Məhkəmə qərarları › İş №2(009)-628/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-628/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-628/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh1 ASC-yə, X1 Palatasına və Əmanətlərin Sığortalanması Fonduna qarşı borc məbləğinin restrukturizasiyaya tabe tutulması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Abdullayev Müzəffər Ələkbər oğlu Cavabdeh1 ASC-yə, X1 Palatasına və Əmanətlərin Sığortalanması Fonduna qarşı borc məbləğinin restrukturizasiyaya tabe tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirdərin görülməsi tövsiyyə olunmuşdur. Hakim qeyd edir ki, kredit borcunun resturkturizasiyası faktiki olaraq bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsi ilə bağlıdır. AR Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb kredit müqaviləsinin dəyişdirilməsi ilə bağlı olduğu üçün o, ilk növbədə müqavilənin dəyişdirilməsi ilə bağlı (resturkturizasiyanın həyata keçirilməsi) cavabdeh banka müraciət etməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi ilə əlaqədar tələblə məhkəməyə müraciət etmək üçün müqavilə tərəfi ilk növbədə belə bir təkliflə müqavilənin digər tərəfinə müraciət etməlidir. Sonuncu tərəfindən bu təklifdən imtina olunduğu, yaxud cavab verilmədiyi halda qanunda və ya müqavilədə nəzərdə tutulmuş müddət keçdikdən sonra həmin müqavilənin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət olunmalıdır. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Hakim eyni zamanda izah edir ki, iddiaçının iddia ərizəsində tələbi konkret olmalı, yəni kredit müqavilənin restrukturizasiyaya tabe tutulmasının hansı qaydada həyata keçirilməsi (faiz məbləğinin azaldılması, kredit müddətinin artırılması və sair) tələbi konkret göstərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Abdullayev Müzəffər Ələkbər oğlunun Cavabdeh1 ASC-yə, X1 Palatasına və Əmanətlərin Sığortalanması Fonduna qarşı borc məbləğinin restrukturizasiyaya tabe tutulması tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar