Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1504/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 250 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə qeyri rəsmi ailə qurmuş, birgə yaşayışlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuşdur. 2019-cu ilin noyabr ayına qədər bir yerdə yaşamışlar. Ailə münasibətləri ilk əvvəllər yaxşı olsa da, hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. O, hazırda işləmir və bu səbəbdən uşağına yaxşı baxa və sonuncunun normal yaşam tərzini təmin edə bilmir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: -AZ-İ №703684, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İ №291403, xx.xx.2016-cı il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X1 atası Cavabdehdur. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə qeyri rəsmi ailə qurmuş, birgə yaşayışlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və onların birgə yaşayışlarından doğulmuş yetkinlik yaşına çatmayan Nuray adlı uşaq anası – İddiaçı yanındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə azyaşlı övladının saxlanılması üçün aliment tutulmalıdır. Aliment məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində azyaşlının saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması xahiş edilsə də, iddiaçı tərəfindən cavabdehin bu məbləği ödəmək üçün maddi gəlirinin olmasını təsdiq edəcək hallar sübut edilməmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Cavabdeh uşağı Nurayın saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə və qanuna müvafiq olması qənaətinə gəlir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın istinad edilən maddələrini və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1504/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1504/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver