Məhkəmə qərarları › İş №2(009)-2359/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2359/2021

01.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2359/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun qızı X2 05.08.2021-ci il tarixdə rəhmətə getmişdir. Qızının halı dəyişən kimi 19 saylı X6 çağırmışlar, lakin 19 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi qızı dünyasını dəyişmişdir. Bu barədə 19 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Qızı vəfat etdikdən sonra onu Badamdar qəbirstanlığında dəfn etmişlər. Qızının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin qeydiyyat şöbəsi 28.08.2021-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün qızının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 33 nömrəli şəhər poliklinikasına müraciət etmiş, oradan ona arayışla bildirmişlər ki, vəfat etmiş şəxs poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi 26.02.1982-ci il təvəllüdlü X1 05.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, ölüm şəhadətnaməsi qızının qeydiyyatdan çıxarılması, eyni zamanda iki övladının sosial təminat məsələsinin həll etmək üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki,o ərizəçi ilə 30 ildir qonşudur. Həqiqətən də təsdiq edir ki, A.Əliyeva 05.08.2021-ci il tarixdə vəfat etmiş və Badamdar qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki,o ərizəçi ilə 30 ildir qonşudur. Həqiqətən də təsdiq edir ki, A.Əliyeva 05.08.2021-ci il tarixdə vəfat etmiş və Badamdar qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X2 26.02.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş üzrə Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 19 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinin kserosurətinə əsasən 05.08.2021-ci il tarixdə saat 21:17-də Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massiv ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə 33 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 10 saylı arayışından görünür ki, 05.08.2021-ci il tarixdə 19 No-li TTTYS (sahə həkimi tərəfindən) verilmiş məlumata əsasən Y.Mürsəlov küçəsi, 119 qeydiyyatda olan, ölüb Badamdar qəsəbəsi, 1-ci massiv ünvanında yaşayan 1982-ci il təvəllüdlü X2 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li ŞP-da tibbi qeydiyyatda olmadığına, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Bakı şəhər Baş Səhiyyə İdarəsinin 05 No-li əmrinə müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 28.08.2021-ci il tarixli məktubundan görünür ki, ona qızı X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Bakı şəər Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli 298 saylı arayışa əsasən X2 06.08.2021-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsinin qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi qızının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə qızı X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhumu qeydiyyatdan çıxarmaq və uşaqlarının sosial təminat məsələlərinin həll edilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin qızı X1 adına 05.08.2021-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi A.Əliyeva vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 05.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 26.02.1982-ci il təvəllüdlü X1 05.08.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar