Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2174/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin yarı hissəsinin bank hesabına köçürülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin yarı hissəsinin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan tutulan alimenin 50% hissəsinin X1 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçının qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Lakin həmin alimentin qızına sərf edilməsi ilə bağlı iddiaçıda əsaslı şübhələr vardır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, bunun üzlrü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının 1/4 hissəsində alimentin tutulması qət edilmişdir. Habelə iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışda İddiaçı 2020-ci ilin yanvar ayından avqust ayına qədər ümumilikdə 15.524,80 manat alimentin tutulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Hazırkı durumda alimentin 50 faizinin bank hesabına köçürülməsi alimentin qalan hissəsinin uşaqlar üçün minimum dolanacaq xərclərindən yüksək olacağını nəzərə alaraq, məhkəmə bu xahişi əsaslı hesab edir Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçıdan hər ay qazancının 1/4 hissəsi miqdarında tutulan alimentin 50% hissəsi xx.xx.2004-cü il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hər ay İddiaçı qazancının 1/4 hissəsi miqdarında tutulan alimentin 50% hissəsi xx.xx.2004-cü il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2174/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2174/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver