Məhkəmə qərarları › İş №2(008)-1672/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1672/2023

03.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1672/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus sadaladığı əşyalar onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evdən qonaq otağı üçün künc divanı, stol və 6 ədəd stul, 1 ədəd güzgülü kamod, 1 ədəd qonaq otağı üçün qorka mebel, 1 ədəd 6 şamlı çilçıraq, 2 ədəd pərdə, yataq otağı mebel dəsti (bir ədəd çarpayı, güzgülü kamod, dolab), 1 ədəd yataq otağı üçün çilçıraq, yataq otağı üçün pərdə, 1 ədəd uşaq çarpayısı, 1 ədəd ütü stolu, 3 ədəd çuqun qazan dəsti, 6 ədəd saxlama qabı, 3 ədəd böyük, 3 ədəd kiçik, dəhliz üçün güzgülü dolab, uşaq arabası, cavabdehə məxsus paltarlar, 2 ədəd yorğan, 3 ədəd yastıqlar və 1 ədəd döşək cavabdehin hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X4 xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqları vaxtdan bir müddət sonra cavabdeh özünə məxsus cehiz əmlakını iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə yerləşdirmiş və əmlakları hal-hazırda həmin evdədir. Cavabdeh ailə qurduqları vaxtdan bir müddət oğlu X4 ilə birgə yaşasa da, 2021-ci ilin yanvar-fevral aylarında onların birgə yaşadığı evi tərk edərək getmişdir. Aralarında xx.xx.2021-ci il tarixli 2(008)-3372/2021 saylı qətnaməsi ilə alimentin tutulması da müəyyən edilmiş, aralarındakı nikah pozulmuşdur. Cavabdeh artıq 2 ilə yaxın müddətdir ki, onlarla birgə yaşadığı evdə yaşamır və artıq həmin evə qayıdaraq onlarla birgə yaşaması mümkün deyildir. Cavabdehə dəfələrlə müraciət edərək, özünə məxsus cehiz əmlakını onun xüsusi mülkiyyətində olan evdən çıxarılmasını tələb etməyinə baxmayaraq, cavabdeh səbəbsiz olaraq əşyalarını götürməkdən imtina edir. Bu isə iddiaçının mülkiyyət hüququmu pozur. Cavabdehin əşyalarının ona məxsus evdə qalması səbəbindən mülkiyyətində olan evə istədiyi kimi sahib ola bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh mübahisələri olduğu üçün evdən çıxdığını və hələ də rəsmi nikahda olduğu üçün əşyalarını oradan götürmür. Eyni zamanda sonradan əşyalar oğurlandığı üçün əşyaları evdən götürə bilmədiyini bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmiş bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 2(007)-3372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X2 xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının oğlu ilə Cavabdeh xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Cavabdeh rəsmi nikaha daxil olarakən öz cehiz əmlaklarını iddiaçıya məxsus olan evdə yerləşdirmişdir. Lakin sonradan iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər pozulmuş, nikahlarının pozulması üçün məhkəməyə müraciət olunmuşdur. Cavabdehin gətirmiş olduğu cehiz əmlakları isə iddiaçıya məxsus evdə qalmışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Kоnvensiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı MPM-nin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. Beləliklə iddia ərizəsində qeyd edilən cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan məzildə olması mülkiyyətçinin ona məxsus əmlakdan maneəsiz istifadə hüquqlarını həyata keçirməsinə manə olur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yeləşən mənzilindən Cavabdeh məxsus cehiz əmlakları olan – qonaq otağı üçün künc divanı, stol və 6 ədəd stul, 1 ədəd güzgülü kamod, 1 ədəd qonaq otağı üçün qorka mebel, 1 ədəd 6 şamlı çilçıraq, 2 ədəd pərdə, yataq otağı mebel dəsti (bir ədəd çarpayı, güzgülü kamod, dolab), 1 ədəd yataq otağı üçün çilçıraq, yataq otağı üçün pərdə, 1 ədəd uşaq çarpayısı, 1 ədəd ütü stolu, 3 ədəd çuqun qazan dəsti, 6 ədəd saxlama qabı, 3 ədəd böyük, 3 ədəd kiçik, dəhliz üçün güzgülü dolab, uşaq arabası, cavabdehə məxsus paltarlar, 2 ədəd yorğan, 3 ədəd yastıqlar və 1 ədəd döşək çıxarılaraq Cavabdeh təhvil verilməlidir. Eyni zamanda məhkəmə Cavabdeh izah edir ki, bu qətnamə cavabdehin bu qətnamədə göstərilən cehiz əmlaklarından başqa digər cehiz əmlakılarının olduğu təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanda yeləşən mənzilindən Cavabdeh məxsus cehiz əmlakları olan – qonaq otağı üçün künc divanı, stol və 6 ədəd stul, 1 ədəd güzgülü kamod, 1 ədəd qonaq otağı üçün qorka mebel, 1 ədəd 6 şamlı çilçıraq, 2 ədəd pərdə, yataq otağı mebel dəsti (bir ədəd çarpayı, güzgülü kamod, dolab), 1 ədəd yataq otağı üçün çilçıraq, yataq otağı üçün pərdə, 1 ədəd uşaq çarpayısı, 1 ədəd ütü stolu, 3 ədəd çuqun qazan dəsti, 6 ədəd saxlama qabı, (3 ədəd böyük, 3 ədəd kiçik), dəhliz üçün güzgülü dolab, uşaq arabası, cavabdehə məxsus paltarlar, 2 ədəd yorğan, 3 ədəd yastıq və 1 ədəd döşək çıxarılaraq Cavabdeh təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver