Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1/2025 19.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh2 MTK-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Tofiq Səmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən 20x10 (200 kv.m.) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli 2478 No-li sərəncamı ilə şəhid ailə kimi qardaşı X4 ayrılmışdır. O cümlədən sözügedən sərəncamla 200 kv.m. mövcud bağ sahəsinə Badamdar qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib olunmuşdur. Həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı tərəfindən ona bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsindəki 1 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları qeydə alınmışdır. Təxminən 2017-ci ilin axırlarında cavabdeh "xxxx" MMC onun razılığı və icazəsi olmadan mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq qazıntı işlərinə başlamışdır. Dəfələrlə onlara müraciət edərək qazıntı işlərinin dayandırılmasını və mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarını tələb etsə də, cavabdeh onun tələbinə əhəmiyyət vermir. Nəticədə cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin münbit qatını tamamilə qazmış, bu sahəni zəbt edərək çoxmərtəbəli binanın tikintisinə başlamışdır. Göründüyü kimi cavabdehin onun mülkiyyətində olan əmlaka, yəni torpaq sahəsinə sahiblik edərək orada qazma və tikinti işləri aparması qanunsuzdur və ona görə də o, cavabdehdən ona məxsus olan torpaq sahəsindən çıxarılmasını və torpağın ona qaytarılmasını tələb edir. Cavabdeh özünün ona məxsus olan torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bilirdi və bilməli idi. Çünki cavabdehin bu əmlaka dair heç bir hüququ yoxdur, torpaq sahəsi onun mülkiyyətindədir, bu torpaq sahəsini o, sataraq və ya icarəyə verərək ondan faydalana bilərdi və ya bu torpaq sahəsində təyinatına uyğun digər şəkildə istifadə edə bilərdi. Cavabdehin bu torpaq sahəsini zəbt etməsi onu bütün bu imkanlardan məhrum etmişdir. Nəticə etibarı ilə ona 400.000 manat məbləğində zərər dəymişdir. Torpaq sahəsi qazılmış, burada çoxmərtəbəli bina tikintisinə başlanılmışdır. Bu bağ sahəsidir və bu sahə təyinatına uyğun istifadə edilməlidir. Torpağın bütün münbit qatı qazılaraq çıxarılmışdır. Onun ondan təyinatı üzrə istifadə etməsi imkansız olmuşdur. Cavabdeh özbaşınalıq edir və ona böyük maddi və mənəvi ziyan vurmuşdur. Maddi ziyanı 400.000 manat, mənəvi ziyanı isə 50.000 manat məbləğində qiymətləndirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehin ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsindəki 1 saylı sahədən çıxarılması, həmin sahədə cavabdeh tərəfindən aparılan tikintinin sökülməsi, torpağın bərpa edilərək ilkin vəziyyətə gətirilməsi ilə ona qaytarılması və cavabdeh tərəfindən torpağa dair mülkiyyət hüquqlarının pozulması nəticəsində ona dəymiş 400.000 manat məbləğində maddi, 50.000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 450.030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh "xxxx" MMC əsl Cavabdeh2 MTK ilə əvəz edilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ekspertlə yerli baxışda özü və məhkəmənin əməkdaşı iştirak etmiş, iddiaçıya məxsus torpaq sahəsində yalnız hasar və dəmir darvaza tikilisinin mövcud olması müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 2478 saylı sərəncamın surətindən görünür ki, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsi X3 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Başçısının xx.xx.2016-cı il tarixli 120 saylı sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək hazırda qəzalı vəziyyətdə olan Tofiq Məmmədov küçəsi 1 və 3 ünvanında yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh2 MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə torpaq sahəsi 0,54 ha olan ərzidə ümumi yaşayış sahəsi 17267 kv.m. çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ANo190745 nömrəli torpaq sahəsinin planın və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-261 saylı, xx.xx.2017-ci il tarixli torpa sahəsinin bağışlanma müqaviləsinə əsasən İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahə ünvanında yerləşən 0,02 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahə ünvanında yerləşən yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1543/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilməsi və torpaq sahəsinin plan ölçüsündə yanlışlıqların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş RX No ******* seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A No190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6837/2023 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati iş üzrə 3-cü şəxs İddiaçı adına verilmiş RX No ******* seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvanın səhv qeyd edilməsi məhkəmə araşdırılması zamanı aşkar edilməmişdir. İddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsi ilk dəfə onun qardaşı Salman Rzayevin adına xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmış, torpaq sahəsinin ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsədəsi, “Köhnə Bağlar” ərazisi kimi göstərilmişdir. Həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınarkən, həmin torpağın ünvanı ünvan 2 edilmişdir. Qanunvericilik normalarına əsasən üzərində tikili olmayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinə verilən ünvanlandırılması nəzərə alınır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi yeri ilkin torpaq ayrılma sənədi olan icra hakimiyyəti orqanının tərtib etdiyi yerləşmə cizgisi əsasında cavabdeh orqan tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində müəyyən edilmiş, daha sonra torpağın ünvanı, onun üçün yaxınlıqda yerləşən obyektlərin ünvanına uyğun ünvan müəyyən edilmişdir. Salman Rzayevə ayrılmış 200 kv.m. torpaq sahəsi ilə Aydın Ağasiyevə ayrılmış 600 kv.m. torpaq sahəsinin eyni torpaq sahəsi olması öz təsdiqini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1543/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6837/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/605 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən: -1-ci sual üzrə: İddiaçı məxsus Baakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvanda yerləşən 0.02 ha torpaq sahəsi faktiki olaraq yerində müəyyən edilmiş və torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X:398787.59 - Y:4466136.07; X:398790.65 - Y:4466139.56; X:398792.61 - Y:4466141.17; X:398794.49 - Y:4466141.74. -2-ci sual üzrə: iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvanda yerləşən 0.02 ha torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamına əsasən fərdi evin tikintisi üçün Səbail rayonu, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində yerləşən torpaq sahəsi iddiaçının qardaşı X4 ayrılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı bağışlamış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır. Məhkəmə iclasında eyni zamanda iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə yeri ilə bağlı yaranmış mübahisə ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin hündürmərtəbəli binanın tikilməsinə icazə verilməsinə dair Cavabdeh2 MTK-ya ayrılmış Bakı şəhəri Səbail rayon İcra Başçısının xx.xx.2016-cı il tarixli 120 saylı sərəncamına əsasən ünvan 4 ünvanındakı torpaq sahəsi ərazisində yerləşməsi müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı bir tikinti işləri həyata keçirilməmiş, yalnız ərazi hasarlanaraq təcrid vəziyyətdə saxlanılmışdır. Hasar hissəsində dəmir darvaza da mövcuddur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, təxminən 2017-ci ilin axırlarında cavabdeh onun razılığı və icazəsi olmadan mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq qazıntı işlərinə başlamışdır. Dəfələrlə onlara müraciət edərək qazıntı işlərinin dayandırılmasını və mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarını tələb etsə də, cavabdeh onun tələbinə əhəmiyyət verməmişdir. Nəticədə cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin münbit qatını tamamilə qazmış, bu sahəni zəbt edərək çoxmərtəbəli binanın tikintisinə başlamışdır. Göründüyü kimi cavabdehin onun mülkiyyətində olan əmlaka, yəni torpaq sahəsinə sahiblik edərək orada qazma və tikinti işləri aparması qanunsuzdur və ona görə də o, cavabdehdən ona məxsus olan torpaq sahəsindən çıxarılmasını və torpağın ona qaytarılmasını tələb edir. Cavabdeh özünün ona məxsus olan torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bilirdi və bilməli idi. Çünki cavabdehin bu əmlaka dair heç bir hüququ yoxdur, torpaq sahəsi onun mülkiyyətindədir, bu torpaq sahəsini o, sataraq və ya icarəyə verərək ondan faydalana bilərdi və ya bu torpaq sahəsində təyinatına uyğun digər şəkildə istifadə edə bilərdi. Cavabdehin bu torpaq sahəsini zəbt etməsi onu bütün bu imkanlardan məhrum etmişdir. Nəticə etibarı ilə ona 400.000 manat məbləğində zərər dəymişdir. O, maddi ziyanı 400.000 manat, mənəvi ziyanı isə 50.000 manat məbləğində qiymətləndirmişdir. Bu səbəbdən iddiaçı cavabdehin ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsindəki 1 saylı sahədən çıxarılması, həmin sahədə cavabdeh tərəfindən aparılan tikintinin sökülməsi, torpağın bərpa edilərək ilkin vəziyyətə gətirilməsi ilə ona qaytarılması və cavabdeh tərəfindən torpağa dair mülkiyyət hüquqlarının pozulması nəticəsində ona dəymiş 400.000 manat məbləğində maddi, 50.000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 450.030 manat pulun alınaraq ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinini alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə də müəyyən edilmişdir ki, İddiaçı məxsus Baakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvanda yerləşən 0.02 ha torpaq sahəsi faktiki olaraq yerində müəyyən edilmiş və torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X:398787.59 - Y:4466136.07; X:398790.65 - Y:4466139.56; X:398792.61 - Y:4466141.17; X:398794.49 - Y:4466141.74. İddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvanda yerləşən 0.02 ha torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (maddə 67.3). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67.4). Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göstərilən Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi üzərində olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsindən mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı istifadə edilməsinə maneçilik törədilmişdir. Cavabdeh bu halın həmin torpaq sahəsinə dair digər fiziki şəxs X1 tələbinin olması ilə və həmin şəxsin iddiası üzrə məhkəmə araşdırmalarının olması ilə əlaqələndirmişdir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna "mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı cavabdeh təşkilatın mübahisəli torpaq sahəsindən istifadə etməsinə etiraz etdiyindən, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Мəhkəmə hesab edir ki, Cavabdeh2 MTK tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahə ünvanında yerləşən 0,02 ha olan torpaq sahəsində hər hansı tikinti işləri aparmasa da, tikilinin yalnız inşa edilmiş daş hasardan və dəmir darvazadan ibarət olması müəyyən edildiyindən, bununla da həmin tikilinin mövcudluğu iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olduğundan, iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında cavabdeh tərəfindən inşa edilmiş hasarın və dəmir darvazanın sökülməsi və torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən torpağa dair mülkiyyət hüquqlarının pozulması nəticəsində ona dəymiş 400.000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının uzun müddət mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi ilə əlaqədar maneçiliyin yaradılması həmin torpaq sahəsinə dair tərəflər arasında mübahisənin olması və həmin torpaq sahəsinin məhkəmə araşdırması predmeti olması ilə əlaqədar olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadi-sosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf irəli sürdüyü tələblərin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona maddi ziyan vurulmasını iddia etsə də və məhkəmə iclasında 400.000 manat məbləğində maddi zərər çəkməsini bildirsə də, belə bir ziyanın ona vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı ümumiyyətlə ona maddi ziyanın vurulmasının mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən torpağa dair iddiaçının mülkiyyət hüquqlarının pozulması nəticəsində ona maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə vurulmuş mənəvi ziyana görə 50.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat Cavabdeh2 MTK-dan iddiaçının xeyrinə, ekspertiza xərci isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MTK tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahə ünvanında yerləşən 0,02 ha olan torpaq sahəsinin hüdudlarında inşa edilmiş daş hasar və dəmir darvaza tikilisi sökülsün, torpaq sahəsindən cavabdeh çıxarılaraq həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin. Cavabdeh2 MTK-dan İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 MTK-dan keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1/2025
19.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver