Məhkəmə qərarları › İş №2(010)-1118/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1118/2022

19.08.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1118/2022 19.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən miras qoyan X5 məxsus olan ünvan 1 ünvanda yerləşən 35 saylı mənzilin 1/2 pay hissəsində payların müəyyən edilməsi, bölünməsi və mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən mərhum Əliyeva (Həsənova) Mirvari Ağa qızı ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşam və bizim nikahımız Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində xx.xx.2004-cü il tarixdə 275 saylı akt qeydi ilə qeydə alınmış və bizə xx.xx.2004-cü il tarixli, AZ-İ, 099072 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Biz ümumi təsərrüfatı birlikdə idarə etmişik. Bizim birgə nikahdan uşağımız olmamışdır. Biz birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən 35 saylı mənzili əldə etmişik və bu barədə bizə xx.xx.2021-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzil bizim xüsusi mülkiyyət hüququ əsasında paylar məlum olan əmlak olmuşdur. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 1 ünvanda yerləşən 35 saylı mənzildə ona məxsus 1/2 payına vərəsəlik açılmışdır. Miras qoyanın ölümündən sonra mən və miras qoyanın birinci nikahdan olan oğlu Cavabdeh və X8 vərəsə olmuşlar. Mən miras əmlakda miras payının əldə edilməsi üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla nəzərdə tutulduğu kimi notariat ofisinə müraciət etmişəm və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən mənə 1S-28375 reyestrlə qeydə alınmış 2V-779 saylı, xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” verilmişdir. Miras qoyanın digər vərəsəsi X8 miras əmlakdan ona çatası paydan imtina etmişdir. Miras əmlakda paylar mənimlə Cavabdeh arasında 1/2 paylarla müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdeh miras əmlakda olan payının daha çox olmasını iddia edir. Ona görə də mən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşam”.

İddia tələbinin dəqiqləşdirilməsi.

3. Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli əmlak üzərində payların müəyyən edildiyini, paylı mülkiyyət hüququnun tanındığını bildirmiş, məhkəmədən əmlakın naturada bölünməsi, kompensasiya verilməsi və ya hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə paylı mülkiyyətində olan mənzili o özü almışdır. Sadəcə olaraq mənzili öz adına yox, arvadının adına aldığından arvadının ölümündən sonra onun oğlu olan cavabdehin həmin mənzildə payı tanınmışdır. Ondan başqa həmin mənzildə cavabdehin qardaşı Cəmilin də payı tanınmış, lakin ona başqa mənzil aldıqdan sonra Cəmil öz payından imtina etmişdir. O, cavabdehə təklif edir ki, ona 25000 manat məbləğində kompensasiya ödəsin, bununla da onun mənzildə olan payı ayrılsın. Məhkəməyə ərizə verərək bildirdi ki, o, cavabdehin ona kompensasiya ödəməsinə razı deyil. Belə ki, iddiaçı o özüdür və kompensasiya barədə təklifi də özü etməlidir. Odur ki, məhkəmədən cavabdehə kompensasiya verməklə onun mənzil üzərində olan payının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı cavabdehin mənzil üzərində olan payı qarşılığında ona 25000 manat məbləğində kompensasiya ödəməyə razıdır. Cavabdehin isə ona kompensasiya ödəməsini qəbul etmir. Çünki iddianı İddiaçı qaldırmışdırsa, kompensasiyanı da o verməlidir. Odur ki, məhkəmədən cavabdehə kompensasiya verməklə onun mənzil üzərində olan payının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, mənzilin bazar dəyəri 50000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh bu məbləğin 1/2 hissəsinə mütənasib olan 25000 manat məbləğində kompensasiyanı iddiaçıya ödəməyə, bununla da iddiaçının mənzildən payının ayrılmasına etiraz etmir. Lakin iddiaçı kompensasiyanı qəbul etmir. Bu vəziyyətdə tərəflər arasında payın ayrılması ilə bağlı razılıq əldə olunmadığından hesab edir ki, iddia təmin edilməməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

7. Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 099072 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X6 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 275 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ nömrəli, 070949 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 122 nömrə ilə qeyd edilmişdir.

9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 vərəsələri əri İddiaçı miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 2 ünvanında yerləşən mənzil.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində 1/2 hissədə Cavabdeh (xx.xx.2021-ci il tarixdə), 1/2 hissədə İddiaçı (xx.xx.2021-ci il tarixdə) paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, **********31-05101-093019 reyestr nömrəli Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin texniki pasportundan (hüquq subyekti: İddiaçı) görünür ki, binanın yerləşdiyi torpaq sahəsinin planı, mənzilin planı təsvir edilmişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2841 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən, paylı mülkiyyətində olan mənzilin otağının yerləşmə vəziyyətinə uyğun olaraq payçılar arasında 1/2 hissə olmaqla 2 hissəyə paylara uyğun bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqların ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 27 nömrəli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən 14 saylı evin 35 saylı mənzilinin müqayisəli satışlar metodundan istifadə etməklə xx.xx.2022-ci ilə hazırkı bazar dəyəri 50000 (əlli min) manat təşkil edir.

İşin faktiki halları.

14. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 48.69 m2 olan mənzil 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh ümumi paylı mülkiyyətindədir. Bu mənzil tərəflərə iddiaçının arvadı, cavabdehin isə anası olan mərhum X2 miras qalmışdır. Mənzil üzərində olan payı dövlət qeydiyyatına alındıqdan sonra bu payın ayrılmasını tələb edən iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmiş, daha sonra iddia tələbini dəqiqləşdirərək məhkəmədən mənzil üzərində olan payların naturada bölünmə, kompensasiya verilməklə, yaxud açıq hərracdan satışa çıxarılmaqla ayrılmasını xahiş etmişdir.

15. Mənzilin naturada bölünməsinin mümkünlüyü məsələsinin həlli məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilərək mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bundan başqa, mənzilin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici mütəxəssis cəlb edilmiş, müvafiq rəylə mənzilin bazar dəyərinin 50000 manat məbləğində olduğu müəyyən edilmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) cavabdehin mənzil üzərində olan payının ayrılması üçün iddiaçının ona mənzilin bazar dəyərinin yarısı olan 25000 manat məbləğində pul kompensasiyası ödəməyi təklif etdiyini, lakin cavabdehin iddiaçıya kompensasiya ödəməsinə razı olmadıqlarını bildirmişdir. İddiaçı tərəf bununla bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddianı qaldıran onlar olduğuna görə kompensasiya təklifini də onlar verməlidir. Öz növbəsində məhkəmə iclasında izahatı dinlənilən cavabdehin nümayəndəsi (vəkili) isə iddiaçının mənzil üzərində payının ayrılması qarşılığında cavabdehin iddiaçıya 25000 manat məbləğində kompensasiya ödəməyə etirazı olmadığını, lakin iddiaçı kompensasiya almağı qəbul etmədiyinə görə iddianın rədd edilməli olduğunu bildirmişdir. Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı.

Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ...Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. ...Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. ... Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. ...Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

21. Yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edildiyi kimi ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

22. İşin faktiki hallarından göründüyü kimi tərəflərin paylı mülkiyyətində olan mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmamasına dair müvafiq ekspert rəyi verilmişdir. Belə olan halda payın ayrılmasının birinci üsulunun hazırkı işə tətbiqi istisna edilir.

23. Payın ayrılmasının ikinci üsulu olan pul kompensasiyasının (dəyərinin) ödənilməsinə isə iddiaçı razı olmamışdır. Belə ki, iddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasında verdikləri izahatda (eyni zamanda, bununla bağlı ərizə də təqdim edərək) bildirmişlər ki, iddiaçı cavabdehin ona payı qarşılığında pul kompensasiyası ödəməsinə razı deyil. Əksinə, iddiaçı özü cavabdehə pul kompensasiyası ödəməyi təklif etmişdir.

24. Halbuki, ümumi paylı mülkiyyətdə olan əmlakdan öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət edən cavabdeh yox, iddiaçı olmuşdur. Bu vəziyyətdə iddiaçı yalnız öz payına kompensasiya ödənilməsini və payının ayrılmasını tələb edə bilərdi. Onun cavabdehə münasibətdə belə bir tələb irəli sürmək, ona kompensasiya təklif etməklə cavabdehin payının ayrılmasını tələb etmək hüququ yoxdur. Əgər gələcəkdə hazırkı iş üzrə cavabdeh ümumi paylı mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb edərsə, hazırkı iş üzrə iddiaçı yalnız o halda kompensasiya ödəməyi təklif edə bilər. Hazırkı vəziyyətdə isə payının ayrılması tələbi ilə məhkəməyə müraciət edən tərəf iddiaçı olduğuna görə həmin paya görə kompensasiyanı cavabdeh təklif edə bilərdi.

25. Hansı ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) cavabdehin iddiaçının paylı mülkiyyətdə olan mənzil üzərindəki payı qarşılığında 25000 manat məbləğində pul kompensasiyası ödəməyə etiraz etmədiyini bildirmişdir. Lakin iddiaçı bu kompensasiyanı qəbul etməmişdir.

26. Belə olan halda iddiaçının ümumi paylı mülkiyyətdə olan payının ikinci üsulla - pul kompensasiyasının (dəyərinin) ödənilməsi yolu ilə ayrılması da istisna edilir. Çünki paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Hazırkı işdə iddiaçı tərəfindən belə bir razılıq verilmədiyindən iddiaçının payının kompensasiya verilməsi yolu ilə ayrılması mümkün deyil.

27. Digər tərəfdən, iddiaçının tələbi ilə əmlakın açıq hərracdan satılaraq payların bölünməsi də hazırkı iş üzrə tətbiq edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş Qərarında açıq şəkildə qeyd edilmişdir ki, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz.

28. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan mənzilin naturada bölünməsi mümkün olmadığından, iddiaçı öz payının əvəzinə pul kompensasiyası almaqdan imtina etdiyindən və bu vəziyyətdə əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququ olmadığından iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri.

29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ayrı-ayrılıqda iki dəfə 100 manat olmaqla, cəmi 200 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edilərkən 100 manat məbləğində artıq dövlət rüsumu ödənilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.

31. Odur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

32. Lakin iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi, eləcə də ekspertiza xərci (50 manat) və mütəxəssis xidməti haqqı (200 manat) iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, 50 manat məbləğində ekspertiza xərci və 200 manat məbləğində mütəxəssis xidməti haqqı iddiaçıdan tutularaq aidiyyəti təşkilatların hesabına ödənilməlidir.

34. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair iddia təmin edilməsin. Artıq ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizası xərci olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinаdаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesab) ödənilsin. Qiymətləndirici mütəxəssis tərəfindən verilmiş rəy üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı İddiaçı tutulаrаq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, İcraçının hesablaşma hesabı: AZ45AİİB********************, "xxxx" ASC, 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ013501**********1944 nömrəli hesab) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver