Məhkəmə qərarları › İş №2(007)-974/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-974/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-974/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə baxılarkən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası işə cəlb edilmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 2011-ci ildə faktiki ailə münasibətinə daxil olmuşlar. 18 iyun 2013-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə yeni ailə qurduqda münasibətləri yaxşı olsa da sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış ailədə hər gün söz-söhbət yaranmış, cavabdehlə artıq bir ailə kimi yaşamaq mümkün deyildir. Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00053 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” nə əsasən Cavabdeh ilə 18 iyun 2013-cü il tarixdə bağlanmış nikahımızın pozulmasına, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 atanın, yəni onun himayəsində saxlanmasına və xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qarşı aliment tələbimin olmadığına dair razılaşmışlar. Göstərilənlərə əsasən, onunla Cavabdeh arasında 18 iyun 2013-cü ildə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində akt qeydlər kitabında 908 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, nikahın pozulmasını və uşaqların onun yanında qalmasını xahiş edir, cavabdehlə aralarında bu barədə razılıq mövcuddur. Aliment tələbi isə yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, izahatında göstərmişdir ki, o, nikahın pozulmasına və uşaqların atada qalmasına razıdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 970781 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 18 iyun 2013-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 908 nömrəli akt qeydi tərtib olunmuşdur. - AZ-İİİ seriyalı 546799 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 dekabr 2013-cü il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. - AZ-İİİ seriyalı 598270 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 sentyabr 2015-ci il təvəllüdlü X1 atası İddiaçı, anası Cavabdehdır. - Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00053 saylı Barışıq Sazişindən görünür ki, tərəflər arasında nikahın pozulması, uşaqların atanın yanında qalması ilə bağlı barışıq sazişi bağlanmışdır, iddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilərək alınmış, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, komissiya, boşanmadan sonra 16 dekabr 2013cü il təvəllüdlü X4 və 01 sentyabr 2015-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun sayır və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir. - İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 18 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 16 dekabr 2013-cü il təvəllüdlü X4 və 01 sentyabr 2015-ci il təvəllüdlü X3 doğulmuşlar. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və ümumi təsərrüfat aparmırlar, uşaqlar atanın yanındadırlar və iddiaçı nikahın pozulmasını təkidlə xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Tərəflər nikahın pozulmasında təkidli olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021ci il tarixli 8-2/2016 nömrəli Qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbində tərəflərin birgə nikahından doğulmuş uşaqların kimin yanında qalması barədə xahiş olmasa da, məhkəmə hesab edir ki, həmin məsələ nikahın pozulması barədə iddia tələbinə baxılarkən həll edilməli məsələ olduğundan, tərəflərin bu barədə razılığı və barışıq sazişində göstərilənlər də nəzərə alınmaqla, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 16 dekabr 2013-cü il təvəllüdlü X4 və 01 sentyabr 2015-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə aliment məsələsi ilə bağlı isə qeyd edir ki, iddiaçı hazırda halda hər hansı aliment tələb etmir, buna görə də alimentin tutulması üçün hazırkı halda əsaslar yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh аrаsındа Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 18 iyun 2013-cü il tarixdə bağlanmış və 908 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, 16 dekabr 2013-cü il təvəllüdlü X4 və 01 sentyabr 2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edən zaman barışıq sazişinin bağlanması ilə əlaqədar hər biri ayrı-ayrılıqda 50 manat mediasiya xərcini ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir, lakin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunduğu üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 50 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi nəzərə alınmaqla, iddiaçı isə tələb etmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış və 18 iyun 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 908 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 16 dekabr 2013-cü il təvəllüdlü X4 və 01 sentyabr 2015-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında qalsınlar. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver