələri arvadı İddiaçı, qızları Məlik-zadə Məryəm Saleh qızı, Məlik-zadə Leyla Abbas qızı və hazırkı iş üzrə cavabdeh olan anası Məlik-zadə Dilarə Faiq qızıdır. Məlik-zadə Dilarə Faiq qızı istisna olmaqla digər vərəsələr notariat kontoruna müraciət edərək hər biri ¼ hissədə pay əldə etmişlər.Digər ¼ hissə açıq saxlanılıb. Həmin pay mərhum Məlik-zadə Abbas Saleh oğlunun anası Məlik-zadə Dilarə Faiq qızına məxsusdur. Ekspert rəyinə əsasən miras əmlak hesab olunan ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobilin hazırkı likvid dəyəri 5240 manat müəyyən olunur. Belə olan halda hər payın dəyəri 1310 manat təşkil edir. İddiaçının azyaşlı övladlarla birlikdə payı 3930 manat təşkil edir. Qeyd olunanları, eləcə də Məlik-zadə Dilarə Faiq qızının payının iddiaçının payına(azyaşlı övladların payı da nəzərə alınmaqla) nisbətdə cüzi olduğunu,payların naturada bölgüsünün mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı tərəfindən Məlik-zadə Dilarə Faiq qızına 1310 manat kompensasiya verilməklə sonuncunun payına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. İddiaçı tərəfindən Məlik-zadə Dilarə Faiq qızına 1310 manat kompensasiya verilməklə Məlik-zadə Dilarə Faiq qızının ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobildən olan payına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar