Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-419/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.12.2018-ci il tarixli müqaviləyə əsasən Acer Aspire A315 markalı kompüter üçün 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə pulu, cəmi 424 manat, 08.02.2019-cu il tarixli müqaviləyə əsasən FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti üçün 2023 (iki min iyirmi üç) manat ödənilməmiş hissə, 392 (üç yüz doxsan iki) manat dəbbə pulu, cəmi 2415 manat, ümumilikdə 2839 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2869 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 12.12.2018-ci il və 08.02.2019-cu il tarixli müqavilələrə əsasən, Acer Aspire A315 markalı kompüter, FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti almış və nəticədə 2839 (iki min səkkiz yüz oyuz doqquz) manat borc yaranmışdır. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən edir, qeyd olunan əşyaları kreditlə almış, əvvəl ödəniş etmiş,lakin sonradan maddi vəziyyətində çətinliklər olduğundan ödəmə edə bilməmişdir. Hazırda iddianı əsas məbləğ hissəsində qəbul edir, cərimə hissəsi ilə razı deyil. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh 05 avqust 2020-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlinin surətindən görünür ki, Cavabdeh Acer Aspire A315 markalı kompüter üçün 424 manat, FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti üçün 2415 manat, ümumilikdə 2839 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2018-ci il tarixli 00414044 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 120 manat ilkin ödənişlə Acer Aspire A315 markalı kompüter əldə etmiş və həmin məbləği aylıq 113 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 12.12.2018-ci il tarixli bildirişdən görünür ki, 12.12.2018-ci il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 12.12.2018-ci il tarixli müqaviləyə əsasən Acer Aspire A315 markalı kompüteri tam qüsursuz halda təhvil almışdır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2019-cu il tarixli 00504258 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti əldə etmiş və həmin məbləği aylıq 119 manat olmaqla 24 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 08.02.2019-cu il tarixli bildirişdən görünür ki, 08.02.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 08.02.2019-cu il tarixli müqaviləyə əsasən FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəstini tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin 05.02.2020-ci il tarixli xəbərdarlığından görünür ki, Cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 06.08.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 12.12.2018-ci il və 08.02.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Cavabdeh iddiaçıdan kredit yolu ilə 12.12.2018-ci il tarixli müqaviləyə əsasən 120 manat ilkin ödənişlə, aylıq 113 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Acer Aspire A315 markalı kompüter, 08.02.2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişsiz, aylıq 119 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilələrin predmeti olan əşyaları iddiaçıdan təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, Acer Aspire A315 markalı kompüter üçün 102 manat miqdarında cərimə pulu 338 manat miqdarında ödənilməmiş hissə məbləğinə, FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti üçün 392 manat miqdarında cərimə pulu 2023 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3,89 manatı iddiaçıya, 26,11 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 12.12.2018-ci il tarixli müqaviləyə əsasən Acer Aspire A315 markalı kompüter üçün 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 348 manat, 08.02.2019-cu il tarixli müqaviləyə əsasən FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti üçün 2023 (iki min iyirmi üç) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, cəmi 2123 manat, ümumilikdə 2471 manat borc, 26,11 manat ödənilmiş dövlət rüsumu, cəmi 2497,11 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 3,89 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12.12.2018-ci il tarixli müqaviləyə əsasən Acer Aspire A315 markalı kompüter üçün 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 348 manat, 08.02.2019-cu il tarixli müqaviləyə əsasən FLORA CARPAYİ, Vega kunc, Table Walnut, Chair Walnut yataq dəsti üçün 2023 (iki min iyirmi üç) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, cəmi 2123 manat, ümumilikdə 2471 manat borc, 26,11 manat ödənilmiş dövlət rüsumu, cəmi 2497,11 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3,89 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-419/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-419/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver