Məhkəmə qərarları › İş №2(007)-422/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-422/2021

27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-422/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 21.05.2018-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Rəsmi nikahdan 05.11.2019-cu il tarixdə X2 günyaya gəlmişdir. Ailə qurduqdan sonra ailə münasibətləri yaxşı olsa da, uşaq dünyaya gələndən sonra münasibətləri pisləşdi. Belə ki, cavabdeh səbəbsiz yerə evdə dava salmağa, onu təhqir edərək mütəmadi dövməyə başladı. O bütün bunları valideynlərindən gizlədərək ailəsini qorumağa çalışdı, lakin artıq onun hərəkətləri dözülməz həddə çatdı. 24.07.2020-ci il tarixdə saat 03:00 radələrində atasına zəng vurmuş və uşağı ilə birlikdə atası evinə getmişdir. Həmin vaxtdan 05.11.2020-ci il təvəllüdlü uşağı ilə valideynlərinin himayəsindədir.Uşaqla valideynlərinin yanına gələndən cavabdeh uşağı ilə maraqlanmamış, nə maddi, nə də mənəvi dəstək olmamışdır. Qeyd olunanlara əsasən 05.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin, həmçinin uşaq 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir, özü ikinci Qarabağ müharibəsi iştirakçısıdır və hazırda iddia ərizəsində tələb olunan miqdarda aliment ödəmək iqtidarında deyildir. Xahiş edir ki, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirakı nəzərə alınmaqla aliment qətnamə çıxarılan gündən tutulsun. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İV seriyalı 367096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 05.11.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsindən məhkəməyə ünvanlanmış 1130 saylı, 30.10.2020-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh "Azərbaycan Respublikası Prezidentinin Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa uyğun olaraq 29.09.2020-ci il tarxdə qismən səfərliyə cəlb edilmiş və müvafiq hissəyə cəlb olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 21 avqust 2020-ci il tarixdə müraciət etmişdir. Lakin cavabdehin Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirakı nəzərə alınmaqla alimentin qətnamə çıxarılan gündən tutulması barədə xahişinə iddiaçının nümayəndəsinin etiraz etmədiyini nəzərə alaraq hesab edir ki,aliment 27 yanvar 2021-ci il tarixdən tutulmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 170,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 27 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində və 05 noyabr 2019-cu il təvəllüdlü X1 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 27 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində və 05 noyabr 2019-cu il təvəllüdlü X2 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar