Məhkəmə qərarları › İş №2(009)-958/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-958/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-958/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(009)-2977/2019 saylı qətnaməsi ilə 04.10.2019-cu il tarixdən başlayaraq 02.11.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Hesab edir ki, yaşayış minimumu uşaqlar üçün 2021-ci il üzrə 175 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşaqların saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan aliment məbləği hər uşağa görə 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o işləmir və əvvəlki nikahdan bir oğlu var. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 2977/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı 2018-ci il noyabrın 02-də doğulmuş Əminə adlı qızın atası olması müəyyən edilmiş. Cavabdeh 04.10.2019-cu il tarixdən başlayaraq uşağı Əminənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment, həmçinin uşağın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV 200739 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X5 02 noyabr 2018-ci ildə anadan olmuşdur, atası Cavabdeh oğlu, anası İddiaçı qızıdır. İş materiallarında olan AA1405648 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1985-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları İddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 01.01.2021-ci il tarixli Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 175 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(009)-2977/2021 saylı qətnamə ilə müəyyən edilmiş alimentin məbləgi artırılaraq, Cavabdeh 02.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar