Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-180/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 1, 70 saylı mənzildən istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməyi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat, mediasiya xərci olaraq 60 (altmış) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş haqqın əvəzi olaraq 150 (yüz əlli) manat, cəmi, 250 (iki yüz əlli) manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1, 70 saylı mənzili xx.xx.2001ci il tarixdə almış və hal-hazırda da mülkiyyətindədir. İş üzrə cavabdeh olan Cavabdeh ilə 04 oktyabr 2003-cü ildə nikah bağlamışlar. Nikahından üç övladı doğulmuşdur. Nikaha daxil olduqdan sonra əsasən başqa ünvanlarda yaşamışlar. Çox az-az hazırki ünvana gəlmişlər. Rusiya Federasiyası Moskva şəhərinin İzmaylovo rayonunun 300 saylı məhkəməsinin 30 may 2022-ci il tarixli qərarı ilə aralarında bağlanmış nikah pozulmuşdur. Artıq birgə yaşamır, birgə təsərrüfat aparmır, həyat yolları tamamilə ayrıdır. O, tez tez Bakı şəhərində olur və buraya gəldikdə mülkiyyətində olan mənzilin cavabdeh tərəfindən zəbt olunması səbəbindən qohum-əqrəbanın evinə qonaq olur. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə mənzilinə getmək istəyərkən cavabdeh və onun atası tərəfindən ona ağır xəsarət yetirilmiş, ona qarşı ağır cinayət törədilmişdir. Dəfələrlə cavabdehdən mənzili tərk etməsini tələb etsə də o, buna məhəl qoymamışdır. Halbuki, cavabdehin xüsusi mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 32, 28 saylı mənzil var idi və cavabdeh orada yaşaya bilərdi. Cavabdeh həmin mənzili 17 iyul 2021-ci il tarixdə Bakı şəhəri 6 saylı notariusunda bağlanmış alqı-satqı müqaviləsi əsasında satmış, mülkiyyətindən çıxarmışdır. Həmçinin, cavabdeh ona qarşı Moskva şəhərində birgə nikah dövründə əldə edilmiş iki mənzilin bölünməsi və payının müəyyən edilməsi barədə iddia qaldırmışdır. Cavabdehin mübahisəli ünvana 2003-cü ildən sonra yaşadığını və hüquq münasibətlərinin həmin tarixdən sonra yarandığını düşünsə hazırki münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməklə mübahisə həll edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.200 (iyirmi beş min iki yüz) manat məbləğində kompensasiya verilməklə onun ünvan 2, 70 saylı mənzildən istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməyi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat, mediasiya xərci olaraq 60 (altmış) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş haqqın əvəzi olaraq 150 (yüz əlli) manat, cəmi, 250 (iki yüz əlli) manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq, nikahın pozulması Rusiya Federasiyasında olsa da, Azərbaycan Respublikası 1993-cü il tarixli Minsk Konvensiyasın ratifikasiya etdiyindən, əlavə olaraq həmin qətnamə bu ölkədə birbaşa hüquqi qüvvəyə malikdir. Həmçinin əmlakın qiymətləndirilməsinə dair ekspertiza rəyi ilə razılaşmasalar da, 25200 manat kompensasiya verilməsinə razılıq vermişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdeh ilə iddiaçının nikahı pozulmamışdır. Qeydiyyat Şöbəsinə müraciət edərək əldə etdiyi arayışdan da görünür ki, tərəflər rəsmi olaraq nikahdadırlar. Əlavə olaraq bildirmişdir ki, sözügedən nikahın pozulması qətnaməsindən cavabdeh xəbərdar olmamışdır. Həmin qətnamə birbaşa qüvvəyə malikdirsə, iddiaçı tərəf Qeydiyyat şöbəsinə nikahın pozulması üçün müraciət etməməsi birbaşa qüvvədə olma halını şübhə altına alır. Hər bir xarici dövlət tərəfindən qəbul edilmiş qətnamə Azərbaycan Respublikasında hüquqi qüvvəsinin olması üçün tanınmalıdır. Notarius tərəfindən təsdiq edilmiş qətnamə onun əslinin düzgünlüyünü deyil, tərcümənin mətninin düzgünlüyünü sübut edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 071053 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 70 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2001-ci il tarixində qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli nikah şəhadətnaməsinin çıxarışdan görünür ki, İddiaçı ilə X1 arasında nikah xx.xx.2003-cü il tarixdə 782 nömrəli nikah akt qeydi ilə qeydə alınmışdır. Rusiya Federasiyası Moskva şəhəri İzmaylovo rayonu 300 saylı məhkəmə dairəsinin barşığ hakimin 30 may 2022-ci il tarixli Qərarından görünür ki, xx.xx.1971-ci ildə Naxçıvan MR Ordubad rayonunda doğulmuş İddiaçı ilə xx.xx.1981-ci ildə Naxçıvan MR, Ordubad rayonunun Dırnis kəndində doğulmuş Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixində 782 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. Qərar xx.xx.2022-ci il tarixdən qanuni qüvvəsini almışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 2(008)-1749/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüuququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 2(008)-1749/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı il Cavabdeh arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştiak etmiş, 50 manat mediasiya rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/86xx-xx/8338/2024 nömrəli ekspertiza rəyindən görünür ki, ünvan 1, 70 saylı mənzilin orta bazar qiymətlərinə uyöun olaraq hazırki vaxta olan ümumi dəyəri təxminən 123.000 manat, 10 % azalma əmsalı tədbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 110.000 manat müəyyən edir. ünvan 1, 70 saylı mənzilin və ona oxşar şəraitli mənzillərin bir aylıq icraə haqqının hazırki vaxta olan orta bazar qiyməti təxminən 700 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 459.3-cü maddəsinə əsasən nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə xarixi məhkəmənin icrası tələb edilməyən qətnamələr Azərbaycan Respublikasında tanınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 470.1-ci maddəsinə əsasən Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən Əgər ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur. Beləliklə mülki işin hallarından görünür ki, ünvan 1, 70 saylı mənzil xx.xx.2001-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh isə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və cavabdeh sözügedən mənzilə rəsmi qeydiyyata alınaraq həmin mənzildə yaşamağa başlamışdır. Tərəflər arasında bağlanmış nikah Rusiya Federasiyası Moskva şəhəri İzmaylovo rayonu 300 saylı Məhkəməsinim xx.xx.2022-ci il tarixli qərarı ilə pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bildirir ki, cavavbdeh ilə onun arasında bağlanmış nikah pozulduğundan cavabdehin onun mənzilindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini və cavabdeh mənzildən çıxarılmasını, iddiaçı həmin ünvana köçürülməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış nikahın pozulmasına dair qətnamənin Azərbaycan Respublikası ərazisində tanınmadığını, bu səbəbdən cavabdeh ilə iddiaçının hazırki hazırda rəsmi ər arvad olduğlarını, bu səbəbdəndə cavabdehin sözügedən mənzildən istifadə hüququna konpensasiya verilməklə xitam verilməsinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək ilk öncə onu qeyd edir ki, mülki iş matraillarına əlavə edilmiş Rusiya Federasiyası Moskva şəhəri İzmaylovo rayonu 300 saylı Məhkəməsinin qərarındanda müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2022ci il tarixdə pozulmuşdur. Cavabdeh tərəf sözügedən qətnamənin Respublika ərazisində tanınmadığı bildirsədə, işin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh faktiki ayrı yaşayır, birgə təsərüffat aparmır, hər bir halda onlar arasında bağlanmış nikah faktiki pozulmuşdur. Hazırda iddiaçı birgə nikah dövründən əvvəl əldə etmiş olduğu mənzilə cavabdehin istifadə hüquqlarına konpensasiya verilməklə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, nə qədərki, tərəflər arasında bağlanmış nikah rəsmi olaraq pozulması müəyyən edilməsədə, iddiaçının birgə nikah dövründən əvvəl mülkiyyətində olan mənzildə cavabdehin istifadə hüququnu qalması iddiaçının mülkiyyətindən sərbəst istifadə etmək hüquqlarını pozmuş olduğundan iddia tələbi təmin edilməli, Cavabdeh kompensasiya verilməklə onun Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, 70 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan sonra məhkəmə cavabdehə təklif edilən kompensasiyanın məbləğinə diqqət yetirərək qeyd edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ilə cavabdeh tərəf razı olmasa belə, məhkəmə tərəfindən təyin edilən ekpertiaznın rəyindən müəyyən edilir ki, eyni xarakterli məznillərin aylıq kirayə haqqı 700 manatdır. Beləliklə məhkəmə müəyyən müddət üçün- 3 illik kirayə haqqının hesablamaqla hesab edir ki, iddiaçı tərəfindən təklif edilən məbləğ ədalətli hesab edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin Cavabdeh mənzildən çıxarılması və iddiçının sözügedən mənzilə köçürülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki iddia tələbi ilkin hissədə təmin edilmiş, yəni cavabdehin ünvan 1 ünvanında yerləşən, 70 saylı mənzildən istifadə hüququna xitam verilmişdir, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 70 saylı mənzildən çıxarılmalı, İddiaçı ünvan 1 ünvanında yerləşən, 70 saylı mənzilə köçürülməlidir. Bundan sonra məhkəmə iddia tələbinin dövlət rüsumunun, mediyasiya və vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edildiyndən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləridə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan sonra məhkəmə, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza xərcinin tutulmasına münasibət bildirərək qeyd ki, ekspertiza xərci tərəflər arasında bölünərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 70 saylı mənzildən istifadə hüququna 25.200 (iyirmi beş min iki yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 70 saylı mənzildən çıxarılsın və İddiaçı ünvan 3 ünvanında yerləşən 70 saylı mənzilə köçürülsün. 40 (qırx) manat dövlət rüsumu, 60 (altmış) manat mediyasiya xərci və 250 (iki yüz əlli) manat vəkil xərci Cavabdeh tutularaq İddiaçı ödənilsn. 100 manat ekspertiza xərcinin 50 (əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-180/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-180/2025
12.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver