Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2186/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli 2(010)-6208/2018 saylı qətnaməsi ilə 07 aprel 2006-cı il təvəllüdlü X5 və 19 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirməsi və hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, iş üzrə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuş və birgə nikahlarından 07 aprel 2006-cı il təvəllüdlü X5 və 19 may 2007-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşmiş, nəticədə cavabdehlə arasında olan nikah 2012-ci ildə pozulmuş, lakin həmin zaman məhkəmə tərəfindən aliment müəyyən olunsa da, cavabdehdən aliment tələb etməmişdir. Sonradan məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(010)-4223/2015 saylı qətnaməsi ilə 07.04.2006-cı il təvəllüdlü X5 və 19.05.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Uşaqları böyüyür və böyüdüyündən təbii ki, onların qayğıları da artır. Onların qidalanması, geyimi, təhsili, istirahəti və s. pul tələb edir. Cavabdehin ödədiyi aliment isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən uşaqların qanunla qorunan diqqətəlayiq mənafeyini nəzərə alaraq alimentin məbləği artırılması zərurəti yaranmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, əvvəllər dənizdə işləmiş və maddi imkanı yaxşı olmuş, bu səbəbdən də alimenti vaxtında ödəmişdir. Hətta məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləği 308 manat olsa da, o, 500 manat da aliment ödəmişdir. Hazırda isə evlidir və 1 uşağı var, həmçinin işsiz olduğu üçün 200 manat aliment ödəməyə imkanı çatır. Həmin aliment məbləğini isə valideynlərinin köməkliyi ilə ödəyir. Bu yaxınlarda isə aliment borcu olduğu üçün iddiaçının xeyrinə 5000 manatlıq mebel götürmüş və hər ay 217 manat da onun aylıq ödənişini edir. İşsiz olduğu üçün aliment artırılacağı təqdirdə ödəməkdə çətinliyi yaranacaq, lakin buna baxmayaraq uşaqların saxlanması üçün həmin alimenti ödəməyə çalışacaq. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(010)-6208/2018 saylı qətnaməsi ilə Suraxanı Rayon məhkəməsinin 03.06.2015-ci il tarixli 2(010)-4223/2015 saylı icra vərəqəsi ilə Cavabdeh 07.04.2006-cı ildə anadan olmuş X3 və 19.05.2007-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 108 manat olmaqla 216 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh 07.04.2006-cı ildə anadan olmuş X3 və 19.05.2007-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa 154 (bir yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” 20.11.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, nəzərə alaraq, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 11 iyul 2012-ci il təvəllüdlü X7 və 13 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan iki uşaqlarının olması, həmin uşaqların ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bundan başqa, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6208/2018 nömrəli iş üzrə qəbul etdiyi 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 07.04.2006-cı il təvəllüdlü X3 və 19.05.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2186/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2186/2021
16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver