Məhkəmə qərarları › İş №2(007)-693/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-693/2021

26.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-693/2021 26.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, atası X1 09 oktyabr 2020-ci il tarixdə ölməsi ilə əlaqədar hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini onunla əsaslandırdı ki, atası X2 19.01.1962-ci ildə Şəki rayonu, Babaratma kəndində anadan olmuş və ünvan 1 ünvanında onunla və anası ilə birlikdə yaşamışdır. Onlar arasında rəsmi nikah olmasa da, onun atalığı müəyyən edilmiş və X1 onun doğma atası olması müəyyən edilmişdir. Atası uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyindən, 09 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi İnsaf marketin yaxınlığında ürək çatışmazlığından vəfat etmişdir. Təcili tibbi yardıma mərhum atasının adına çağırış edilmiş, lakin 19:15 radələrində həkim gələnə qədər X2 vəfat etmişdir. Atası poliklinikada qeydiyyatda olmadığından, ölüm haqqında həkim şəhadətnaməsini ala bilməmişdir. Mərhum atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət X3 müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən 19.01.1962-ci ildə Şəki rayonu, Babaratma kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuş X1 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Təcili və X5 Stansiyasının 09 oktyabr 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq məktubundan görünür ki, 1962-ci il təvəllüdlü X2 19-15 radələrində həkimə gələnə qədər r ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən Ərizəçi ünvanlanmış 1224 saylı 15.10.2020-ci il tarixli məktubda göstərilir ki, X1 ölümünün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə ölüm faktını təsdiq edən tibb müəsisəsinin müvafiq sənədi olduqda qeydiyyat şöbəsi tərəfindən aparılır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan XXİ-JQ seriyalı 287152 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X2, ana qrafasında isə X4 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 006702 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi atası X2 olması atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 26.05.1998-ci il tarixdə 87 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu Bələdiyyəsi tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli 122 nömrəli arayışdan görünür ki, X2 “Seyx Dursun” qəbiristanlığında 10.10.2020-ci il tarixində dəfn olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X1 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin olunsun. 19 yanvar 1962-ci il təvəllüdlü X1 09 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar