Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1591/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.02.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli, 2(008)-6792/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmidir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmidir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli, 2(008)-6792/2018 saylı qətnaməsinə əsasən, cavabdehlə birgə nikahlarından anadan olmuş 01.02.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin məbləğ uşağın xərclərini tam ödəmir. Ona görə də, hazırda alimentin məbləğinin artırılmasına ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, özü heç yerdə işləmir, cavadeh isə Göyçay şəhərində qızıl ticarəti ilə məşğul olduğundan, qazancı normaldır. O, qeyd olunanlara əsasən, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli, 2(008)-6792/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh 29.08.2018-ci il tarixdən başlayaraq, 01.02.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 01.02.2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırki işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli, 2(008)-6792/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 01.02.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1591/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1591/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Valideynlik hüquqlarından məhrum etmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver