Məhkəmə qərarları › İş №2(008)-3674/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3674/2021

01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3674/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25.11.2006-cı il təvəllüdlü X4 və 21.04.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18.03.2015-ci il tarixli qətnamə ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 175 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə Sabunçu rayon məhkəməsində aliment tələbinə dair iddiası olub. İki övladları var. Cavabdeh ailənin saxlanılması üçün heç bir müsbət davranış göstərmiş, uşaqlar onun himayəsindədir və ata uşaqlarla maraqlanmır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirak olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh birgə nikahdan 25.11.2006-cı il tarixdə Leyla adlı və 21.04.2009-cu il tarixdə Lalə adlı uşaqları doğulmuşdur (Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 110451 №-li və AZ-İİ seriyalı 734706 №-li doğum haqqında şəhadətnamələrin sürəti). Sabunçu Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olan 25.11.2006-cı il təvəllüdlü X4 və 21.04.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 20.02.2015-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 108 manat sabit pul məbləğində, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı hər uşağa görə təyin olunmuş alimentin məbləğinin 175 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 2 övladlarının olması, yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması, həmçinin uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 25.11.2006-cı il təvəllüdlü X4 və 21.04.2009-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 1608 manat təşkil edir (134 man x 12 ay = 1608 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25.11.2006-cı il təvəllüdlü X4 və 21.04.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabunçu Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 25.11.2006-cı il təvəllüdlü X4 və 21.04.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabunçu Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar