Məhkəmə qərarları › İş №2(009)-968/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-968/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-968/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları var. Əvvəlcə cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan onun münasibətləri kəskinləşmişdir. Cavabdeh ailəsinə baxmır, uşaqlarına maddi yardım göstərməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh uşaqların saxlanılmasında borclu olduğundan ondan aliment tutulmalıdır. “Azərbaycan Respublikasinda 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Həmin qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, cavabdeh kifayət qədər zəruri vəsaitə malik olduğundan ondan iddiaçının xeyrinə hər ay sabit pul şəklində 175 manat məbləğində aliment tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqların saxlanılması üçün hər ay hər biri üçün 175 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 5 il cavabdehin hərəkətlərinə dözmüş, artıq 4 ildir ki, ayrı yaşayır, o valideynlərinin yanında yaşayır. Cavabdeh nəinki uşaqlara maddi yarıdm göstərir, hətta onlarla ünsiyyətdə də olmur. Belə ki, iki aydan bir uşaqları qısa müddət ərzində görüb onlara yoqurt və kolbasa alır. Uşaqlardan biri xəstədir, mütəmadi həkim müayinəsindən və müalicəsindən keçir. Özü heç bir yerdə işləmir, valideynlərinin himayəsində yaşayır. Ona görə də qanunla uşaqlara düşən alimenti tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1959 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Tağıyev, arvada Məmmədova soyadı verilmişdir. İş üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaqları var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Ceyhun adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmiş və artıq uzun müddətdir ki, onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı uşaqlarla ayrı ünvanda yaşasa da, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı azyaşlı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh kifayət qədər qazanca malikdir və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay, hər biri üçün 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə tərəflərin nikahda olsa da, uşaqların ananın yanında və onun himayəsində yaşamalarını, cavabdehin uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2021-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar