Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2485/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, iddiaçının mənzilin sahibi olması, sənədlərin verilməsi, mənzilə köçürülmə, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, iddiaçının mənzilin sahibi olması, sənədlərin verilməsi, mənzilə köçürülmə, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bir bloklu, çoxmənzilli binanın 1-Ç bloku, 3-cü mərtəbə 17 №li 1 otaqlı mənzili üzrə cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17 №li mənzili üzrə İddiaçı Oktay oğlu ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən həmin mənzilin sahibinin iddiaçının olması, ünvan 1 ünvanında yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17 №li mənzilinə dair İddiaçı Oktay oğlunun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin iddiaçıya verilməsi, ünvan 1 ünvanında yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17 №li mənzilinə iddiaçının köçürülməsi və təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iddia aşağıdakı tələblərdən ibarətdir: - cavabdehlər arasında bağlanmış "xxxx" müqavilənin etibarsız hesab olunması; - iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" müqaviləyə əsasən mənzilin sahibinin iddiaçının olması; - iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin iddiaçıya verilməsi; - iddiaçının mənzilə köçürülməsi; - təmir işlərinin aparılması üçün iddiaçıya yaradılmış maneələrin aradan qaldırılması. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbinin ilk hissəsi cavabdehlər arasında bağlanmış "xxxx" müqavilənin etibarsız hesab olunması olsa da, sonrakı tələblər qanuni sahib kimi yanaşılarsa, iddiaçının hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlmiş tələblərdir. Həmin tələblər müqavilənin etibarsız hesab olunması tələbindən ayrı, müstəqil tələblər kimi çıxış edir. Yəni "xxxx" müqavilənin etibarsız hesab olunacağı halında Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiyadan irəli gəlmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə uyğun olaraq və hazırkı iddianın bilavasitə daşınmaz əmlakla bağlı olduğunu nəzərə alaraq bu qənaətə gəlir ki, mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş prosessual hərəkətlərin yerinə yetirilməsi halları baxımından hazırkı mübahisəyə daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən, o halı da nəzərə alır ki, iddiaçı iddia ilə eyni vaxtda “təmir işlərinin qadağan olunması” barədə müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş yekunlaşana, yekun məhkəmə aktı qəbul olunana və qanuni qüvvəyə minənə kimi sözügedən mənzildə təmir işlərinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin ərizə təmin olunacağı təqdirdə, qərardadın icrası Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə Abşeron rayon İcra Şöbəsi tərəfindən təmin edilməli idi. Bu hal da öz növbəsində qərardadın icrasına məhkəmə nəzarətini çətinləşdirmiş olardı. Qeyd olunan səbəblərdən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, iddiaçının mənzilin sahibi olması, sənədlərin verilməsi, mənzilə köçürülmə, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, hazırkı iddia ərizəsinin geri qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, iddiaçının mənzilin sahibi olması, sənədlərin verilməsi, mənzilə köçürülmə, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə ********** saylı ödəniş qəbzinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş İddiaçı büdcədən geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2485/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2485/2025
10.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver