Məhkəmə qərarları › İş №2(008)-469/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-469/2022

01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-469/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında 26.06.2015-ci il tarixdə DXİA X2 xidmətində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında “**********2” nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından doğulmuş övladları – 21.10.2013-cü il təvəllüdlü X3 və 25.06.2012-ci il təvəllüdlü X1 onun yanında qalmaları, Cavabdeh onun xeyrinə, övladları – 21.10.2013-cü il təvəllüdlü X3 və 25.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəmə müraciət edildiyi vaxtdan hesablanmaqla hər biri üçün hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi, 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 26.06.2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 21.10.2013-cü il təvəllüdlü X6 və 25.06.2012-ci il təvəllüdlü X4 doğulmuşlar. Uzun müddətdir ki, xarakter uyğunsuzluğu və cavabdehin biganə, səhlənkar, kobud rəftarı, söyüb təhqir etməsi, onu alçaltması ucbatından ailə münasibətləri dözülməz hala gəlmişdir. O, uşaqları ilə birgə atası evinə gəlmişdir. Cavabdehlə birgə yaşaya, təsərrüfat apara bilmir, aralarında olan nikahı pozmaqda qərarlıdır. Bundan sonra da birgə yaşamaqları, həyat sürmələri qeyri-mümkündür. Ona görə də cavabdehlə olan nikahını pozub, övladlarını öz himayəsində sağlam, qayğısız həyat şəraitində böyütmək istəyir. Qeyd etdiyi kimi, azyaşlı övladları hazırda onun himayəsindədir. Sözsüz ki, həmin yaşda uşaqlar daim ana qayğısına, ana diqqətinə ehtiyac duyurlar. O, bir valideyn – ana kimi övladlarının təlim-tərbiyəsi, fiziki və əqli inkişafı, sağlamlığı ilə daha məsuliyyətlə maraqlanmağa qadirdir. Məhkəmə tərəfindən uşaqların onun yanında saxlanılması müəyyən edilməklə yanaşı, cavabdeh tərəfindən həm də uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə maddi yardım kimi aliment ödənilməsi də qət edilməlidir. O, qeyd etdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə seriya MOM № ******* seriya nömrəli elektron qərardan görünür ki, 10.05.1997-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan vətəndaşı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı ünvanı üzrə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin 24.07.2020-ci il tarixədək uzadılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 318 saylı, 03.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, İbrahim Məmmədov küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1/87 saylı, 31.01.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel (keçmiş 26 Bakı Komissarı) küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və informasiya Təminatı Baş İdarəsinin 05/4695 nömrəli, 10.09.2021ci il tarixli məktubundan görünür ki, Gürcüstan vətəndaşı, 16.10.1989-cu il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 2 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” İMS A 001/21 saylı, 31.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı nikahın pozulması, uşaqların yanında saxlanılması və aliment ödənilməsi tələbi üzrə ilkin mediasiyada iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan **********3 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 26.06.2015-ci il tarixdə Gürcüstan Respublikası, DXİA X2 xidmətində nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında “**********2” nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan **********3 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 25.06.2012ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan **********4 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 21.10.2013cü il tarixdə Bakı şəhərində doğulmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, tərəflərin hər ikisi əcnəbi olmaqla Gürcüstan Respublikasının vətəndaşıdır. Tərəflər arasında 26.06.2015-ci il tarixdə Gürcüstan Respublikası, DXİA X2 xidmətində nikah bağlanmışdır. Tərəflərin birgə nikahından Bakı şəhərində iki övladları – 25.06.2012-ci il təvəllüdlü X4 və 21.10.2013-cü il təvəllüdlü X5 doğulmuşlar. Tərəflər arasında rəsmi nikah qeydi olsa da, onlar ayrı-ayrılıqda Azərbaycan Respublikasında yaşamaqla müvəqqəti olma yeri üzrə qeydiyyatdadırlar. Hazırda uşaqlar iddiaçının himayəsindədirlər. Tərəflərin arasında olan nikah formal xarakter daşıyır və ailənin bərpa olunması mümkün deyildir. Tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq, iddiaçı nikahın pozulmasında israrlıdır. Məhkəmə hazırki iddia tələbinə baxılmasının və iddianın təmin olunmasının maddi və prosessual hüquqi əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının 13.01.2004-cü il tarixli Qanunu ilə təsdiqlənmiş və MDB ölkələri tərəfindən ratifikasiya edilmiş “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Kişinyov Konvensiyasının 1-ci maddəsinə görə, Razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə, onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin ərazilərində, Razılığa gələn həmin Tərəfin öz vətəndaşlarının istifadə etdiyi həcmdə öz şəxsi, əmlak və qeyri-əmlak hüquqlarının hüquqi müdafiəsindən istifadə edirlər. Konvensiyanın 2-ci maddəsinə görə, Razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin səlahiyyətinə mülki, ailə və cinayət işlərinin aid olduğu məhkəmələrinə (bundan sonra ədliyyə müəssisələri) azad və maneəsiz müraciət etmək hüququna malikdirlər, onlar həmin orqanlarda çıxış edə, vəsatətlər verə bilər, iddialar qaldıra bilər və Razılığa gələn həmin Tərəfin vətəndaşlarının həyata keçirdiyi şərtlərlə digər prosessual hərəkətləri həyata keçirə bilərlər. Konvensiyanın 22-ci maddəsinin 1-ci bəndində görə, əgər yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə (ədliyyə müəssisələrinə) təqdim edilir. Konvensiyanın 30.1-ci maddəsinə əsasən, ər və arvadın şəxsi və əmlak hüquq münasibətləri onların birgə yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Konvensiyanın 30.6-cı maddəsinə görə, ər və arvadın şəxsi və əmlak hüquq münasibətləri haqqında işlərin baxılmasına bu maddənin 1-3 və 5-ci bəndlərinə uyğun olaraq qanunvericiliyi tətbiq edilməli Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir. Konvensiyanın 32.1-ci maddəsinə görə, əgər ərizə verilən zaman ər və arvad Razılığa gələn digər Tərəfin ərazisində yaşayırsa, onda işin baxılmasına eyni zamanda Razılığa gələn həmin Tərəfin müəssisələri də səlahiyyətlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 446.0.2-ci maddəsinə görə, əgər iddia verilmiş ər və ya arvadın Azərbaycan Respublikasında adətən olduğu yer vardırsa, nikah münaibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətə malikdirlər. Yuxarıda sadalanan qanunvercilik normalarının mahiyyətindən aydın olur ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə yerli məhkəmə tərəfindən həll edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən, ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məhkəmə hesab edir ki, 3 ay vaxt verilsə də barışıq əldə olunmadığından və ailənin saxlanılmasının mümkünsüzlüyü müəyyən edildiyindən tərəflər arasında bağlanmış nikah pozulmalı, uşaqların valideyinlərinə və bir-birinə olan bağlılığı, formalaşmış həyat şəraitinin qorunması, yaşı, cavabdehin uşaqlarla bağlı mübahisə açmaması və digər diqqətəlayiq hallar nəzər alınmaqla nikah pozulduqdan sonra hər iki uşaq ananın yanında saxlanılmalıdırlar. Məhkəmə iddianın alimentlə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun saxlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. İddiaçı alimentin məbləği ilə bağlı tələbini 2021-ci il üçün yaşayış minimumunun həddi ilə əsaslandırmış, cavabdehə çəkişmə prinspinə əməl edilməklə məhkəmə iclasında iştirakı üçün məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, tələb və etirazlarını irəli sürməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulduqdan və uşaqlar iddiaçının yanında saxlandıqdan sonra onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə tələb olunan məbləğdə, yəni, 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tutulması barədə məhkəməyə 08.09.2021-ci il tarixdə yazılı ərizə ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilsə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 26.06.2015-ci il tarixdə Gürcüstan Respublikası, DXİA X2 xidmətində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında “**********2” nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş uşaqları – 21.10.2013-cü il təvəllüdlü X6 və 25.06.2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlansınlar. Cavabdeh 21.10.2013-cü il təvəllüdlü X3 və 25.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 08.09.2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə portalında yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar